Fərid Ağayev Avropa çempionatının qalibi olub

10 Noyabr 2021 01:16 (UTC+04:00)

Azərbaycanın 18-21 yaşlı gənclərdən ibarət milli komandasının üzvü Fərid Ağayev (75 kq) Almaniyanın Halle şəhərində keçirilən vado-kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən mübarizəni yarımçıq dayandırmalı olub.

Karateçilərimiz bu mötəbər yarışda Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirovun rəhbərliyi ilə çıxış ediblər.