"Revanşist qüvvələr bir an öncə inadkarlıqdan əl çəkməlidirlər" - ŞƏRH EDİLDİ

10 Noyabr 2021 11:58 (UTC+04:00)

"Zəngəzur dəhlizi Azərbaycanın böyük ərazisi ilə digər ərazisi Naxçıvanı birləşdirmək baxımından bizim üçün önəmlidir. Digər tərəfdən də türk dünyası arasında quru yolunun bərpası baxımından vacibdir. Yəni, Zəngəzur dəhlizi açılacağı təqdirdə, bu mütləq baş verəcək. Türkiyədən başlayıb Azərbaycanın üzərindən keçməklə türk dünyasına açılmaq üçün böyük bir yol fəaliyyətə başlaya biləcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, indi Bakı-Tbilisi-Qars dəmiryolu fəaliyyət göstərir və onun üzərindən də kommunikasiya artıq təşkil edilib: "Yüklər daşınır. Lakin bizə sadəcə dəmiryolu yetərli deyil. Biz, Zəngəzur dəhlizindən həm dəmiryolu, həm də quru yolu ilə hərəkət üçün istifadə edəcəyik və 2020-ci il noyabr ayının 10-da imzalanmış Üçtərəfli bəyanatda bu dəhlizin açılması şərtləri nəzərdə tutulub. Yəni, Ermənistanda bəzi qüvvələrin bunun baş verəcəyi təqdirdə qarşısının alınacağı ilə bağlı səsləndirdiyi bəyanatlar əsassızdır, boşdur. Çünki, Ermənistan dövləti faktiki olaraq bu dəhlizin açılması üçün öz üzərinə öhdəlik götürüb".

Azər Həsrət sözlərinə belə davam edib: "Digər tərəfdən də Ermənistanın dəmiryolları ümumilikdə Rusiyanın birbaşa nəzarəti altındadır və təbiidir ki, o dəmir yolunun orada tikilməsi, istifadəyə verilməsi Rusiya tərəfindən təmin ediləcək".

"Üçüncü bir tərəfdən isə ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsində bu kommunikasiyanın açılması məsuliyyəti və onun gələcəkdə fəaliyyətinin təmin edilməsi Rusiyanın üzərinə qoyulur. Yəni, faktiki olaraq Ermənistan özünün suveren hüquqlarından istifadə edə bilməyəcək. Çünki, bu hüquqlardan Rusiyanın xeyrinə imtina edib. Yəni, Zəngəzur dəhlizi bu şərtlər altında açılacaq və əlbəttə ki, qeyd etdiyim kimi Azərbaycanın böyük ərazisinin Naxçıvan Muxtar Respublikası ilə quru və dəmiryolu ilə əlaqələndirilməsi eyni zamanda da Türkiyədən başlayaraq Orta Asiyanın içərilərinə doğru Azərbaycan üzərindən keçən bir yolun fəaliyyətə başlaması kimi bunu qiymətləndirə bilərik. Yəni, Zəngəzur dəhlizi faktiki olaraq bizim bölgəmizə, bütövlükdə Azərbaycana elə Ermənistanın özünə də çox ciddi fayda gətirəcək bir yoldur. Ona görə də Ermənistan hakimiyyəti eyni zamanda hakimiyyətə qarşı olan revanşist qüvvələr bir an öncə inadkarlıqdan əl çəkməlidirlər mümkün qədər tez bu dəhlizin açılıb istifadəyə verilməsi üçün şərtləri həyata keçirməlidirlər".

Ayşən Vəli