İqbal Ağazadəyə bir-iki kəlmə məsləhət KÖŞƏ

3 Noyabr 2021 12:04 (UTC+04:00)

Mən həyatım boyu siyasi proseslərin içində olmağa məcbur olmuş, siyasətçi olmasam da, siyasi proseslərə istəmədən cəlb olunmuş bir qələm adamıyam. Həyatımın böyük bir hissəsi vətəndaş cəmiyyətinin, yəni medianın və qeyri-hökumət təşkilatları sektorunun sıralarında keçib. Bu sektorun demokratik ölkələrin inkişafında hansı rola malik olduğunu deməyə də ehtiyac görmürəm. Fəqət bəzən elə tanınmış simalar bu sektorla, yəni vətəndaş cəmiyyəti ilə bağlı elə fikirlər səsləndirirlər ki, buna cavab verməmək olmur. Bir onlayn televiziyası var- “Reaksiya TV”! Səmimi deyirəm, sosial şəbəkələrdə yayımlanan çox az televiziyalar var ki, vaxt imkan verdiyi qədər onları izləməyə can atıram. Burada yayımlanan siyasi reaksiya proqramını isə, demək olar hər gün izləyirəm. Lazım gələndə fikirlərimi də yazır, şərh verirəm. O cümlədən həftənin məlum günlərində Zaur bəyin qonağı olan “Ümid” partiyasının sədri İqbal Ağazadənin də siyasi reaksiyasını tez-tez izləyirəm. Çox zaman obyektiv, eynilə dövlət və milli maraqları şəxsi və partiya mənafelərindən üstün tutan müxalif partiyanın sədri bu dəfə ampluasını qoruya bilmədi. Bir sıra məsələlərə münasibət bildirən keçmiş millət vəkili indiki çıxışında necə qızışmışdısa, əminəm ki, sonradan özünün də baxıb peşman olduğu bəzi fikirlər səsləndirdi. Başqa dedikləri ilə işim yoxdu. İyirmi ildən artıq ölkənin kifayət qədər tanınmış bir partiyasına rəhbərlik edən siyasi hakimiyyət iddialı bu adamın vətəndaş cəmiyyəti, yəni qeyri-hökumət təşkilatları və media ilə bağlı dediklərinə seyrçi qalmaq, sadəcə, mümkün deyil. İqbal bəy deyir ki, dövlət bir sıra qurumlara maddi vəsait ayırmaqla büdcənin yükünü artırır və onun dediyinə görə, nəticədə, insanların sosial durumunu yaxşılaşdırmağa pul çatmır. Bəzi nazirliklərin, dövlət şirkətlərinin, publik hüquqi şəxslərin ehtiyac olmadan(?) maliyyələşdirilməsi sırasında QHT-lərə və mətbuata dövlət dəstəyinin verilməsini də lazımsız(?) izafi xərc kimi qeyd etdi. Əgər bunu sıradan biri və ya bu gün göbələk kimi çoxalmaqda olan siyasi qurumlardan birinin sədri desə, normal qarşılamaq olardı. Amma siyasi iddialı bir partiya sədrinin demokratik cəmiyyətlərdə medianın və QHT-lərin rolunu dərk etməməsi, ona gərəksiz yerə dəstək verilməsi fikrini gündəmə gətirməsi, yumşaq desək, təəssüf və təəccüb doğurur. Ona görə də bütün həyatını vətəndaş cəmiyyətinin inkişafına həsr etmiş bir vətəndaş olaraq İqbal Ağazadənin bu “siyasi reaksiya”sına tərəfimdən qeyri-siyasi reaksiya verməyi lazımlı hesab etdim. Həm də mətbuatla bağlı dediklərini bir kənara qoyub (bunu cəmiyyətdə körpə uşaq da anlayır ki, mətbuatın, həm də obyektiv, qərəzsiz, müstəqil mətbuatın indiki dünyamızda rolu nədən ibarətdir), yalnız QHT sektoru ilə bağlı bir-iki kəlmə deməyi özümə borc bildim. İqbal bəy bilirmi ki, Azərbaycanda bu sektor, SSRİ dönəmində birmənalı olaraq kənara atılmış sahələrdən idi və əslində, 1988-ci ildən, hələ Sovet Hakimiyyətinin at oynatdığı dövrdən kommunist rejiminin iradəsinə qarşı bu sektor yaranmağa və sürətlə inkişaf etməyə başladı. Onu da bilirmi ki, Azərbaycanda yaranan bu tipli QHT-lər, başda sonradan siyasiləşdirilmiş Azərbaycan Xalq Cəbhəsi olmaqla, sovetlər birliyinin dağılmasında və müstəqil, demokratik Azərbaycan dövlətinin yaradılmasında hansı rola malik olub? Bu gün Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında, beynəlxalq qurumlara cəmiyyətin istəklərinin çatdırılmasında, dünyanın yüzə yaxın ölkəsində müxtəlif məzmunlu, əsasən də, Azərbaycanın haqqının tanınması yönümündə tədbirlərin keçirilməsi və ona həm dünya dövlətlərinin, həm də beynəlxalq qurumların reaksiyası haqqında məlumatlı olmayan bir adam, yaxşı olar ki, bunları öyrənsin, sonra o haqda fikir səsləndirsin. Ölkə daxilində də, bir çox siyasi təkilatlardan fərqli olaraq, ən ağrılı problemlərin həlli yolunda fəal QHT-lərin uzunmüddətli, atdıcıl və qətiyyətli mövqeyi çox sayda problemlərin həllində əsaslı rol oynayıb. Mənim bu qısa yazıda rəqəmlər səsləndirmək, çoxsaylı faktlardan misallar sadalamaq imkanım yoxdur. Məmnuniyyətlə İqbal Ağazadə ilə üz-üzə əyləşib “sayı 60-a yaxınlaşan partiyaların, yoxsa vətəndaş cəmiyyəti institutlarının ölkənin inkişafında rolu böyükdür?” sualına ictimaiyyət qarşısında cavab verərdim... Siyasilər, o cümlədən İqbal bəy unutmasınlar, QHT-lərin hansısa siyasi məqsədləri olmadığından gördükləri xırda bir işi, bəzi siyasi təşkilatlar kimi, böyüdüb cəmiyyətin gözünə soxmağa çalışmırlar. QHT-lər işlərini görür və nəticəni də bilməli olanlar bilir. Kimsə bilmirsə, buyurub öyrənsin, sonra efirlərdə əsib-coşsun!

Təhmasib Novruzov