SSRİ Baş Prokurorluğunun keçmiş müstəntiqi: “Azərbaycanın qələbəsi ədalətin təntənəsidir” - MÜSAHİBƏ

4 Noyabr 2021 15:06 (UTC+04:00)

Vladimir Kaliniçenko: “Ermənistanda millətçiliyin təzahürü məni heyrətləndirdi, azərbaycanlılar arasında bunu hiss etmədim”

SSRİ Baş Prokurorluğunun keçmiş müstəntiqi, rusiyalı hüquqşünas Vladimir Kaliniçenko “Caliber” analitik mərkəzinə müsahibəsində Qarabağ münaqişəsinin başlaması dövrlərindən xatirələri və Azərbaycana səfəri ilə bağlı təəssüratları ilə bağlı çox maraqlı məqamları deyib. Müsahibəni oxucularımıza təqdim edirik.

ARAYIŞ: Vladimir İvanoviç Kaliniçenko 1947-ci ildə anadan olub. 1971-ci ildə Xarkov Hüquq İnstitutunu bitirib. Rayon prokurorluğunun müstəntiqi, istintaq şöbəsinin prokuroru, prokuror-kriminalist vəzifələrində çalışıb. Beş il ərzində o, qəsdən adam öldürmələrin açılması üzrə istintaq-əməliyyat qrupuna rəhbərlik edib. 1980-ci ildən- SSRİ Baş Prokuroru yanında müstəntiq, xüsusilə, mühüm işlər üzrə böyük müstəntiq kimi işləyib. O, 1992-ci ildə SSRİ Prokurorluğunun ləğvi ilə əlaqədar Xüsusi Əhəmiyyətli İşlərin Araşdırılması İdarəsinin çevik reaksiya şöbəsi rəisinin 1-ci müavini vəzifəsindən istefa verib. Onun iş təcrübəsinə SSRİ Balıqçılıq Nazirliyində, Soçi-Krasnodar ərazisində rüşvətxorluq halları, Özbəkistanda “pambıq”, Qazaxıstanda təsərrüfat və partiya rəhbərlərinin rüşvətxorluq halları, “Jdanovskaya” metrostansiyasında SSRİ DTK-nın yüksək rütbəli zabitinin qətli, Sumqayıt hadisələri s. və bir çox başqaları daxildir. III dərəcəli dövlət ədliyyə müşaviridir. “Şərəf Nişanı” ordeni ilə təltif edilib.

- Vladimir İvanoviç, siz Qarabağ münaqişəsinin səbəbi və tarixi ilə yaxşı tanışsınız. Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan Azərbaycan Vətən Müharibəsinin başlamasına münasibətiniz necə oldu?

- Başqa şeydən başlayacağam. 1979-cu ilin mayında Azərbaycanda prokuror Qambay Məmmədov cinayət işi aparırdı. SSRİ Baş prokuroru müavininin göstərişi ilə həmin ilin mayında Bakıya gəldim. Nəriman Ağayevlə oteldə qalmışam, özü də Füzulidəndir. Deməli, Sabunçu stansiyasında müstəntiqlərlə oturmuşdum, orada ofisim var idi. İş o qədər böyük idi ki, ittifaqın hər yerindən müstəntiqləri cəlb etmək lazım idi. Həmin müddətdə Azərbaycanın yarısını gəzdim, o vaxtkı DQMV-də, Füzulidə, Ağdamda, Ağcabədidə oldum və təbii ki, orada yalnız azərbaycanlıların yaşadığını gördüm.

Yeri gəlmişkən, mövzudan bir az kənara çəkilirəm. Bir neçə il əvvəl poliklinikada erməni həkimin qəbuluna düşmüşdüm. O, mənim kim olduğumu bildiyi üçün mənə deməyə başladı ki, azərbaycanlıların davranışından qəzəblənib, deyirlər, DQMV-də bütün yazılar Azərbaycan və rus dillərində olub. Eşitdiyim yalanlara təəccübləndim və ona kəskin cavab verdim, 1979-cu ildə orada olmasaydım, bəlkə də inanardım. Amma mən orada idim və hər şeyi öz gözlərimlə gördüm. Qarabağda bütün vilayət partiya komitəsi ermənilərdən ibarət idi, yazılar hamısı rus və ermənicə idi. Ermənilər Stepanakertdə (Xankəndi - red.) kompakt yaşayırdılar. Üstəlik, Azərbaycanda rəhbərlikdə çoxlu erməni var idi- o illərdə həm Mərkəzi Komitədə, həm də Nazirlər Sovetində 30-40 erməni yaxşı vəzifələrdə işləyirdi. Ermənilər o vaxt işlədiyim prokurorluqda da var idilər.

1980-ci illərin sonunda mən Spitakda cinayət işini araşdırırdım, tez-tez İrəvana, Bakıya gedirdim. Mən Sumqayıt hadisələri ilə məşğul olanda sonradan Azərbaycanın baş prokuroru olmuş İsmət Qayıbovla çox yaxın dost olmuşam. 1991-ci ilin noyabrında Qarabağın Qarakənd kəndi üzərində vertolyotun vurulması nəticəsində faciəli şəkildə həlak olub.

Ona görə də təbii ki, hər şeyi mükəmməl başa düşdüm. Mən şübhə etmirdim ki, Qarabağın qaytarılması zaman məsələsidir, çünki azərbaycanlılar bu torpaqların itirilməsinə heç vaxt dözməyəcəklər. Bunu deyəcəyəm: Birinci Qarabağ müharibəsi zamanı ermənilərin Azərbaycan ordusunun öhdəsindən gələcəyinə inanmırdım. Amma baş verənlər əksinə oldu.

Keçən ilki müharibə haqqında. Şübhə etmirdim ki, belə olacaq, Azərbaycan buna diqqətlə hazırlaşırdı və nəticəsi özünü çox gözlətmədi. Şəxsən Rusiya vətəndaşı və milliyyətcə ukrain olan və 1979-cu ildən bu prosesləri yaşayan mənim üçün keçən ilki müharibə ədalətin bərpası idi. Bəli, məhz belədir- son müharibə və Azərbaycanın ərazi bütövlüyünün bərpası mənim üçün Azərbaycan sakinləri üçün ədalətin təntənəsi kimi qəbul edilir. Mən o rayonlarda olanda orada erməni ailələri görməmişdim. Bunlar sırf Azərbaycan rayonları idi. Və mən millətçiliyin təzahürünün nə olduğunu mükəmməl başa düşdüm.

- Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində dedi ki, Qarabağ problemi guya Sumqayıt hadisələrindən başlayıb. Siz də belə düşünürsünüz?

- Yox. Rəsmi rəqəmlər var. 1987 və ya 1988-ci illərdə Qorbaçov Zori Balayan, Silva Kaputikyan və onlara qoşulmuş, sonra özünü etnoqraf adlandıran Qalina Starovoytovadan ibarət erməni nümayəndə heyətini qəbul etdi. Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar. Qorbaçov bu fikri dəstəklədi və əminliklə dedi ki, belə bir problem var. Mən başa düşürdüm ki, bu ideya erməni millətçilərinin beynindədir, amma onu həll etmək mümkün deyildi.

Sumqayıt hadisələri Dağlıq Qarabağ hadisələrindən sonra, ermənilər 200 min azərbaycanlını öz ərazilərindən qovmağa başlayandan sonra başlayıb və bu fakt hamıya məlumdur. Onlardan neçəsinin Azərbaycana gələn yollarda həlak olduğunu heç kim bilmir. Mən Sumqayıt hadisələri ilə məşğul olanda onlar artıq Bakıda idilər- mənzilsiz, pulsuz, əşyasız.

- Müharibə bitdi. Tərəflər sülh müqaviləsinin imzalanmasına, sərhədin demarkasiyası və delimitasiyası prosesinə və kommunikasiyaların açılmasına hazırlaşır. Sizcə, Azərbaycan erməni hərbi cinayətkarlarını dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərə görə tribunala verə bilərmi?

- Mən şübhə edirəm ki, bu, edilə bilər- münasibətlərin daha da kəskinləşməməsi üçün. İndi hər şey sakitdir. Hər iki tərəfin sakitləşməsi lazımdır.

Törədilən cinayətlərlə bağlı məsələlər davamlı qaldırılarsa, münasibətlər daha da pisləşəcək. İkinci Dünya Müharibəsinin tarixini xatırlayaq, 3 qalib dövlət və onlara qoşulan Fransa beynəlxalq tribunal yaratmaq qərarına gəldilər. Sonra hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi məsələsi öz-özünə ortaya çıxdı: məğlub olanların taleyini 3 qalib dövlət həll etdi.

Bu vəziyyətdə bu yaranın yenidən açılmaması daha yaxşıdır. İstək və niyyət olsa, hər şey qanuna uyğun olacaq.

- Azərbaycanda sizə necə münasibət bəsləyirdilər, ən çox nəyi xatırlayırsınız?

- Azərbaycanda məni Ukraynanın Zaporojye vilayətinin prokuror-kriminalisti kimi qəbul etdilər. Qəbul çox mehriban və qonaqpərvər idi.

Mən Azərbaycanın bir çox bölgələrində olmuşam və hər yerdə yerli sakinlər tərəfindən yalnız isti münasibət və hörmətlə qarşılaşmışam. Ermənistanda da belə idi, amma məni təəccübləndirən yeganə şey millətçiliyin təzahürü idi, azərbaycanlılar arasında belə bir şey görmədim. Bu erməni millətçiliyi bəzən sakit, bəzən də çox kəskin və qabarıq şəkildə özünü göstərirdi.

1989-cu ildə azərbaycanlı dostlarım ermənilərin Bakını, Azərbaycanı tərk etməsinə kömək edib, onları gizlətdilər. Bütün bunlar mənim gözümün qabağında oldu. Baxın, istintaqda bizə ən çox kim kömək etdi? Bəli, Sovet İttifaqının hər yerindən çoxlu əməliyyatçılar var idi, cinayətkarları axtarırdıq, amma əsas işi azərbaycanlı əməliyyatçılar görürdü. Bizə kömək etdilər, çünki bilirdilər ki, həqiqətən də cinayətkarları axtarırıq.

- Yenidən Bakıya gəlmək istərdinizmi?

- Təəssüf ki, yaşıma görə artıq xaricə səyahətə məhdudiyyət qoyulub. Çoxları məni Bakıya dəvət etdi, amma artıq alınmır. Əgər Moskvadasınızsa, buyurun, sizi görməyə şad olaram.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.