Sergey Markedonov: “Ermənilər münaqişədən yorulub, yeni müharibə istəmirlər” - MÜSAHİBƏ

5 Noyabr 2021 14:37 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, “Beynəlxalq Analitika” jurnalının baş redaktoru, tarix elmləri namizədi Sergey Markedonov “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan münaqişəsi və onun həlli ilə bağlı gedən proseslər haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bakı İrəvana sülh müqaviləsi bağlamağı təklif edir, lakin Ermənistan tərəfi hələ də konstruktivlik nümayiş etdirməyib. Ona nə uyğun gəlmir və ya ona kim mane olur?

- Mövcud vəziyyət mükəmməl şəkildə göstərir ki, münaqişə zonasında status-kvonun dəyişməsi avtomatik olaraq onun yekun həlli demək deyil. Elmi və ekspert ədəbiyyatında, jurnalistikada Ermənistanla Azərbaycan arasındakı münaqişə uzun illərdir ki, Dağlıq Qarabağ adlanır. Doğrudan da, əsas qarşıdurma meydanı məhz Dağlıq Qarabağ ərazisi idi. Amma Azərbaycan 26 ildir mövcud olan status-kvonu pozandan sonra başqa problemlər ortaya çıxdı. Və onlar asan görünmür. Məsələn, sərhədin demarkasiyası və delimitasiyası məsələsi. Doğrudan da, SSRİ-nin dağılmasından sonra 30 il ərzində heç kim bununla sistemli şəkildə məşğul olmayıb və Qarabağ münaqişəsi çərçivəsindən kənarda mübahisəli məsələlər mövcuddur. 2020-ci ilin noyabrında Bakı keçmiş DQMV-yə bitişik 7 rayonu, həmçinin Şuşa və kemiş muxtariyyətin bəzi ərazilərini nəzarətə götürüb. Amma tanınmamış “DQR”-in İrəvanla təmasları kəsilmiş formada qalıb. Ermənistan üçün Qarabağın statusu məsələsi mühüm olaraq qalır və bu barədə baş nazir Nikol Paşinyan bu yaxınlarda Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə danışıqlarda danışıb. Burada İlham Əliyevin mövqeyi ilə uyğunsuzluq var.

Nəqliyyat kommunikasiyalarının açılması məsələsi. O, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli birgə bəyanatların mətnlərində əsas yerlərdən birini tutur. Azərbaycan bu prosesi sürətləndirməkdə israrlıdır, lakin Ermənistan rəhbərliyi nəqliyyat kommunikasiyalarının yüksək səviyyədə açılmasının ölkə daxilində etirazlara səbəb ola biləcəyindən ehtiyat edir. Səbəbi belə göstərirlər: güzəştlərin nə vaxt bitəcəyinə əmin deyilik. İstənilən soyadlı siyasətçi bu amilləri nəzərə alacaq. Paşinyan Ermənistanın belə irimiqyaslı güzəştlərə getməyə cəsarət edən ilk lideri oldu. Danışıq masası arxasında onlar haqqında danışmadı, amma qəbul etdi. Və yeni reallığa münasibət birmənalı olmaqdan uzaqdır. Mən heç kəsi heç nəyə çağırmıram, sadəcə, bildirirəm.

- Rusiyanın 44 günlük müharibəyə müdaxilə etməməsi sizin üçün sürpriz oldu?

- Bu sualın cavabı bizim müdaxilə dedikdə nəyi nəzərdə tutduğumuzdan asılıdır. Niyə belə güman edilir ki, müdaxilə Cənubi Osetiya, Abxaziya, Krımda, Suriyada gördüyümüz bir şeydir? Müdaxilə təkcə hərbi deyil, həm də diplomatik ola bilər. Moskva isə İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən bu istiqamətdə böyük işlər görür. Atəşkəslə bağlı təşəbbüslər irəli sürülüb, Bakı və İrəvanla daimi təmaslar olub, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hərbi qarşıdurma başlayandan sonra ilk görüşü Moskvada keçirilib. Qeyd edək ki, həm Paris, həm də Vaşinqton diplomatik cəhdlər etsə də, atəşkəsə məhz Moskva nail olub. Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib və bu faktı istər-istəməz ATƏT-in Minsk qrupunun digər həmsədrləri də etiraf ediblər.

Rusiya münaqişəyə hərbi yolla müdaxilə etmək fikrində deyildi. Bu mövqe 2020-ci ilin sentyabrından əvvəl açıq şəkildə ifadə edilmişdi. Və ümumiyyətlə, istər keçmiş Sovet İttifaqı ərazisində, istərsə də onun hüdudlarından kənarda baş verən bütün münaqişələrdə Moskva konkret şəraitdən asılı olaraq fərdi şəkildə hərəkət edir. Həm də Azərbaycan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO-ya can atmır. Burada bir çox faktorlar var. İstəsəniz, bir çox başqalarını da tapa bilərsiniz.

- Ötən il Cənubi Qafqaz regionunda baş verən müharibədən sonra Rusiya-Azərbaycan-Türkiyə oxunun formalaşdığını deyə bilərikmi?

- Əlbəttə yox. Mən ən azı dörddə bir əsrdir ki, Qafqaz problemləri ilə məşğulam. Bu müddət ərzində gördüklərim monoqrafiya yazmaq üçün bəs edər. Elmi ədəbiyyatda Rusiya-Türkiyə münasibətləri “rəqabətli əməkdaşlıq”, “asimmetrik qarşılıqlı əlaqə”, “münaqişəli əməkdaşlıq” adlanır. Moskva və Ankaranın Suriya, Liviya, Krım, Qarabağ məsələlərinə yanaşmaları xeyli fərqlidir. Ankara sırf Bakı üçün oynayır, Moskva isə öz sərhədlərində sülhü təmin edəcək tarazlıq kompromis yanaşması axtarır. Yeri gəlmişkən, Türkiyə ilə Azərbaycan arasında fərqlər var. Ən azından bir məqamı götürün ki, Prezident Ərdoğanın dövründə Türkiyə hazırda Azərbaycanda sarsılmaz olan dünyəvi dövlət dəyərlərindən sürətlə uzaqlaşır. Bakı Şimali Kipr Türk Respublikasının tezliklə tanınmasına o qədər də hazır deyil, Suriyada və ümumilikdə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı qorxular var.

Bununla belə, mövcud uyğunsuzluqlar qarşılıqlı fəaliyyətə maneə deyil. Ümid edirəm ki, siyasətçilərimiz yaranan böhranları səmərəli şəkildə idarə edə, onları aradan qaldıra və hər kəsə uyğun həll yolları tapa biləcəklər.

- İran xarici işlər nazirinin Moskvada son soyuq qəbulunu necə şərh edə bilərsiniz?

- Niyə soyuq? İran Xarici İşlər Nazirliyinin indiki rəhbəri Smolenskaya meydanında fəaliyyəti yaxşı məlum olan təcrübəli diplomat olsa da, bu, tanışlıq səfəridir. O, bir nazir kimi İbrahim Rəisinin prezident seçkilərində qalib gəlməsindən sonra işə yeni başlayır. Bu siyasətçi mühafizəkar olması ilə tanınır. Ola bilər ki, o öz ölkəsinin Avrasiyadakı mövqeyini hansısa yolla gücləndirməyə çalışır. Və bu yolda, yəqin ki, tərəfdaşlarla sərt fikir mübadiləsi aparılmadan keçməyəcək. Normal praktikadır. Həmin görüşdə Sergey Lavrov “3+3” formatı haqqında müsbət danışdı. Tehran uzun müddətdir ki, bu formatı təklif edir və Türkiyə prezidenti Ərdoğan da bir neçə dəfə oxşar şəkildə danışıb. Əsas məsələ isə Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan və Azərbaycanın çoxistiqamətli maraqlarının necə birləşdiriləcəyidir.

Buna baxmayaraq, İran və Rusiya nazirlərinin görüşündən az sonra onların gürcü həmkarı David Zalkaliani ölkəsinin “müəyyən formada” regional əməkdaşlıq formatında iştirak etməyə hazır olduğunu bildirib. Əgər belədirsə, deməli, Lavrovla Abdollahiyan arasında Moskva görüşündən artıq müsbət nəticə var.

- Ermənistanda tez-tez qisas çağırışları eşidilir. Siz buna necə baxırsınız və Rusiya buna icazə verəcəkmi?

- Belə çağırışlar olur. Belə bir “sosiologiya” var- seçkilərdə olduğu kimi. Ölkədə Nikol Paşinyan və onun “Vətəndaş Sazişi” partiyasının böyük qələbə qazandığı növbədənkənar parlament seçkiləri keçirilib. Birpartiyalı hökumətin qurulmasına imkan verən bir nəticə əldə olunub. Yerli seçkilərdə (ölkənin 2-ci böyük şəhəri Gümrü də daxil olmaqla) hakimiyyətin bir sıra məğlubiyyətləri bu uğuru bir az bulandırdı. Amma burada da başa düşmək lazımdır: hakimiyyətdən narazılıq heç də həmişə İkinci Qarabağ müharibəsinin nəticələrini təkrarlamaq istəyi deyil. İqtisadi vəziyyətdən, sosial problemlərdən, məmurların keyfiyyətsiz işindən narazıdır. Bundan əlavə, Paşinyanı “mövqelərini təslim etdiyinə görə” danlayanlar 2020-ci il noyabrın 10-da imzalanan razılaşmalardan imtina etməyi, onları ləğv etməyi təklif etmirlər.

Rusiyaya gəldikdə isə, təbii ki, o, münaqişənin sülh yolu ilə həllində və kompromis formulunun tapılmasında maraqlıdır. Ona görə də Rusiya liderləri deyirlər ki, status problemlərindən deyil, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasından başlamaq lazımdır. Sovet dövründə necə idi, mənim yaxşı yadımdadır. Sonra dedilər ki, proletariat ona görə inqilabçıdır ki, “zəncirlərindən başqa itirəcək heç nəyi yoxdur”. Moskva istərdi ki, Bakı və İrəvanın itirəcəkləri nə isə olsun, nəinki uzun müddət davam edən münaqişənin “zəncirləri”.

- Siz erməni cəmiyyətinin əhval-ruhiyyəsini yaxşı bilirsiniz, sizcə, Azərbaycanın Qarabağı azad etməsi erməni cəmiyyətinin rahat nəfəs almasına səbəb oldumu?

- Məlumdur. Ona görə də deyim ki, təbii ki, bu ölkədə Azərbaycanın qələbəsinə azadetmə deyilmir, başqa qiymətlər verilir. Cəmiyyətə gəlincə, yüksək keyfiyyətli sosiologiya ilə qənaətləri dəstəkləmək yaxşı olardı və bu gün bu sahədə aşkar çatışmazlıq var. Əgər 10 noyabr razılaşmasından sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıbsa, bu, “rahat nəfəs almaq” demək deyil. Amma bu da bir həqiqətdir ki, bu etirazlar Paşinyanın getməsinə səbəb olmadı. Bu da ibrətamiz faktdır. Görünən odur ki, Ermənistan münaqişədən yorulub. Onlar yeni müharibə istəmirlər. Amma uzun illərdir ki, hər şey Qarabağı qorumaq ideyası ətrafında qurulub, belə məsələlərə münasibət qısa vaxtda dəyişmir. Eyni zamanda, Ermənistan cəmiyyətinin bütövlükdə yeni müharibə ilə bağlı qərar verməyə hazır olmadığı aydındır.

- Siz uzun müddətdir -bunu dediyimə görə üzr istəyirəm, - erməni nöqteyi-nəzərinə sadiq qaldınız, amma indi Ermənistanın özü və Rusiya kimi bir çox məsələlərdə fikirlərinizi yenidən nəzərdən keçirəndə, bu anlaşılmazlıq səhifəsini çevirib Bakını ziyarət etmək istəyirsiniz?

- Jurnalistin vəzifəsinin kəskin suallar vermək olduğunu başa düşsəm də, sizinlə mübahisə edəcəyəm. Bütün həyatım boyu mən yalnız bir nöqteyi-nəzərə əməl etmişəm- ekspertlər tərəfindən təsdiqlənmiş faktlara. Ona görə də mənim mövqeyim ekspertin rəyidir, ermənipərəst və ya azərbaycanpərəst deyil. Postsovet məkanının istənilən “qaynar nöqtələrinə”, tanınmamış respublikalara səfər etmək mənim peşəmin bir hissəsidir. Mən münaqişəni öyrənmək istədikdə, bunu kompüterdə qarşısında kresloda oturmaqla deyil, insanların müxtəlif səbəblərdən bir-birinə qarşı çıxdığı yerlərdə olmaqla etməyin daha yaxşı olduğunu düşünürəm.

Son 10-15 il ərzində mənim mətnlərimdən hər hansı birini seçə bilərsiniz və orada bu və ya digər istiqamətdə statusu müəyyən etmək üçün heç bir çağırış və ya açıq-aşkar bəyənmə və bəyənməmələri görməyəcəksiniz. Yeri gəlmişkən, beynəlxalq məsələlər üzrə həmkarlarım kimi Azərbaycan jurnalistləri də mənimlə müntəzəm əlaqə saxlayırlar. Ona görə də, 2020-ci ilin şəxsən mənim üçün nəyisə dəyişdiyini düşünmürəm. 2020-ci ilin sentyabr-noyabr aylarında yazdıqlarıma- İkinci Qarabağ Müharibəsinin nəticələri ilə bağlı məruzələrimə və məqalələrimə baxın. Ona görə də mən Bakıya müsbət səfər edəcəm, bir daha deyirəm, insanların əhval-ruhiyyəsini başa düşməyin ən yaxşı yolu onlarla şəxsən ünsiyyət qurmaqdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.