Humanizm prinsipini şərtləndirən layihələr ŞƏRH

4 Noyabr 2021 16:45 (UTC+04:00)

Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda genişmiqyaslı fəaliyyəti ilə tanınan və nüfuz qazanan Heydər Əliyev Fondu qabaqcıl və humanizm prinsipləri ilə böyük nüfuza sahibdir. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından birmənalı olaraq çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. İnsanların həyat tərzində sağlam mühiti formalaşdırmaq, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq Fondun həyata keçirdiyi layihələr sırasında mühüm yer tutur. Bu sırada məktəb binalarının tikintisi, bərpa və yenidən qurulması, dərsliklərlə təchizatı Fondun ana xətt kimi fəaliyyətində davamlı olaraq həyata keçirilir. Heydər Əliyev Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" və "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları təhsilə ayrılan diqqətdir. Fondun reallaşdırdığı proqramlar çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr həyata keçirilib. Bu günlərdə Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışı görülən işlərin davamıdır. Məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı məktəbin açılışı olub. 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Mehriban Əliyeva gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşaraq, uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr həyata keçirir. Onun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuşdur.

Müasir dövrümüzdə təhsilə, elmə dövlət tərəfindən diqqət ayrıldığı zamanda Mehriban xanım Əliyeva "Təhsilə dəstək" layihəsi çərçivəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə öz töhfələrini verir. Bu proqramın adı onun mahiyyətini əks etdirir. Azərbaycanda baş verən yeniliklər təhsil sistemində də özünü göstərir. Heydər Əliyev Fondu təhsilə xüsusi önəm verərək, "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür. Fondun "Təhsilə dəstək" layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə, təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.

Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə inteqrasiya olunmağı bacarmalıdır. Təbii ki, yetişən nəslin qarşısında belə tələblər qoyarkən, münasib şərait də yaratmaq əsas vəziifə kimi qarşıda dayanır. Reallaşan layihələrdə də məqsəd olaraq ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir.

Nəzakət ƏLƏDDİNQIZI