İşıqlı gələcəyə yol açan Qələbə

2 Noyabr 2021 17:50 (UTC+04:00)

Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.

Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, eləcə də Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq: “Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.

İsrafil Kərimov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü