İsa Qəmbər bəs sən haradaydın? TƏRS BAXIŞ

3 Noyabr 2021 13:03 (UTC+04:00)

Yaxşı olardı ki, o, özünü “siyasi yetkin”, yaxud “böyük partiya” təmsilçisi yönündə aparmaqdansa, bax, bu sualların cavabını versin

Ənənəvi və zaman-zaman radikallığı ilə seçilən Müsavat Partiyasının öz gözündəki tiri görməyərək, başqalarının gözündə tük axtarması cəhdləri adıçəkilən siyasi təşkilatın köhnə şakərlərindəndir. Bu şakəri isə partiyaya siyasi təşkilatın eks-başqanı, qurumun Məclis üzvü İsa Qəmbər bənd edib, hətta belə desək, “keyfiyyət nişanı” kimi yapışdırıb. Halbuki əsl keyfiyyətə gələndə Müsavatın bu məsələyə ümumiyyətlə aidiyyatı yoxdur – nə siyasi, nə də digər cəhətlərdən. Dövlət çevrilişinə cəhddən tutmuş xarici dairələrin sifarişlərini həyata keçirmələrinə qədər bütün qəbuledilməz məsələlərə imza atan partiyanın bu təməlini də məhz İsa Qəmbər atıb. Eyni zamanda, müsavatçı yetkililərin həm də müxalifət düşərgəsindəki parçalayıcı fəaliyyətlərini də buraya əlavə edərsək, partiyanın siyasi cəhətdən dövlətçilik maraqları və dialoq mühiti üçün hər hansı ciddi fəaliyyəti barədə danışmaq qeyri-mümkündür. Belə olan halda bugünlərdə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin yenidən ortaya çıxaraq iqtidarın dialoq mühiti yaratmaq cəhdlərinə özünəməxsus ittihamedici fikirlər bildirməsi anlaşılmazdır.

Xain əməllərini nəyə və kimlərə görə etdiklərini xalqa açıqlamırlar!

Misal üçün, fakr budur ki, son dövrlərdə, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanda siyasi baxış və orientasiyalarından asılı olmayaraq və Müsavatla AXCP-ni çıxarsaq, demək olar ki, bütün müxalifət partiyaları bir araya gəlməklə həm Ordunun, həm də Ali Baş Komandanın yanında olduqlarını yekdilliklə bəyan etdilər. Bu bəyanatın xalqın birliyi və Vətən uğrunda müharibədə qələbəsi üçün çox böyük əhəmiyyəti vardı. Lakin nə Müsavat, nə də AXCP həmin əhəmiyyətə varmadılar, yaxalarını kənara çəkdilər və bu gün də həmin xain əməllərini nəyə və kimlərə görə etdiklərini xalqa açıqlamırlar. Bütün bunların yerinə çıxırlar sosial şəbəkələrə və utanmazcasına 30 il işğal altında qalmı torpaqlarımızı düşmən tapdağından azad etmiş xalqın hakimiyyətinə qarşı dil uzadır, tələblər irəli sürürlər.

İndi isə gəlin görək, xalqın, ölkənin çətin anlarında ortada görünməyən İsa Qəmbər nə deyir, nə danışır?

İsa Qəmbər və Arif Hacılı nə zamandan dəvətlərə, təkliflərə müsbət cavab verdilər ki, indi də ittihamlar səsləndirirlər?

Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti sayəsində yaranan dialoq mühitinə pəl vurmağa çalışan bu adam iddia edir ki, guya hakimiyyət müxalifət partiyalarının fəaliyyətlərinin məhz həmin şöbə ilə əlaqələndirməli olduqları tələbini irəli sürüb və s. Əsassız və məntiqsiz bir düşüncə tərzi qoyan İsa Qəmbər və eyni zamanda, saxta seçkilər yolu ilə öz yerinə təyin etdiyi Müsavat Partiyasının başqanı Arif Hacılı nə zamandan adıçəkilən şöbənin dəvətlərinə, təkliflərinə müsbət cavab verdilər ki, indi də onu ittiham edirlər? Faktlara diqqət yetirək: ötən ilin iyulunda Tovuz hadisələri zamanı siyasi partiyalar bəyanat yaydılar və Müsavatçılarla cəbhəçilərin adları orada yox idi. Sentyabrdın 27-də başlayan Vətən müharibəsində də eynilə həmin olay təkrarlandı. Müharibədən sonra azad edilmiş ərazilərimizə səfərlər təşkil olundu və bu dəfə də həmin partiyalar yaxalarını kənara çəkdilər. Belədirsə, onda İsa Qəmbərin ittihamının həm də mənasız olduğunu düşünməyə kifayət qədər zəmin yaranır. Üstəlik, edilən dəvətləri də inkar edən İsa Qəmbər yenə də günahı atır Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin üstünə, halbuki, ona dəfələrlə dəvətlər göndərilib!

Bu gün Müsavatın kiçimsədiyi digər müxalifət partiyalarının mövcudluğu müsavatçılardan qat-qat üstündür!

Başqa tərəfdən, fakt budur ki, hakimiyyəti digər ifadə ilə iqtidar adlandırırlar, yəni hakim söz iqtidarda olur və müxalifət müəyyən məsələlərdə öz siyasi maraqlarını, yaxud tələblərini etmək üçün iqtidarla dialoqa getməlidir. Əgər həmin dialoqa gedilmirsə, bu zaman iqtidar nə etməlidir? Onların arxasınca kortejmi göndərməlidir, yaxud uzun mətnli minnət məktubları ünvanlamalıdır? Yaxud, Müsavat Partiyasının digər müxalifət partiyalarından üstün cəhəti nədədir ki, özünü bu qədər göylərdən aparır? Çünki son zamanlardakı fəaliyyətlərə baxsaq bu gün Müsavatın kiçimsədiyi digər müxalifət partiyalarının mövcudluğu müsavatçılardan qat-qat üstündür! Onlar dövlətçilik maraqlarını müdafiə edir və bu məsələdə iqtidarla dialoqa gedirlər, ortada olan problem və nöqsanların aradan qaldırılması yönündə birgə fəaliyyət göstərirlər.

İsa Qəmbər deyir ki, milli birlik, həmrəylik həddindən artıq önəmlidir və ötən il müharibə başlayandan bir neçə saat sonra Müsavat Partiyası bəyanat yaydı, xalqın, ordunun yanında olduğunu bildirdi. Yaxşı, belədirsə, onda Müsavat Partiyası nəyə görə milli birlik, həmrəylik cəhətindən çıxış etməyərək, ümumi bəyanata qoşulmadı? Nyə Ali Baş Komandanın ətrafında dayanan milyonlarla azərbaycanlılardan biri olmadı? Əslində, bu da bəllidir – bəs xaricdəki ermənipərəst ağalarına nə deyəcəkdi?

Yaxşı olardı ki, İsa Qəmbər özünü “siyasi yetkin”, yaxud “böyük partiya” təmsilçisi yönündə aparmaqdansa, bax, bu sualların cavabını versin. Zatən onun istər əvvəl, istərsə də sonrakı fikir və düşüncələrinin Azərbaycan xalqı üçün ümumiyyətlə, çəkisi, dəyəri mövcud deyil. Bunu onun özü də yaxşı bilir!

Rövşən RƏSULOV