Bundan sonra Azərbaycanın şanlı bayrağı bu torpaqlarda əbədi dalğalanacaq - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

6 Noyabr 2021 14:40 (UTC+04:00)

"Düz bir il bundan əvvəl Azərbaycan haqq savaşı aparırdı. Hər gün qələbə xəbərləri eşidirdik, Ordumuzun, hərbçilərimizin qəhrəmanlığının şahidi olurduq. Artıq keçən ilin bu gününə kimi işğal altında olan torpaqlarımızın böyük bir hissəsi düşməndən geri alınmışdı. Hamımız o böyük günü – düşmənləri torpaqlarımızdan qovduğumuz günü – Zəfər Gününü həsrətlə gözləyirdik. Nəhayət, həmin gün gəldi – Şuşa şəhərinin 8 noyabrda iyirmi səkkiz illik əsarətdən qurtarıldığı gün müharibənin taleyində həlledici rol oynamaqla yanaşı, həm də düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyətinin etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Belə bir fikir var: Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin , Müzəffər Azərbaycan Ordusunun və rəşadətli əsgər və zabitlərimizin şücəati ilə Şuşamız mənfurlardan işğaldan azad olundu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Madər Musayev deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müharibənin ilk günlərində deyirdi ki, Ermənistanın baş naziri mənə işğal olunmuş ərazilərdən çıxmaq tarixlərini verəndən sonra biz dayanmağa hazırıq: "Elə də oldu. Ermənistan bizim şərtlərimizi qəbul etməyə məcbur edildi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Müharibədəki ağır məğlubiyyət Ermənistanın Baş naziri Nikol Paşinyanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan Bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq".

O, söyləyib ki, Azərbaycan bu müharibəni təkcə döyüş meydanında, hərb meydanında deyil, həm də siyasi müstəvidə də qazanıb: "İşğaldan azad olunan torpaqların həqiqətən də Azərbaycana məxsus olduğu dəfələrlə sübut olunub. Vətən torpaqları uğrunda canlarını, qanlarını əsirgəməyən əsgər və zabitlərimiz, hərbçilərimiz sübut etdilər ki, bu torpaqların həqiqi sahibi kimdir. Bütün dünya ictimaiyyəti çox yaxşı başa düşdü ki, torpağın sahibi onu qoyub qaçanlar, ermənilər deyil, bu torpaq uğrunda canından keçən azərbaycanlılardır. Bir sözlə, Müzəffər Ordumuzun hərbi vətənpərlik ruhu belə bir sıra məqamlara aydınlıq gətirdi, ermənilərin yalanlarını darmadağın etdi, “məğlumedilməzlik” sindromunu sındırdı və Azərbaycanın haqlı mövqeyi hər kəsə bəlli oldu. Bu özü də böyük bir anlam daşıyır və rəkzib edilməsi mümkün deyil".

Deputat vurğulayıb ki, düşmən üzərində qələbəmizi şərtləndirən bir neçə amillər var: "Onlardan ən vacibi isə Prezident-Xalq, Xalq-Ordu birliyidir. Məhz bu birliyə, həmrəyliyə güvənən ölkə başçımız belə bir şərəfli və çətin missiyanı həyata keçirdi. Müharibə günlərində Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Hətta deyərdim ki, bizim birliyimiz dünyaya bir nümunə oldu. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı. Təəssüf ki, müharibə itkilərsiz olmur. Haqq savaşımızda minlərlə şəhid verdik. Qəhrəman şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər. Azərbaycanın şanlı bayrağı isə işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!".

M.Musayev əlavə edib ki, Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan nankor qonşumuz Ermənistan isə özünün təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə düşüb, bütün regional layihələrdən təcrid olunub: "Hazırda bu ölkədə siyasi, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu perspektiv vəd etmir. Revanşist çıxışlarından əl çəkməyən erməni “başbilənlər”i günün reallıqlarını dərk etmir və postmüharibə mərhələsində Azərbaycanın regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən təşəbbüs və təkliflərini sanki görməzdən gəlirlər. Azərbaycan qalib tərəf olmasına baxmayaraq dəfərlər bəyan edib ki, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdı. Ancaq təəssüflər olsun ki, Ermənistandan bu çağırışa hələ də cavb gəlməyib. Yenə də seçim onlarındır. Onlar “boş başlarına” vursunlar ki, əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər. Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilib. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir. Prezident azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır, şəhər və qəsəbələri kənbəkənd gəzərək həm xalqımız, həm də dünya ictimaiyyətinə mühüm mesajları verir. Hesab edirəm ki, tezliklə Ermənistanın barbarlığı sayəsində ata-baba yurdlarından didərgin düşən vətəndaşlarımız doğma evlərinə qayıdacaqlar. Özü də əvvəlki evlərindən də gözəl evlərə. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq, təmir və bərpa işlərinin görülməsi bir daha dünyaya Azərbaycanın qurucu, sülhsevər, Ermənistanın isə vandal, barbar ölkə olduğunu göstərir".