Vətən müharibəsi şəhidinin ailə üzvləri ziyarət olunub - FOTOLAR

4 Noyabr 2021 17:22 (UTC+04:00)

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi əsgər Sarıyev Samir Əli oğlunun ailə üzvlərini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, şəhidin ailə üzvləri ilə görüşdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Samir kimi igidlərimizin müharibə müddətində düşmənə əsl qəhrəmanlıq dərsi keçmələrindən danışılıb, bu möhtəşəm Zəfərin qazanılmasında və qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri vurğulanıb və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğu qeyd olunub.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Sarıyev Samir Əli oğlu 26 oktyabr 1993-cü ildə Şirvan şəhərində anadan olub. Əslən Zəngilan rayonu Malatkeşin kəndindən olan Samir Sarıyev 2009-cu ildə Laçın rayonu 9 saylı tam orta məktəbini bitirib. 2012- 2013-cü illərdə hərbi xidmətdə olub, xidmət etdiyi hərbi hissənin komandiri General-mayor Polad Həşimov tərəfindən 2013-cü ildə nümunəvi xidmətinə görə valideynlərinə təşəkkür məktubu göndərilib. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Samir Sarıyev Xocavənd və Füzuli rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

15 noyabr 2020-ci ildə Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sarıyev Samir Əli oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.