Nə baş verir...? ANALİTİK+AKTUAL

10 Noyabr 2021 09:40 (UTC+04:00)

Növbəti üçtərəfli görüşün keçirilməsi vaxtı dala atılır, erməni təxribatları isə səngimir

Ermənistanda nə öz yolunda getmədi və ən əsası, Azərbaycan hansı cavab tədbirlərini görəcək? Belə ki, son günlərə qədər Ermənistanda nəqliyyat və kommunikasiya yollarının blokadadan çıxarılması istiqamətində ictimai rəyin hazırlanması prosesi gedirdi. Hətta Paşinyan MDB-nin sammitində dəmir və avtomobil yollarının marşrutları barədə də fikir səsləndirmiş, Azərbaycan tərəfi isə 5 erməni diversantını Ermənistana təhvil vermişdi. Məhz bunun ardınca Kreml yaxın vaxtlarda yüksək səviyyəli üçtərəfli görüşün keçiriləcəyi anonsunu bəyan etmişdi. Peskov görüşün videoformat şəklində keçiriləcəyi eyhamını vurmuş, erməni KİV-lərində də sözügedən məsələlər ətrafında diskussiyalara start verilmişdi ki, bu da prosesin müsbət məcraya doğru inkişaf edəcəyi siqnallarını verməkdə idi. Və birdən hər şeyin üzərindən çarpaz xətlər çəkildi.

Daha doğuru, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də öz sözünün üzərində dayanmayaraq siyasi fahişəlik vasitəsi ilə dəhliz məsələsini uzatmağa cəhdlər göstərməyə başladı – müxtəlif təxribatçı planlarını realizə ertməklə. Məsələn, imzalanacaq sənədlərin mümkün ehtimalları ictimai rəyə sızdırıldı, qərbyönümlü və rusiyayönümlü müxalifət qrupları küçələrə axışdı və etirazlara start verildi, Paşinyan isə “daxili proseslərdən narahat olduğunu” bəhanə edərək gözlənilən imzalanmanın əyləcinə basmağa başladı.

Belə olan vəziyyətdə Azərbaycan hansı tədbirlərini görə bilər?

Nə baş verir? Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ötən həftə keçirdiyi uğursuz mitinqindən sonra Ermənistan hökuməti və şəxsən Paşinyan ölkənin müdafiə nazirini Azərbaycanın ərazisinə - Qarabağa, Xankəndiyə göndərir və yaxşı bilir ki, bu “ziyarət” Bakını qəzəbləndirəcək.

Daha bir ehtimal budur ki, Kreml Paşinyanın mövqeyini möhkəmləndirmək üçün ona müəyyən imkanlar, şəraitlər yaradır və bunun da səbəbləri var: son vaxtlar ölkənin qərbyönümlü siyasi dairələri anti-Putin ritorikaları ilə küçələrə çıxırlar və çox yəqin ki, bu, Paşinyanın Kremlə qarşı oynadığı köhnə oyunbazlıqlarındandır. O, belə sanır ki, qərbyönümlüləri küçələrə tökərsə, Rusiya onun üçün müəyyən güzəştlərə gedəcək, əks halda, hətta hakimiyyəti təhvil versə belə, onu başqa qərbyönümlülər əvəzləyəcək və beləliklə də proseslər eyni məcrada davam edir, əslində isə, növbəti üçtərəfli görüşün keçirilməsi vaxtı dala atılır.

Beləliklə, yazının əvvəlindəki sual səslənir: Belə olan vəziyyətdə Azərbaycan hansı tədbirlərini görə bilər? Çünki Bakı heç cür və heç vaxt Paşinyanın kaprizlərinə, onun öz hakimiyyətini saxlaması üçün çıxardığı oyunbazlıqlarına dözmək fikrində deyil və dözməyəcək də.

Ötən müddət ərzində bir sıra mexanizmlərin həyata keçirilməsi üçün şəraitlər də yaranıb. Hansılardır bu mexanizmlər?

- Qarabağdakı separatçı rejimə gedən suyun və enerji mənbələrinin qarşısının alınması.

- Sərhəddə baş verən erməni təxribatlarına (məsələn, ötən gün Kəlbəcərdəki mühəndis texnikalarımızın atəşə tutulması-R.R.) daha sərt cavabların verilməsi.

⁃ ATƏT-in Minsk qrupunun hətta “humanitar” adı altında (əslində, Ermənistana yarınmaq məqsədi ilə) prosesə burunlarını dürtmələri kontekstindəki fəaliyyətlərinin qarşısının alınması.

- Yeni Laçın avtomobil yolunun tikintisinin sürətləndirilməsi, eləcə də qaz, elektrik, internet kabelləri və s. müvafiq tələblərinin yeni istiqamətə doğru dəyişdirilməsi, nəticədə, köhnə istiqamətlərdə olan infrastruktur, rabitə və s - hər birinin kəsilməsi.

⁃ Azərbaycan Ordusunun Qarabağda hərbi təlimlərini davam etdirməsi və “biz buradayıq” mesajını verməsi.

- Son vaxtlar Rusiya sülhməramlıları kontingentinin (RSK) buraxdığı boşluqları (qəsdən və ya etinasız şəkildə) nəzərə alınmaqla Qarabağda qalan erməni silahlılarının çıxarılması yönündə tələblərin sərtləşdirilməsi və prosesin sürətlə aparılması üçün daha çevik addımların atılması. Xüsusilə, Ermənistanın müdafiə nazirinin Qarabağa etdiyi qanunsuz səfəri kontekstində.

Ermənistanın təxribatlarına baxmayaraq, prosesin strateji inisiativi Azərbaycan tərəfindədir

Yeri gəlmişkən, RSK barədə ayrıca mövzu ilə məsələlərə toxunmaq olar. Çünki ərazilərimizdə müvəqqəti yerləşdirilmiş RSK dəfələrlə öz informasiya bülletenlərində “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” fikrini səsləndirib, o cümlədən, “Dağlıq Qarabağ” terminini, habelə Azərbaycan toponimlərini Xankəndi başda olmaqla öz bildiyi tərzdə işlədir, misal üçün “stepanakert” (?!)

Bu fakt isə onların gələcəkdə mandatlarının uzadılmasının bir daha mümkünsüz olduğunu sübut edir. Əslində, Azərbaycan RSK-ya heç bir rəsmi mandat verməyib. Bu baxımdan, Ermənistanın təxribatlarına baxmayaraq, prosesin strateji inisiativi Azərbaycan tərəfindədir. Ən əsası isə, ötən il imzalanmış və Ermənistanın kapitulyasiyası ilə nəticələnmiş üçtərəfli bəyanatın bəndləri həm Ermənistan, həm də təəssüf ki, Rusiya tərəfindən icra olunmamaqdadır. Əgər bəyanatın tələbləri həyata keçirilmirsə, bu zaman Qarabağda eskalasiyanın baş qaldırmayacağına kimsə zəmanət verə bilməz!

Bir daha qayıdaq ermənilərin Kəlbəcərdə Azərbaycana məxsus mühəndis texnikalarını atəşə tutmalarına, halbuki, bu təxribatdan öncəki Şuşa yaxınlığındakı diversiya cəhdinin qarşısının alınması da sözügedən qəbildəndir:

1. Ermənilər Şuşa yaxınlığında alçaqcasına təxribat törətmək məqsədi ilə “su təmirçilərini” həmin istiqamətə yönləndirirlər. Bu təxribat isə Dövlət Başçımızın, eləcə də Türkiyənin müdafiə nazirinin, habelə xarici qonaqların Şuşaya səfərləri zamanı baş verir. Daha dəqiq desək, “su təmirçilərini” Şuşa yaxınlığına göndərənlər yaxşı bilirdilər ki, onların həmin planları hansı hadisə ilə nəticələnəcək. Görünür, plan da buna hesablanmışdı, necə ki, bir müddət əvvəl Ağdərə istiqamətindəki “traktorçunun”, əslində isə, terrorçunun məhv edilməsində olduğu kimi.

2. Ermənistanın müdafiə naziri Xankəndiyə səfər edərək həyasız şəkildə Bakıya kirli məqsədini nümayiş etdirdi.

3. Ermənistanın eks-prezidentləri Serj Sarqsyan və Robert Koçaryan birincinin anasının ölməsi və onun dəfn edilməsi bəhanəsi ilə Xankəndiyə gəldilər.

Bu əməllərinə görə qanla cavab verməli olacaqlar və Azərbaycanın qarşısını kimsə ala bilməz!

Bu fonda üçtərəfli görüşün keçirilməyəci barədə Peskov tərəfindən verilən bəyanat və daha əvvəlki sözlərindən geri çəkilməsi qarşıdakı planların realizə olunmayacağını bir daha və bu dəfə daha açıq şəkildə sərgiləməkdədir.

Sərhədlərin delimitasiyası və demarkasiyası planı işlənilməmiş qalır, danışıqlar geri atılır və necə deyərlər, Qarabağımızın işğalda olduğu 30 illik müddətdəki oyunlar yenidən oynanılmağa başlayır. Lakin indi həmin vaxtlar deyil və regionda yeni çağırışlar meydana gəlib, Bakı isə bütün yuxarıda sadalananlara dözmək, səbr etmək fikrində deyil.Həyazıslıq isə cavabsız qalanda daha böyük həyasızlıqlara yol açır. Yəni istər Ermənistan, istərsə də hələ də Qarabağda əl-qollarını sallayaraq rahatlıqla gəzən, ara-sıra təxribatalar törədən separatçılar bilməlidirlər ki, bu əməllərinə görə qanla cavab verməli olacaqlar və Azərbaycanın qarşısını kimsə ala bilməz!

Rövşən RƏSULOV