YAP Qusar rayon təşkilatında Nadirşah Şirinovun yubileyi qeyd olunub

5 Noyabr 2021 13:34 (UTC+04:00)

Qusar rayon ziyalısı, tanınmış həkim, rayonun ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən Şirinov Nadirşah Qırxlarbəy oğlunun anadan olmasının 60 illik yubileyi münasibətilə YAP Qusar rayon təşkilatında görüş keçirilib. Qeyd edək ki, Nadirşah Şirinov 5 noyabr 1961-ci ildə Qusar rayonun Yasaboba kəndində anadan olmuşdur.N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra rayonda bir müddət həkim, sonralar isə mərkəzi xəstəxananın baş həkimi işləmiş, hazırda rayon Gigiyena və Epidemologiya mərkəzinin direktorudur. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2007-ci ildən YAP Qusar rayon təşkilatı sədrinin müavinidir. 60 illik yubileyi münasibətilə Nadirşah Şirinov YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmiş və ona qiymətli hədiyyə təqdim olunmuşdur.

Nəzakət ƏLƏDDİNQIZI