Şanlı Qələbəni bizə halal edin, ŞƏHİDLƏR!

10 Noyabr 2021 14:36 (UTC+04:00)

8 noyabr 2020-ci il. Təqvimin şanlı və şərəfli bir günü! Qarabağımızın 30 illik həsrətinə son qoyulduğu tarix! İllərlə Azərbaycan xalqının səbirsizliklə, intizarla gözlədiyi məqam! 27 sentyabrdan başlayaraq rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi - milli qürurumuzun təntənəsi! Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsi! Əsrarəngiz Qarabağ torpağının azadlığına qovuşduğu, Haqqın təntənəsinin zəfər çaldığı an! Qarabağın baş tacı, qiymətli sərvəti sayılan Xarı Bülbül ətirli Şuşamızın əsarətdən qurtuluşu ilə tarixi qələbəmizin möhrünün vurulduğu möhtəşəm gün!

Qələbəmizin müzəffər müjdəçiləri sayılan qəhrəman Vətən oğullarının hər biri 44 günlük tarixi haqq savaşımızda odlardan-alovlardan keçərək dünya hərb tarixində misilsiz şücaətləriylə şanlı salnamə yazdılar. Zəfər salnaməsi! Qeyrət, hünər dastanı! Sinəsini yağı, düşmən önündə sipər edərək nələrə qatlaşmadı İgid Vətən oğulları! Əsir yurd yerlərimizi başdan-başa ağuşuna almış ən ağır, sərt istehkamları yararaq, uca zirvələri fəth etdilər.Qanı axa-axa yaralı vəziyyətdə belə düşmənə müqavimət göstərməkdən əsla çəkinmədilər, dönmədilər. Bu qəhrəmanlığı, dönməzliyi Yer üzündə yalnız Azərbaycan əsgəri göstərə bilərdi. Yenilmiş, xain düşmən də dağ vüqarlı Azərbaycan əsgərini qarşısında şax, məğrur qamətlə görcək bundan heyrətlənərək diz çökməli, geri çəkilməli oldu. Ordumuzun zəhmi, qollarındakı polad qüvvəti düşmənin belini beləcə qırdı. “İrəli, irəli, yalnız irəli!” şüarıyla hünəri, rəşadəti dastana dönən Qəhrəman oğullar hər kənd, şəhərimizi öz qanı, canı bahasına Vətənə qaytardılar. Murovdağ yüksəkliklərinin, Suqovuşanın, Ağoğlanın, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının addım-addım zəfəri Şuşaya doğru uğurlu bir cığır açdı. Göz-bəbəyimiz Şuşaya dişiylə-dırnağıyla hakim oldu müzəffər igidlərimiz.

Həqiqətən də, Şuşa əməliyyatı dünya hərb tarixində misli görülməmiş bir ilkə imza atdı. Topsuz, topxanasız azad edildi Şuşamız. Ən soyuq, ən kəskin, ən iti silahlar gücünə. Bir də aslan igidlərimizin hədsiz dərəcədə ayıq-sayıqlığı, pəhləvan şücaətini andıran vücudundakı qüvvətin hesabına. Sıldırım qayalardan iplə qalxaraq Şuşaya olduqca ağır və həlledici döyüş əməliyyatına gülə-gülə, kəlmeyi-şəhadətini belə söyləyərək yollanan cəsur igidlərimizin göstərdiyi hünər və şücaətini heç zaman unutmayacağıq. 1992-ci ilin 8 mayında işğala məruz qalmış Şuşa 2020-ci ilin 8 noyabrında azadlığına qovuşdu. Görünür, 8 rəqəmi Şuşanın taleyinə yazılmış həlledici, mühüm bir rəqəm idi. Nə biləydik ki, 8 rəqəmi Şuşanın işğal tarixinə nəhz və uğursuz bir rəqəm kimi yazılsa da, gün gələcək həmin rəqəm zəfərin nidasına, təntənəsinə çevriləcək. İndi Pənahəli xandan miras qalan əzəmətli Şuşa qalasında bayrağımız qürurla dalğalanmaqdadır. Şükür sənə, İlahi! Ölmədik, bu günləri də gördük, yaşadıq!

Polad ürəkli qəhrəmanlar yetişdirən, Vətənim! Bu gün zatən, sənin dayağın da poladdandır. Çünki keşiyində, başın üstdə Polad ürəkli qəhrəmanların ruhları dolaşan və onların getdiyi yollarla şərafətlə, hünərlə addımlayan mərd, layiqli oğullar dayanıb. Ali və uca zirvədə qərar tutan vicdanlı general Polad Həşimov

kimi qeyrətli, namuslu, Şəhid qəhrəmanlarımızın qanları yerdə qalmadı. Bax, bu idi igid Azərbaycan əsgərinin şərəfli məramı, ləyaqətli missiyası. Vətəni yad əllərdən xilas etmək, Şəhidlərimizin nahaqdan axan qanlarını yerdə qoymamaq.

Qürurumuzun coşduğu, ruhumuzun nicat tapdığı an... 10 noyabr gecə saat 01.00-da Qarabağda hərbi əməliyyatlar dayandırıldı. Qarabağ münaqişəsi Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Düşmən məğlub oldu. “Dəmir yumruq” əməliyyatı Azərbaycan Ordusunun zəfəriylə nəticələndi. Beləliklə, Azərbaycanın “Dəmir yumruğu” Ermənistanı diz çökdürdü.

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava

- deyərək ürəyimizdən həsrətlə zəfər soraqlı misraların keçdiyi anlar da olmuşdu 44 gün ərzində. O gün bu gün imiş. Qarabağımızın 30 illik ayrılıq həsrətinin sona yetdiyi gün.

Qarabağ, azadlığın mübarək! Anamız Azərbaycan, gözün aydın olsun, nəhayət ki, Cəbrayıl, Suqovuşan, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Kəlbəcər, Laçın adlı doğma balalarına qovuşdun, bütövləşdin. Bütövlüyün mübarək, Qarabağ! Möhkəmcə bağrına bas əziz balalarını, Vətən!

Ağdamın ağ damları yenidən qurulacaq... Füzuli gözəlliklər diyarına çevriləcək... Zəngilan torpağı əzəmətli çinarlarına yenidən qovuşacaq... Cəbrayılın-Xan Arazın qoynunda məğrur dayağa dönmüş qocaman Xudafərin körpüsü qəribsəməyəcək daha... Şuşa, Laçın, Kəlbəcər füsunkar, səfalı, əsrarəngiz təbiətinə təkrar qayıdacaq!.. Düşmən pəncəsində viran qalmış tarixi abidələrimiz, məscidlərimiz yenidən tikiləcək və hər səhər, hər axşam azan səsiylə dinəcəkdir!..

İndi başını dik tut, Vətən! İndi başını dik tut, Qarabağ! Çünki sən daha azadsan! Daha qanın axmayacaq. Biz səni gülşənə çevirəcəyik. Yenidən Ana qoynuna girəcəyik. Qoynunda şad xürrəm yaşayacağıq. Uğrunda canından keçib, gənclik arzularını qurban verən qəhrəman Şəhidlərimizin o müqəddəs, pak ruhları şad olsun deyə. Biz sizi heç zaman unutmayacağıq, Şəhidlər! Əgər unutsaq, üzdəniraq, bizə əmanət etdiyiniz o müqəddəs torpaqlar üstündə azadə gəzib dolaşmaq haqqı haramımız olar bizlərə. Torpağı rahat, yeri cənnətməkan Şəhidlərimiz!

Şəhidsiz Vətən olmaz. Şəhid Vətən əmanətidir. Hər Şəhid bir uca zirvənin əbədi sakinidir. Hər Şəhidin öz dəst-xətti, öz imzası, öz yeri var ürəklərdə. Beləliklə, Qarabağımızın Haqq savaşında kimlər Şəhidlik şərbətini dadmadı ki? Kimlər keçmədi üçrəngli bayraq altından?

Gəlin, Qarabağ Fatehlərinin misilsiz şücaəti ilə yaxından tanış olaq:

Vətən Müharibəsində cəmi 1 gün iştirak etməsinə baxmayaraq, əlbəyaxa döyüşdə erməni generalını və polkovniklərini əlləri ilə boğub öldürərək Polad Həşimovun qisasını alan 19 yaşlı qəhrəman əsgər Dövlətzadə Cəbrayıl qardaşımız! Vətən dağlarında oxuduğu nəğməsiylə dastana dönən, Zəngilanın Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, sonadək düşmənə müqavimət göstərən cəsur gizir Yusifzadə Xudayar qardaşımız!

Döyüşlərdə düşmənin 30-dan çox canlı qüvvəsini məhv edərək, azad edilmiş 26 ərazimizə bayraq sancan-Xudafərin qəhrəmanı, bayraqdar igid Yusifli Azər qardaşımız! Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Cəbrayıl fatehi, “Canavar” ləqəbli Quliyev Rəşad qardaşımız! Düşmənin 200 əsgərini və 5 döyüş texnikasını məhv edərək şücaəti ilə əsl qəhrəmanlıq nümunəsi göstərən leytenant Əkbərov Orxan qardaşımız!

Suqovuşanda Şəhidlik zirvəsinə ucalmamışdan bir neçə saat öncə Azərbaycanın Dövlət Himnini böyük vətənpərvərlik coşqusuyla ifa edən əsgərimiz Mehbalıyev Elşən qardaşımız! İlahi haqq dünyasına Şəhadətiylə yüksələn Əlizadə Yüksəl qardaşımız! Üç rəngli bayrağımızı Füzulidə azad edilmiş yüksəkliyə sancarkən düşmən gülləsinə tuş gələn leytenant Xəlilov Coşqun qardaşımız!

“Atama deyin ki, oğlun kişi kimi Şəhid oldu” deyərək evlərinə Şəhidlik ismarıcı yollayan Şirinov Orxan qardaşımız! Körpə qızına “Gözəl qızım, sən həyatını Vətənimizin azad və müstəqil olması, ərazi bütövlüyümüzün qorunmasına özünü həsr etmiş bir Azərbaycan Zabitinin qızısan, hər zaman başını dik tut!” – deyə vəsiyyət məktubu yazan İbadov Aqşin qardaşımız! İki oğlu ilə bərabər döyüşlərə qatılaraq “Qarabağı itirib sinəmə necə medal taxım? Mənə reklam yox, torpaq lazımdır!” -deyərək övladının qucağında Şəhadətə qovuşan Ağdam sakini Abbasov Müşfiq qardaşımız!

Döyüşə birgə yollanıb, eyni gündə də birgə Şəhid olan əkiz qardaşlarımız Nazir və Tacir Allahverdiyevlər! “Ermənilərin şah damarını ağzımla, dişimlə canavar kimi üzəcəyəm” - deyə-deyə döyüşə qoşulub son nəfəsində “Vətən sağ olsun!” nidasıyla gözlərini əbədi yumaraq Hadrutda şəhadətə yüksələn İbadov Cavad qardaşımız! Süngü, bıçaqla erməni əsgərlərinin qəsdinə duran, yaralı şəkildə son damla qanınadək döyüşən mərd, qorxu bilməz Feyzullayev Beyrək qardaşımız! İgidliyinə görə müharibədə hamının “İkinci Mübariz” adlandırdığı Aslanov Xəyal qardaşımız! Ağır və şiddətli döyüş məqamında al-qan içində yaralı daşıyan “Rembo” ləqəbli, məğrur duruşlu Qasımlı Muxtar qardaşımız!

“Torpaqlarımız qayıtmasa yaşamağa haqqımız yoxdur” - deyən polkovnik-leytenant Təhməzov Elzamin qardaşımız! General Polad Həşimovun öz saatını hədiyyə etdiyi, döyüşlərdə “ən yaxşı snayperçi” kimi ad qazanan Hüseynov Cavid qardaşımız! Düşmənə əsir düşməmək üçün son gülləsini özünə vuran Rüstəmov Zamin qardaşımız!

Ana Vətəni Kəlbəcərdə ilk toy etmək arzusuyla bəyliyə deyil Laçın dağlarında Şəhadətə layiq görülən Şəfiyev Daşqın qardaşımız! Yaralı halda son damla qanınadək əlbəyaxa vuruşarkən kaskasıyla düşməni döyərək qətlə yetirən Cəfərli Orxan qardaşımız! Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı gizirimiz, “Pələng” ləqəbli Mütəllimov Qəzənfər qardaşımız! 100-dən çox erməni əsgərini məhv edən, “Canavar” ləqəbli Xüsusi Təyinatlı Məmmədov İbrahim qardaşımız! Güləş, qaydasız döyüş, boks üzrə idman sahəsində bir çox nailiyyətlərə imza atıb medallar qazanan Abdullayev Sənan qardaşımız! Əslən Kəlbəcərdən olan, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Şəhadətini qazanan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Əliyev Anar qardaşımız!

Ailənin yeganə oğul övladı, üç bacının arxası-dayağı, Xocavənd döyüşlərində şəhadətə ucalan Vəliyev Elnur qardaşımız! “Artilleriyamızın Kobrası” adlandırılan, ermənilərin başına pul qoyduğu polkovnik-leytenant İbrahimov Xeyrulla qardaşımız! 60-a yaxın erməni zabitini məhv edərək “Şəhid olsam elə edin ki, məni Azərbaycan tanısın!”,- deyə Şəhadətə ucalan Sadiqli İbrahim qardaşımız! “Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma” söyləyərək Xocalıda Şəhadətə qovuşan Xankişiyev Fuad qardaşımız! Təkcə snayperiylə 50-dən çox erməni döyüşçüsünü məhv edən Əhmədov Cavanşir qardaşımız!

Doğulduğu Zəngilan torpağını azad etmək arzusuyla döyüşlərə qatılaraq erməniləri diz çökdürən Rzazadə Həsən qardaşımız! Yüzlərlə qeyrətli igidimiz, müharibə qəhrəmanımız var. Bilmirəm ki, onların hansının qəhrəmanlığından, dönməzliyindən, mərdliyindən, şücaətindən qürur hissiylə söz açım?

Bu gün biz qalib xalqın qalib nümayəndələri kimi Qarabağımızın Haqq savaşı üzərində çaldığımız zəfər təntənəsini başı uca, sonsuz qürur hissi ilə qeyd edirik. Öz qanları, canları bahasına əsir torpaqlarımıza azadlıq bəxş etməklə, yeni nəfəs gətirən Şəhid ər oğullarımızın əziz xatirəsinə borclu olduğumuz halda...

Müzəffər ordumuzun qollarındakı qüvvət möhkəm və davamlı olsun!

Tanrı bu Haqq savaşımızda başımızı uca edən Qəhrəman Qazilərimizə yar və yardımçı olsun!

Zəfərin mübarək, Azərbaycan!

Qazanılan şanlı qələbəni bizə halal edin, Şəhidlər!

Sevinc ƏDALƏTQIZI,

tədqiqatçı, publisist