Pavel Klaçkov: “Ermənilər deyir ki, Moskva niyə müharibədə İrəvanı dəstəkləməyib, indi arbitr kimi çıxış edir” - ŞƏRH

3 Noyabr 2021 16:12 (UTC+04:00)

Politoloq: “Rusiya Bakı ilə İrəvan arasında ötən ilin noyabrında imzalanmış müqavilələrin bu ilin noyabrında əsl sülh müqaviləsinə çevrilməsində maraqlıdır”

“Ermənistan-Azərbaycan münasibətlərinin yaxın gələcəkdə həlli çətin ki, mümkün olsun. Hesab edirəm ki, tərəflərin barışması üçün birdən çox nəsil dəyişməlidir”. Rusiyalı siyasi ekspert Pavel Klaçkov “Caliber” analitik mərkəzinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan cəmiyyətində məyusluq o qədər güclüdür ki, təvazökarlıqdan və 2-ci Qarabağ müharibəsinin nəticələrini tanımaqdan çox uzaqdır.

“Bəzi iqtisadi faydalar, rifah səviyyəsinin yüksəldilməsi, məsələn, iqtisadiyyatda, siyasətdə müəyyən irəliləyiş olarsa, bu tərəzinin digər gözü üstün ola bilər və bu, dolayısı ilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına kömək edə bilər.

İndiki reallıqlarda İrəvanın bəzi bəyanatlarına baxmayaraq, sülh sazişi yalnız erməni tərəfinin manipulyasiya predmetinə çevriləcək. Ona görə də qarşıdan gələn üçtərəfli sammitdən səmərəli nəticə gözləməyə ehtiyac yoxdur.

Buna baxmayaraq, aydındır ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq bir müddətdir ki, sülhün Ermənistan üçün daha faydalı olduğunu müəyyən dərk edir və ölkənin iqtisadi inkişafı üçün imkanların açılmasına yönəlmiş uyğun diplomatiya nümayiş etdirir”.

Amma ekspert hesab edir ki, Cənubi Qafqazda sülh prosesinin möhkəmlənməsinə doğru irəliləmək üçün Paşinyan daxili siyasi problemlərin həllində çətinlikləri nəzərə alaraq öz mövqeyini qoruyub saxlamalıdır.

“Xüsusilə Ermənistanda silahlı qüvvələrdə aparılan təmizləmələr fonunda cəmiyyətin radikallaşması, millətçilik əhval-ruhiyyəsinin artması, silahlı üsyan təhlükəsi müşahidə olunur. Millətçilərlə bağlı bəzi problemlər var, onlar silah əldə edə bilərlər və ya artıq əldə edirlər ki, bu da Ermənistanda təhlükələrin dərəcəsini artırır. Eyni zamanda, Paşinyanın Ermənistan cəmiyyətində yaxşı dəstəyə malik olmasına, xaricdəki diaspora ilə şaxələnmiş əlaqələrə malik olmasına baxmayaraq, onun hakimiyyətdəki mövqeyi kifayət qədər güclü deyil. Qeyri-sabit daxili siyasi faktor Paşinyanı regional qərarlar qəbul etməkdə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı ciddi şəkildə zəiflədir. Ona görə də Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin təminatçısı və əsas arbitr kimi məhz Moskvanın çıxış etdiyini nəzərə alsaq, Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin tənzimlənməsində Rusiyanın vasitəçi iştirakı unikaldır. Rusiya Bakı ilə İrəvan arasında ötən ilin noyabrında imzalanmış müqavilələrin bu ilin noyabrında əsl sülh müqaviləsinə çevrilməsində maraqlıdır.

Başa düşmək lazımdır ki, söhbət çox gərgin bir regiondan gedir, hətta tərəflərdən birinin cüzi təxribatı belə uzunmüddətli hərbi münaqişəyə gətirib çıxara bilər. Bu, regional siyasətin əsas oyunçularından biri kimi Azərbaycanla qonşu olan İranın timsalında özünü büruzə verdi.

Fikrimcə, bütün dünya bir-birindən asılıdır, qonşu dövlətlər regional siyasət məsələlərində son dərəcə ehtiyatlı davranmalıdırlar, həddən artıq böyük ambisiyalar əks effekt verə bilər. Eyni zamanda, hər hansı bir dövlət üçün belə bir yanaşma heç bir şəkildə özünə inamı əngəlləməməlidir"-Pavel Klaçkov deyir.

Ekspert Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsini də nəzərdən qaçırmayıb: “İrəvanda və onun ətrafında anti-Rusiya əhval-ruhiyyəsinin aqressiv təzahürləri Moskvanın Rusiyanın özünün maraqlarına və Cənubi Qafqazda sabitliyə yönəlmiş balanslaşdırılmış siyasət yeritməsi, onun hərbi münaqişəyə qarışmaması ilə əlaqələndirilir. Deyilir ki, Moskva müharibə zamanı İrəvanı dəstəkləməyib, indi arbitr kimi çıxış edir. Rusiyanın bu mövqeyi Ermənistandakı ən radikal aqressiv “ağıllara” uyğun gəlmir çünki, onlar da Rusiya sərhədləri ətrafında sabitliyi pozmaları üçün Qərb təşkilatları tərəfindən sıxışdırılır.

Rusiyanın özündə də erməni diasporlarının nümayəndələri arasında anti-Rusiya əhval-ruhiyyəsinin artması tendensiyası müşahidə olunur ki, bu, kifayət qədər sərt anti-Rusiya bəyanatlarının şahidi olanda mənim üçün ümumiyyətlə təəccüblü idi.

Ola bilsin ki, bəzi Qərb xüsusi xidmət orqanlarının məqsədyönlü hərəkətləri də müəyyən dərəcədə anti-Rusiya əhval-ruhiyyəsinin qızışmasına şərait yaradır. Ermənistanın baş nazirinin Qərbə baxan ikili mövqeyi bundan irəli gəlir. İki stulda oturmaq mümkün deyil. Bu, çox həssas bir mövqedir, hər an bu stulların arasına düşə bilərsiniz. Bunu Ermənistanda başa düşmələri lazımdır”.

Tərcümə - Elçin Bayramlı