
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri məsələdir. Qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi, ətraf mühitin çirklənməsi kimi narahatlıq doğuran məsələlər ekologiya və ətraf mühitin mühafizəsinin ən aktual məsələ olduğunu təsdiqləyir.
Dünyanı narahat edən qlobal problemlərdən biri, əslində, daha vacib olanı iqlim dəyişmələridir. Əbəs yerə deyil ki, iqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması və bu təsirin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir ki, bunun da mənfi təsirləri danılmazdır. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa sözsüz ki, mənfi təsir göstərir. Belə bir təsir də əlbəttə ki, ümumilikdə bəşəriyyəti daha böyük təhlükəyə məruz qoya bilər.
Ətraf mühitin qorunması, təbii ehtiyatların mühafizəsi, bərpası ölkəmizin davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olaraq qəbul edilir. Çünki, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə ekoloji təhlükəsizliyin təmin olunması üçün ən vacib məsələlərdir. Elə məhz buna görə də sadalananlar ölkəmizin ekoloji siyasətinin əsas istiqamətlərindən hesab olunur. Diqqətə çatdıraq ki, ekoloji siyasətin də prinsipləri dedikdə iqtisadi, ekoloji və sosial nəticələr, ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi, eləcə də bu zaman alternativ variantların nəzərə alınması başa düşülür.
Müstəqillik əldə edildikdən sonra Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət daha geniş vüsət alıb. Ölkəmizdə ətraf mühitin qorunması artıq dövlət siyasətinin prioritetlərindəndir və ölkə rəhbəri, cənab Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Bunun üçün normativ hüquqi sənədlər də mövcuddur. Ekoloji siyasətə dair ilk sənəd olaraq, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası" nümunə kimi göstərilə bilər ki, bu konsepsiyada ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas məsələlər öz əksini tapır.
Az qala 30 ilə yaxın müddətdə, yəni torpaqlarımızın işğalı dövründə su hövzələrinin mənfur ermənilər tərəfindən çirkləndirilməsi, sənaye tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdılması barədə indi demək olar ki, bütün dünya ictimaiyyəti məlumatlıdır. Heç kim üçün sirr deyil ki, ermənilər məhz Azərbaycan ərazisindən keçən çaylara sənaye tullantılarını axıtmaqla ekosistemə nə qədər zərər vurublar. Azərbaycan ərazisindən keçən Axoxçayı, Həkəriçayı ermənilərin necə çirkləndirdiyi göz önündədir və bu çaylar ermənilərin axıtdığı tullantılar səbəbindən çirkləndirilib. Təbii ki, bu çayların sonradan Araz çayına, onun da Kür çayına qovuşması, nəticədə birbaşa Xəzər dənizinə axması sonda Xəzərin də çirklənməsi deməkdir. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən çayları çirkləndirməklə ermənilər istər bu çaylarda, istərsə də çaylara yaxın ətrafda fauna və floraya çox ciddi zərbə vurublar. Artıq ərazilərimizin işğaldan azad edilməsi ilə buna da son qoyulub, çayların təmiz saxlanılması nəzarət altındadır, amma hər bir halda ermənilər sənaye tullantılarını bu çaylara axıtdıqlarına, çayları çirkləndirdiklərinə görə də cavab verməlidirlər və cavab verəcəklər də. Çünki, bu məsələ heç də diqqət mərkəzindən kənarda deyil. Əslində, bütün dünya ictimaiyyəti həmin məsələyə, su hövzələrinin çirkləndirməsinə heç də biganə yanaşmamalıdır. Ona görə ki, ekosistemin çirkləndirilməsi təkcə Azərbaycanı narahat edən məsələ deyil və qlobal təsirə malikdir.
Bilirik ki, ətraf mühitə təsiri olan faktorlardan biri də atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir və həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə də məhz yaşıllıq zonaları və ağacların, bitgilərin daha sıx olduğu sahələrdir. Bu baxımdan ölkədə yaşıllıq sahələrinin artırılması, genişləndirilməsi də həyata keçirilir. Məhz bu məqsədlə, ağacəkmə kampaniyaları təşkil olunur, ölkənin müxtəlif rayonlarında, eləcə də daha çox əhalinin məskunlaşdığı paytaxt Bakıda müxtəlif nov ağaclar, dekorativ bitgilər, güllər əkilir. Bir növ yaşıllaşdırma kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib və xüsusilə vurğulamaq yerinə düşərdi ki, artıq milyonlarla ağac əkilib və buna baxmayaraq işlər yenə də davam etdirilir. Amma, onu da diqqətə çatdırmaq lazımdır ki, məhz yaşıllıq sahələrinin məhv edilməsi üçün də ermənilər bu 30 ilə yaxın işğal dövründə demək olar ki, əllərindən gələni ediblər. Meşələrin qırılması, yüzillərlə yaşı olan nadir ağac növlərinin, xüsusən, yaşlı çinar ağaclarının kəsilməsi ilk növbədə təbiətə vurulan zərbədir və buna görə də həmin əməlləri törədənlər cavab verməli olacaqlar.
Hazırda meşə zolaqlarının genişləndirilməsi ilə yanaşı, həmin ərazilərin nəzarətdə saxlanması və qorunması da diqqət mərkəzindədir. Meşələrin mühafizəsini və yanğından təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları belə quraşdırılıb. Bununla yaşaşı, ölkə ərazisinin 95 faizinin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb və ağacların kəsilməsinin qarşısı alınıb.
Əlbəttə ki, zibil tullantıları da öz növbəsində ətraf mühitin çirkləndirilməsinə təsirsiz ötüşmür. Bu baxımdan da tullantıları nəzarətdə saxlamaq, vaxtaşırı zibilləri utilizasiya etmək ətraf mühitin çirklənməsinin qarşısını almaq istiqamətində ən aktual məsələlərdən sayılır. Çünki, zibil tullantılarının vaxtında utilizasiya edilməməsi nəticə etibarı ilə nəinki ətraf mühitin çirklənməsinə səbəb olur, eyni zamanda, antisanitariya mühitinin əmələ gəlməsinə, xəstəliklərin yaranmasına, ətrafda pis qoxuların peyda olmasına, nəticədə xoşagəlməz mühitin yaranmasına səbəb ola bilər. Xüsusi olaraq vurğulamaq yerinə düşərdi ki, məişət tullantıları arasında ən zərərlisi, eləcə də ən təsirlisi poletilen torbalar, qablar hesab olunur. Çünki, onların torpaq üzərində çürüntüyə çevrilməsi üçün yüzillər tələb olunur, hətta suda bu materiallar ümumiyyətlə çürümürlər. Bu məqsədlə, poletilen torbalardan və qablardan istifadəni minimuma endirmək planlaşdırılıb, hətta bir müddətdən sonra həmin poletilen taraların ümumiyyətlə istifadəsinin məhdudlaşdırılacağı, onların kağız, yaxud parça torbalarla əvəz olnması nəzərdə tutulur və bu istiqamətdə geniş işlər aparılır.
Ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Bu istiqmətdə görülən işlər çərçivəsində müxtəlif proqramlar icra olunur, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsinə, genişləndirilməsinə, yaşıllıq sahələrinn artırılmasına dair milli proqramlar, o cümlədən Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir. Məhz ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin mühafizəsi, bərpası, milli parkların yaradılması və digər bu istiqamətdə görülən işlər də elə bu qəbildəndir. Şübhəsiz ki, 2010-cu ilin ölkə başçısı tərəfindən "Ekologiya ili" elan edilməsi də təsadüfi deyildi və həmin ildə, eləcə də sonrakı illərdə "Ekologiya ili" çərçivəsində ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması, hətta dövlət başçısının özünün bu kampaniyalarda iştirak etməsi ətraf mühitin qorunmasına xüsusi diqqətin bariz nümunəsidir. Belə bir diqqətin, qayğının təzahürü olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin artırılması misal göstərilə bilər.
Təbii ki, ekologiyanın mühafizəsi istiqamətində görülən işlərin nəticəsidir ki, ölkəmizin gördüyü tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Məsələn, Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb və mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemində 31-ci sırada qərarlaşıb. Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycan bu reytinq sıralanmasına görə Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön sırada olub. Daha bir qürurverici məqam isə ondan ibarətdir ki, Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamət üzrə qiymətləndirmədə isə Azərbaycan 180 ölkə arasında 5-ci yerdə qərarlaşıb. Bütün bunlar ondan xəbər verir ki, ekoloji vəziyyətlə bağlı ölkəmizdə görülən işlər beynəlxalq müstəvidə də layiqincə qiymətləndirilir.
Əlbəttə ki, bu sahədə, yəni ekoloji problemlərin həlli məsələlərində hələ də müəyyən problemlərin qalmaqda olduğunu da etiraf etmək lazımdır. Ötən əsrin sonlarında səriştəsiz rəhbərliyin uğursuz siyasəti nəticəsində meşələrin qırılması, ətraf mühitin mühafizəsinə saymazyana yanaşılması, ardınca erməni terroru nəticəsində fauna və floraya vurulan zərəri təkzib etmək olmaz. Odur ki, ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə yanaşı, yaşıllıqların salınması, ölkənin fauna və florasına qayğı və diqqət öz aktuallığını qoruyur.
İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.