Sülhməramlıların məramları, yoxsa məramsızlıqları? KÖŞƏ YAZISI

10 Noyabr 2021 11:19 (UTC+04:00)

Yenidən mövzunu Rusiya sülhməramlıları kontingentinin (RSK) Qarabağdakı ərazilərimizdəki fəaliyyətlərinə gətirmək istərdim. Çünki onların, əslində, əvvəlki günlərdən başlayan arzuolunmaz fəaliyyətləri ölkəmizdəki ictimai rəyi qıcıqlandırmağa, haqlı iradlar bildirməyə, hətta hiddətləndirməyə başlatmışdı. Bu gün bir çox siyasi dairələrdə RSK-nin Azərbaycandakı fəaliyyətlərinin “regionda sülhün bərqərar olması və möhkəmləndirilməsində apardıqları uğurlu fəaliyyətləri” barədə danışanlar ola bilər və bu danışılanların əksəriyyətinin, əslində, həqiqəti əks etdirməməsi də bir çox əsaslı faktlara söykənir. Görünür, qeyri-həqiqətlərdən vəcdə gələn RSK-nın ayağı bu xüsusda daha çox yer almağa başlayır. Nə isə, keçək mətləbə.

Sülhməramlıların məramlarının nəyə hesablanması barəsində uzun uzadı misallar gətirmək olar və həmin misalların hər biri həqiqətdə onların sülh məramsızlıqlarını ortaya çıxarır. Misal üçün, RSK-nın missiyasının nədən ibarət olmasını unutmaları qalsın bir yana, onlar daha bir faktı da unutmamalıdırlar ki, fəaliyyətləri Azərbaycanın ərazisində qeydə alınır və onlar Azərbaycanın yük maşınlarına məhz öz ərazisində - Qarabağda hərəkət etmələrinə qadağalar qoymağa başladılar, işğaldan azad olunmuş ərazilərimizə daşınan tikinti-inşaat və s. materiallarını bizim maşınlarımızdan öz yük maşınlarına yüklənməsi qərarını da onlar veriblər. Yüklərin Azərbaycana məxsus olduğunu təsdiq etmək üçün həmin maşınlardan Azərbaycanın bayrağını almaq belə olmazmış (?!). Keçək digər fakta.

Rusiyanın Müdafiə Nazirliyi RSK-nın gündəlik informativ bülletenlərində separatçıların ərazilərimizə qoyduqları toponim adlarını işlədirlər - Xankəndiyə “stepanakert”, Ağdərəyə “mardakert”, Xocavəndə “martuni”, Xocalıya “ivanyan” deyə istinad edirlər, yəni separatçıların əl-qol açmalarına maksimum şəraitlər yaradırlar. Və!

Və bu günlərdə Rusiya MN-i bir az da irəliyə getməklə bəyan edir ki, RSK sən demə “Dağlıq Qarabağda” xidmət aparırlarmış (??!!). Beləliklə sual yaranır ki, Rusiyanın MN-də topoqrafik ruhi xəstəlik yaranmağa başlayıb, yoxsa bu onların növbəti təxribat cəhdləridir?!

Bütün bunlar məlum və təəssüf ki, arzuolunmaz nəticələridir ki, hazırda Xankəndidə və ətrafda qalan, çıxarılmayan erməni silahlı qüvvələri nəinki Azərbaycanın suveren ərazilərini tərk etmirlər, əksinə, daha da azğınlaşaraq onların sayını artırırlar, səfərbərlik keçirirlər. Erməni həbrçilərinin avtomobil kolonları Laçın dəhlizi vasitəsi ilə Azərbaycanın ərazilərinə daxil olurlar, RSK isə onları müdafiə edirlər. Üstəlik – erməni silahlı qüvvələri maneəsiz şəkildə müdafiə xəttində dayanırlar, müdafiə bəndləri qururlar və bu istiqamətdəki fəaliyyətlərini rahatlıqla həyata keçirirlər.

Bu gün Rusiyanın rəsmi şəxsləri maneəsiz şəkildə Qarabağa, yəni Azərbaycanın ərazisinə Azərbaycandan deyil, Ermənistan ərazisindən daxil olurlar! Bu da azmış kimi, Azərbaycanın əraziisində həyata keçirilən “sülhməramlılıq missiyasının” müzakirələri Azərbaycanla deyil, Ermənistanla aparılır!!!

Və bu gün Ermənistanın rəsmi şəxsləri rahat və maneəsiz qaydada Azərbaycanın ərazilərinə səfərlər edirlər. Məsələn, Ermənistanın müdafiə nazirinin və keçmiş prezidentlərinin, xüsusilə Xocalı soyqırımını törətmiş birinin Qarabağa gəlmələri artıq bütün (!!!) sədləri, hədləri, sərhədləri aşır!

Bu gün RSK yalnız Qarabağdakı qanunsuz erməni silahlılarına yalnız hərbi təlimlər keçmirlər və həmin təlimlərin adını “düşməndən müdafiə” kimi xarakterizə edirlər. Sual yaranır: hansı düşməndən?! Üstəlik, özləri də zirehli hərbi texnikaları, aviasiyası, qumbaraatanları və minaatanları ilə hərbi təlimlər keçirirlər – sülhməramlılar kimə qarşı müdafiə olunmağı planlaşdırırlar?

Terrorçu, faşist, qaniçən cəllad Njdenin heykəli hələ də Azərbaycanın ərazisində qalır və RSK-nın hansısa məramsızları vaxitlə onların da babalarına qarşı silah çevirmiş bir hitlerçi faşistin abidəsi qarşısından rahatlıq keçib-gedirlər...

Bu kimi son bir ilə aid siyahını isə sonsuzluğa qədər uzatmaq olar. Ancaq bütün bunların bir amalı, bir məntiqi nəticəsi var – Azərbaycan qalib ölkə kimi bu qanunsuzluqlara son qoymalıdır. Və əgər bir sıra siyasi politoloqlar düşünürlərsə ki, Rusiya regional gücdür və ona qarşı ehtiyatlı davranmaq lazımdır, münasibətləri korlamamaq üçün bəzi məsələləri zamanın ixtiyarına buraxmaq gərəkdir və s – bütün bunlar sadəcə və sadəcə “bla”, “bla”, “blalardır”, başqa heç nə!

Rusiya axmaq deyil və yaxşı bilir ki, Azərbaycan yenidən üzünün sərt tərəfini göstərsə, yaxud Azərbaycanı itirsə öz ətrafındakı düyününü daralda bilər. Bəli, hazırda Azərbaycan sadəcə bəyanatlarla kifayətlənir və daha çox “susmaq qızıldır” prinsipini icra etməklə xal toplayır, ümid edək ki, toplanan xallar Xankəndimizin azad olunmasına xərclənəcək.