İkinci Qarabağ müharibəsində Zəfərin birinci ildönümü Moldovada da qeyd olunub - FOTOLAR

7 Noyabr 2021 17:08 (UTC+04:00)

Moldovadakı Azərbaycan icması 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizin birinci ildönümünü təntənə ilə qeyd edib. SİA xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndələri ölkəmizin Kişineudakı səfirliyi qarşısında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Türkiyənin Moldovadakı səfirliyi qarşısında Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri düzülüb.

Sonra bayram tədbiri Azərbaycanın Moldovadakı səfirliyində davam etdirilib. Tədbirdə qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, milli diaspor rəhbərləri, həmçinin MAK-ın və Azərbaycan icmasının fəxri üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MAK sədri Elçin Bayramov deyib: “Qələbə həlak onlara görə ən yaxşı qisas, sağ qalanlar üçün isə ən yaxşı mükafat oldu. Azərbaycan bu Qələbəni Vətən sevgisi uğrunda canından keçən hər bir şəhidin canı sayəsində qazanıb. Bu gün, müharibənin başa çatmasından bir il sonra deyə bilərik ki, bu Qələbə bizi, xalqımızı daha sıx birləşdirdi, Azərbaycanı daha da gücləndirdi”.

Azərbaycan Moldovadakı səfiri Qüdsi Osmanov qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqımız, xaricdə yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək həmrəylik nümayiş etdiriblər. Bu şərəfli günlərdə hərbçilərimizin mərdliyi, qətiyyəti, cəsarəti və şücaəti sayəsində Azərbaycan BMT-nin məlum qətnamələrini təkbaşına yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib.

Moldovanın yəhudi icmasının nümayəndəsi Roman Aronov Azərbaycanın bu ölkədə yaşayan bütün xalqların, o cümlədən yəhudilərin doğma evinə çevrildiyini vurğulayıb. O, yəhudi xalqının nümayəndələrinin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçdiyini xatırladıb.

Qaqauz icmasının sədri Nikolay Terzi çıxışında qeyd edib ki, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı şanlı Zəfər tarixi yazıb. O, vurğulayıb ki, bir çox xalqlar Azərbaycan Prezidenti kimi Liderlərinin olmasını istərdi.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.