Şagirdlər niyə dərsə getməkdə tənbəllik edir? - TƏHSİL EKSPERTİ İZAH ETDİ

2 Noyabr 2021 16:35 (UTC+04:00)

“İlk növbədə qeyd edim ki, 2020-ci ilin mart ayından, yəni pandemiyadan sonra şagirdlərimiz uzun müddət təhsil prosesindən kənarda qaldılar. Yalnız 2020-ci il sentyabr ayının 15-də bir ay müddətində hibrid təhsil bərpa olundu”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, daha sonra 2021-ci ilin fevralında tədrisi qısamüddətli bərpa etdikdən sonra məktəblərdə yenə də tədris distanta keçdi: “Ümumilikdə şagirdlər 1 il 6 aydan çox tədris prosesindən kənarda qaldılar və onlar onlayn qaydada dərslərdə iştirak etdilər”.

“Etiraf edək ki, onlayn dərslərdə iştirak etmək şagirdlər üçün daha rahatdır. Onlar bu yolla ev şəraitində və rahat olurlar. Belə tədris isə təbii ki, keyfiyyətli olmur. Məhz bu qədər müddət tədris prosesindən kənarda qalmaq şagirdlərdə tənbəllik yaratdı. Bu çox ciddi bir məsələdir və biz proqnozlaşdırmışdıq ki, tədris bərpa olunduqdan sonra ən ciddi məsələ şagirdlərin tədrisə adaptasiyası, yenidən qayıtması ilə bağlı problem olacaq”.

“Lakin, 22-29 sentyabrdan dərslər bərpa edildikdən bəri istər tələbələr, istərsə də orta məktəbdəki şagirdlər dərs prosesində iştirak etməyə müəyyən qədər laqeydlik nümayiş etdirirlər. Bu yaxşı tendensiya deyil. Hesab edirəm ki, bu gələcəkdə fəsadlar yaradacaq”.

“Həmçinin, davamiyyət ardıcıllığına baxanda görürük ki, vəziyyət getdikcə zəifləyir. Yəni, davamiyyətsizlik artıb. Bütün bu pandemiyada baş verənlər şagirdlərin əlinə əsas verir ki, onlar dərs prosesində iştirak etsinlər. Bu yaxşı tendensiya deyil. Biz mütləq şəkildə icbari təhsili bərpa etməliyik”.

Ayşən Vəli