"ƏDV-nin ləğv edilməsi arzuolunan hadisə idi" - ŞƏRH EDİLDİ

3 Noyabr 2021 15:29 (UTC+04:00)

“Son bir neçə ildir ki, Azərbaycan mətbuatında ictimai dairələrdə kitaba, nəşriyyat sisteminə və KİV üçün gətirilən kağıza əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması barədə müzakirələr aparılırdı. Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin vergi məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı keçirilən müzakirələrdə bu məsələ nəşriyyat rəhbərləri və əlaqəli qurumlarla birlikdə müzakirə olundu". Bu fikirləri SİA-ya açıqlamasında Yazıçı, jurnalist, "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid deyib.

"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin bildiyinə görə, Azərbaycan Prezidentinin tapşırığı ilə vergi məcəlləsində dəyişikliklər olunub və təklif olunub ki, KİV və kitab çapı üçün ölkəyə gətirilən kağıza və eyni zamanda kitab nəşriyyat xidmətinə əlavə dəyər vergisi ləğv olunsun. Bu, orada toplaşan insanlar tərəfindən də çox rəğbətlə qarşılanıb. Həmin hadisə neçə illərdən bəri arzuolunan bir hadisə idi. Azərbaycan Prezidentinin bu reaksiyası və əlaqədar qurumların belə münasibəti bizdə xoş bir təəssürat yaratdı. Orada ümumi fikir belə oldu ki, bu lazımlı, vacib bir addımdır. Bu addım nəşriyyat sahəsində rəqabətin, nəşriyyatların inkişafının bir stimulu olacaq. Eyni zamanda yazılı mətbuat olan KİV-in iqtisadi vəziyyətinə böyük təsir edəcək. Çünki, yazılı mətbuat da qəzet kağızı üçün əlavə dəyər vergisi ödəyicisi idilər. Həmçinin kitab nəşr edən nəşriyyatlar üçün də bu addım çox münbit bir şərait yaradacaq. Bununla bağlı da bütün kitabsevərləri təbrik etmək olar”.