Koronavirusa görə məktəblər bağlanır? -DİQQƏT! - TƏHSİL EKSPERTİ AÇIQLADI

10 Noyabr 2021 13:03 (UTC+04:00)

"İlk növbədə onu qeyd edim ki, hazırda yoluxma 2000 ətrafındadır. Bu keçən illə müqayisədə, təbii ki, böyük rəqəm hesab edilsə də, bu gün Azərbaycanda fəaliyyət göstərən 432 orta ümumtəhsil müəssisələrində müəllimlərin 94 faizə qədəri artıq vaksinasiya olunub. Eyni zamanda bu gün biz cəmiyyət olaraq pandemiya dövründə yaşayış qaydalarına sahibik. Bütün bunlar təhsilin tamamilə distant formaya keçəcəyi ehtimalını aşağı salır". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, qeyd edib ki, düzdür, bugün müəllimlərlə şagirdlər arasında yoluxanlar var. Ən çox yoluxma 5, 9, 10, 11-ci siniflərdədir. Ümumi şagirdlər arasında yoluxma rəqəmlərinə baxdıqda görürük ki, indiyə kimi 5000-ə yaxın şagird yoluxubsa, onun 2400-ə qədəri 5 və 9-cu sinif şagirdlərini, 1700-ə qədər yoluxma isə 10 və 11-ci sinif şagirdlərini əhatə edir. Burada xüsusilə qeyd etmək lazımdır ki, yalnız 480 ətrafında uşaq ibtidai siniflərdə koronavirusa yoluxub.

Kamran bu barədə fikirlərini belə izah edib: "Digər tərəfdən isə bir məqam xüsusilə qeyd edilməlidir ki, bugün məktəblərin bağlanması, ümumiyyətlə, mübarizə üsulu ola bilməz. Çünki heç də bütün şagirdlərin kompyuteri, planşeti, telefonu yoxdur. Bütün fənlərin onlayn (online) şəkildə keyfiyyətli keçirilməsi təmin edilə bilmir. Əlbəttə, yoluxma halları məktəblərdə var. Amma proses məktəbə qədər baş verir. Bugün bizim təhsil sistemində 2 milyona yaxın işçi çalışır. Təbii ki, məktəblərin bağlanması iki milyon insanın yoxlanma prosesindən kənarda qalmasına gətirib çıxara bilər. Düşünürəm ki, biz birmənalı olaraq məktəbləri bağlamaqla virusla mübarizə apara bilmərik. Əksinə, bu bizə çox ciddi əks effekt verə bilər. Bugün bizim şagirdlərimiz məsafədən təhsildə yüksək keyfiyyət əldə edə bilmir. Digər tərəfdən hazırda yoluxmalar o qədər də təhlükəli həddə deyil. Hesab edirəm ki, hazırda epidemoloji vəziyyət, yoluxma sayı dinstant təhsilə keçməyi məcbur etmir. Əksinə biz ancaq yoluxma olan məktəblərdə distant təhsilə keçməklə ən effektiv üsulu seçə bilərik. Hazırda məktəblərin bağlanması bizə ciddi problem yaradacaq. Bu problem həm iqtisadi, həm də gənclərin bilik və bacarıqlara keyfiyyətli yiyələnməsi baxımdan olacaq. Məktəblərin bağlanması düzgün addım olmaz".