Zəfər tarixi, Qələbə günü və yeni reallıqlar - TƏHLİL

5 Noyabr 2021 17:00 (UTC+04:00)

Sentyabrın 27-də başlayıb noyabrın 9-dək davam edən, yəni qısa zaman fasiləsində başa çatdırılan müharibədə ən az itgi ilə çox böyük nəticələr əldə edildi ki, bütün dünya bu faktı heyranlıqla qarşılayır. Cəmi 44 gün davam edən müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kəndin işğaldan azad edilməsi hər kəsdə təəccüb doğurdu və əlbəttə ki, Azərbaycanın, Azərbaycan Ordusunun əzmi, şücaəti, qəhrəmanlığı, onun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, təcrübəsi, uzaqgörənliyi və liderlik keyfiyyətləri xatirələrdən, yaddaşlardan silinən deyil.

Ermənistan tərəfinin növbəti təxribatlarına cavab olaraq başladılan bu müharibədə Azərbaycan xalqının, onun liderinin, ordusunun nəyə qadir olduğu, daha dəqiq desək qüdrəti hər kəsə əyan oldu. Bir zamanlar ordusu, hərbçisi barədə müxtəlif miflər yaradan Ermənistan tərəfinin cəmi 44 gün ərzində diz çökdürülməsi qəhrəmanlıq salnaməsi olaraq tarixə yazıldı. Azərbaycan öz haqlarını, öz hüquqlarını özü müdafiə etdi, tarixi ədaləti öz gücünə bərpa etdi, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqarını işğaldan azad etməklə, ərazi bütövlüyünü, sərhədlərini, nəhayət, suverenliyini qorumaq əzmində olduğunu bütün dünyaya sübut etdi. Əslində, təkcə düşmən tərəfi deyil, bütün dünya ictimaiyyəti də əyani şəkildə şahidi oldu ki, ölkəmizin ordu qüdrəti də, iqtisadi potensialı da kifayət qədər yüksəkdir və Azərbaycan öz suverenliyini özü qorumaq iqtidarında olan güclü dövlətdir.

Ermənistan tərəfinin, özü də bu vaxta qədər hədə ritorikası ilə danışan, şərtlərlə çıxış edən tərəfin çox qısa bir zaman fasiləsində kapitulyasiya sənədinə imza atması, yəni diz çökdürülməsi həqiqətən də bütün dünyada maraqla, təəccüblə qarşılandı. Dünyanın bir çox mətbuat səhifələrində Azərbaycanın uğurları, qələbələri barədə məlumatların sürətlə yayılması təsdiq edirdi ki, ölkəmizin qüdrəti, hərbi, iqtisadi gücü barədə düzgün qənaətə gələnlər az deyil. Ölkə başçısından, Ali Baş Komandandan dünyanın müxtəlif media nümayəndələrinin istər müharibə dövründə, istərsə də müharibə bitdikdən sonra müsahibə alması, buna çox böyük həvəslə səy göstərməsi təsdiq edir ki, qələbələrimiz, zəfərimiz diqqətdən yayınmayıb, əksinə, diqqət mərkəzindədir və qiymətləndirilir. Əbəs yerə deyil ki, indi dünyanın müxtəlif hərbi məktəblərində Azərbaycanın 44 gün ərzində tətbiq etdiyi döyüş taktikası, bir sözlə, hərbi təcrübələrimiz öyrənilir, tədris edilir. Hətta, dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın XXI əsrin müharibəsini apardığı, uğurla yekunlaşdırdığı da qəbul olunur ki, bu da bir etirafdır. Etiraf olunur ki, Azərbaycan XXI əsrdə ən modern silahlardan, ən üstün taktikadan, döyüş qabiliyyətindən istifadə edərək öz qələbəsini ən tez zamanda əldə edə bilib. Təbii ki, bu zaman itgilərin, insan tələfatının da az olması baxımından aparılan döyüş taktikasına, müharibənin qısa zaman fasiləsində yekunlaşdırılmasına, düşməni ən tez zamanda diz çökdürməsinə yüksək qiymət verilir.

Azərbaycan bu müharibəni təkcə döyüş meydanında, hərb meydanında deyil, həm də siyasi müstəvidə də qazandı. İşğaldan azad olunan torpaqların həqiqətən də Azərbaycana məxsus olduğu dəfələrlə sübut olundu. Vətən torpaqları uğrunda canlarını, qanlarını əsirgəməyən əsgər və zabitlərimiz, hərbçilərimiz sübut etdilər ki, bu torpaqların həqiqi sahibi kimdir. Bütün dünya ictimaiyyəti çox yaxşı başa düşdü ki, torpağın sahibi onu qoyub qaçanlar, ermənilər deyil, bu torpaq uğrunda canından keçən azərbaycanlılardır. Bir sözlə, müzəffər ordumuzun hərbi vətənpərlik ruhu belə bir sıra məqamlara aydınlıq gətirdi, ermənilərin yalanlarını darmadağın etdi və Azərbaycanın haqlı mövqeyi hər kəsə bəlli oldu. Bu özü də böyük bir anlam daşıyır və rəkzib edilməsi mümkün deyil.

Nəzərə almaq lazımdır ki, erməni təxribatları hələ Çar Rusiyası dövründə onların Azərbaycan torpaqlarına, eyni zamanda Qarabağ ərazilərinə köçürüldükləri dövrdən başlayıb və bu gün də davam edir. Hər zaman başqalarına məxsus olan torpaqları ələ keçirmək üçün çalışan ermənilər məskunlaşdıqları ilk gündən, Azərbaycan toponimlərini dəyişməklə, azərbaycanlıları sıxışdırıb ərazilərdən çıxarmaqla, bir sözlə, müxtəlif yollara əl atmaqla mənfur siyasət yürüdüblər, bunun üçün hər yola da əl atıblar. Azərbaycanlılara qarşı ermənilərin etnik dözümsüzlük nümayiş etdirdiyi də tarixi faktlarda öz əksini tapıb. Tarix boyu azərbaycanlıların qırğınlarına rəvac verən ermənilər bunu dəfələrlə sübut ediblər. Hazırda monoetnik Ermənistan bütün dünyanın gözü önündədir və bu ölkənin digərlərinə qarşı dözümsüzlüyünü sübut etməyə ehtiyac da yoxdur. Bütün bunların fonunda, üstəlik ərazi iddiaları irəli sürən ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu ərazilərin öz torpaqları olduğunu iddi etməkdən də çəkinmədilər və bu zamana qədərki müddət ərzində bütün dünyaya səs salıb öz yalanlarını həqqiqət kimi sırımaq cəhdlərindən də utanmadılar. Bax bu vəziyyətdə, belə bir şəraitdə Ali Baş Komandanın rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti, liderlik keyfiyyətləri ilə, Azərbaycan Ordusunun şücüəti, qəhramanlığı ilə, xalqımızın birliyi, həmrəyliyi ilə qələbənin, zəfərin qaznılması həqiqətən də çox böyük bir uğurdur. Bu, təkcə ərazilərimizin işğaldan azad edilməsi demək deyil, həm də uzun zamandan bəri düşmənin apardığı siyasətin fiaskoya uğradılması, puça çevirilməsi, bir sözlə, ermənilərin belinin qırılması deməkdir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM, sonradan ATƏT adlandırılan qurumun Minsk Qrupu düz 29 il ərzində məsələnin həllinə deyil, bu məsələnin döndurulmasına səy göstərməsi fonunda aparılan danışıqlar həm nəticəsiz, həm də kağız üzərində qaldığı halda Azərbaycan bu məsələni özü həll etməli oldu və buna qadir olduğunu da sübut etdi. Daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan bu vaxta qədərki müddət ərzində səbr nümayiş etdirsə də sonda öz haqlarını, hüquqlarını müdafiə etmək əzmində olduğunu da təsdiqlədi. Xatırladığımız kimi, mötəbər beynəlxalq təşkilat olan BMT belə işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirməklə, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənməklə öz ərazi bütövlüyünü, öz torpaqlarını işğaldan azad etmək, mühafizə etmək, suverenliyini qorumaq üçün ölkəmizə başqa çıxış yolu qoymadı və 44 günlük Vətən müharibəsi ilə Azərbaycan tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən, 27 il kağız üzərində qalan 4 qətnaməsini özü icra etdi, həm də öz gücünə. Bunu isə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri bir az da tezləşdirdi və Azərbaycanın qələbəsi, zəfəri ilə nəticələnən müharibəni qaçılmaz etdi.

Doğrudur, Azərbaycan dövləti beynəlxalq hüquqa, münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verirdi, amma xalqımızın bu qələbə, zəfər gününü, hətta əzəli və əbədi torpaqlarının işğaldan azad olunması uğrunda savaşa, hərbi əməliyyatlara başlaması üçün Ali Baş Komandanın əmrini gözlədiyi də bəlli idi. Əslində, xalqımızın birliyi, həmrəyliyi özünü dərhal göstərdi və ölkə rəhbərinin, Ali Baş Komandanın əmri ilə bir yumruğa çevrildiyi də öz təsdiqini tapdı. Məhz bu birlik, bu həmrəylik zəfər gününü daha da yaxınlaşdırdı və düşmən üzərində Azərbaycanın qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ən tez zamanda reallığa çevrildi.

Təbii ki, qardaş Türkiyənin mənəvi dəstəyini də unutmayacağıq və bu dəstək hər zaman qiymətləndirilir. Azərbaycan xalqı qardaş Türkiyənin mənəvi dəstəyinin, hər zaman yanında olmasının bir daha şahidi oldu və “Bir millət iki dövlət” fəlsəfəsinə sadiqlik bir daha özünü göstərdi. Ələlxüsus Türkiyə Prezidenti cənab Ərdoğanın müharibənin ilk saatlarından belə Azərbaycanın haqq işinə öz dəstəyini verməsi hadisələrə müsbət mənada çox böyük istiqamət verdi. Türkiyə liderinin sərt açıqlamaları və Azərbaycanın haqq işinin tərəfində olması kimi birmənalı mövqeyi xalqımızı həm çox sevindirir, həm də ruh yüksəkliyi verirdi ki, bunun da önəmini qeyd etmək vacibdir. Qardaş ölkənin verdiyi siyasi və mənəvi dəstək hər bir azərbaycanlını qürurlandırır və bundan sonra da birliyimizlə, qardaşlığımızla qələbələrə imza atacağımıza əminliyimizi artırır.

Doğrudur, 44 günlük müharibə dövründə ölkəmizə qardaş Türkiyə, eləcə də Pakistan kimi dost ölkə öz siyasi, mənəvi dəstəyini göstərdi, amma qələbəni xalqımıza məhz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz şücaəti, qəhrəmanlığı ilə bəxş etdi, əsgərlərimiz, hərbçilərimiz canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin etdilər. Yaddan çıxarmaq lazım deyil ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş edən müzəffər Orduya çevrilib və zəfərimizin də başlıca amili məhz budur. Bəli, məhz aparılan uğurlu siyasət sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları siyahısnda yer aldı və düşmən üzərində qələbələrimizi təmin etdi. Təbii ki, ordumuzun müasir texnika ilə təchizatı, mütəmadi olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması, idxaldan asılılığın bacardıqca azaldılması məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir və bu gün ildönümünü qeyd etmək ərəfəsində olduğumuz zəfərə hesablanmış işlərdir ki, bunu hər kəs başa düşür. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması məhz milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərir.

Qeyd olunduğu kimi, təkcə hərb meydanında deyil, Azərbaycan bir sıra müstəvilərdə qələbələr əldə etdi və ölkəmizin 44 günlük müharibədə əldə etdiyi qələbə hətta regiona yeni əməkdaşlıq formatı gətirmiş oldu. Hal-hazırda yeni əməkdaşlıq imkanlarının yarandığı göz qabağındadır. Azərbaycan, Türkiyə, Rusiya və İran arasında əməkdaşlıq üçün çox münbit bir şərait yaranıb. Türkiyə ilə Rusiyanın bir qədər də yaxınlaşması artıq strateji əhəmiyyət daşıyır və bu iki ölkə təkcə ikitərəfli gündəlikdəki məsələlər deyil, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşma əldə ediblər. Əlbəttə ki, enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr həmin ölkələrin yaxınlaşmasına zəmin yaradır və Rusiya ilə Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir desək yanılmarıq. Elə buna görə də cəsarətlə söyləyə bilərik ki, bu qələbə, bu zəfər həm də tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Zəfər tariximiz, qələbə günümüz Azərbaycanın tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanması deməkdir. Bundan sonra, cənab Prezidentimizin də dediyi kimi, Qarabağ problemi olmadığı üçün bütün diqqət yalnız inkişafa, tərəqqiyə cəmlənəcək ki, bu da öz bəhrəsini yaxın gələcəkdə əlbəttə ki, göstərəcək. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq missiyasına start verilib və artıq həmin ərazilərə də həyat qayıdacaq. Beləliklə də, həmin ərazilərdə işgüzar mühit formalaşır, iqtisadi layihələr reallaşır və bu da öz növbəsində ölkə iqtisadiyyatına tövhələr vəd edir. Əlbəttə ki, ərazilərimizin işğaldan azad olunması əkin sahələrinin armasına, kənd təsərrüfatı üçün imkanların genişlənməsinə, nəticədə də iqtisadi yüksəlişə səbəb olub. Bu, həm də büdcə gəlirlərinin çoxalmasına, məşğulluq səviyyəsinin artmasına, nəticədə də rufah halının yüksəlməsinə də öz müsbət təsirini göstərəcək. Bir sözlə, qazandığımız zəfər, Azərbaycanın əldə etdiyi qələbələr daha böyük qələbələrə zəmin yaradıb. Daha dəqiq desək, zəfər tariximiz, qələbə günümüz, yeni reallıqlar doğurub və gələcəyə nikbin baxışlarımızı bir daha artırıb.