8 Noyabr – Böyük Zəfər salnaməmiz

5 Noyabr 2021 14:32 (UTC+04:00)

Prezident İlham Əliyev: "Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir"

Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər gününün birinci ildönümünü qeyd edir. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanaraq, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda "Zəfər Günü" kimi qeyd edilməsi qərara alındı. Xalqımız 44 gün ərizində qələbələr qazanaraq Zəfərə doğru addımladı və tarixi qələbəni əbədiləşdirdi. Müzəffər Azərbaycan ordusunun və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə silinməz bir gün yazdı.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti Azərbaycan tarixində yeni gün oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müracət xalqın tarixinə həkk olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı", - deyə Azərbaycan Prezidenti bildirib.

Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.

"ƏZİZ ŞUŞA, SƏN AZADSAN!"

44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ötən il noyabrın 8-də Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deməsi hər bir azərbaycanlının qəlbində böyük bir sevinc yaşatdı. Əvəzsiz və əbədi sevinc hissini. "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir", - deyə Prezident bildirib. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Dövlət başçısı tərəfindən Şuşa sevincini yaşadıqdan sonra sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçən Azərbaycan ordusu qalib oldu. Artıq Azərbaycanın işğalda olan torpaqları azaddır və Qarabağ Azərbaycandır!!!

"BİZ QAN TÖKƏRƏK, CƏSARƏT GÖSTƏRƏRƏK, DÜŞMƏNİ QOVARAQ YENİ REALLIQ YARATMIŞIQ"

Bu gün xalqımızın, milyonlarla insanın qürur hissi ilə ziyarət etdiyi məkanlar sırasında Hərbi Qənimətlər Parkı da var. Yaşından asılı olmayaraq, hər kəs 44 günlük Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisi olan Hərbi Qənimətlər Parkını ziyarət edərək Azərbaycan ordusunun qalibiyyətini bir daha görmüş olurlar. "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Hərbi Qənimətlər Parkının açılışı Vətən müharibəsində parlaq qələbəmizin bir rəmzidir. Bu gün paytaxtımızda yerləşən Hərbi Qənimətlər Parkına səyahət edən hər bir kəs, istər azərbaycanlı olsun, istərsə də qeyri-xalqın nümayəndəsi, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyat və digər sursatlar görür və ermənilərin məğlub xalq olduqlarının bir daha şahidinə çevrilirlər. Bildiyimiz kimi, ötən ilin dekabrın 10-da keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdi. Burada Şuşaya atılmış "İskəndər M" raketinin qalıqları da var. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı "Şuşanı bax, bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular, deyə bildirmişdir.

Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Beləliklə, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür. Burada nümayiş etdirilən bütün qənimətlər göstərir ki, Qəhrəman Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".

ZƏFƏR PARADI AZƏRBAYCANIN HƏRBİ GÜCÜNÜ VƏ TARİXİ QƏLƏBƏMİZİ BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRDİ

Xalq öz tarixi ilə tanınır, öz tarixi ilə böyüklüyünü təqdim edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Zəfər tariximizi yazdı. Bu gün xalqımız qürurla bu günü qeyd edir. Təbii ki, bu uğurlu yolda neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında 27 Sentyabr Anım Günü təsis edilib. Bu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın bir əlamətidir.

Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən "Dəmir yumruq" hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Cənab Prezidentin bildirdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur". 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşacaqdır. Artıq buna başlanılıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlar abadlaşdırılır. Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək tariximizə qələbə yazdı. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üç rəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilin əziyyəti, həsrəti, əzabları xalqımızı sındırmadı və xalqımız irəliyə doğru baxdı. Xalq-iqtidar birliyi gücləndi, Ordumuz gücləndi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğala son qoyuldu. Bu gün xalqımız böyük qələbə əzmi ilə möhtəşəm bir günü - 8 Noyabr Zəfər Gününü qeyd edir. Zəfər Gününüz mübarək!!!

Nəzakət ƏLƏDDİNQIZI