Çay və kofenin zərərləri BUNLARDIR - QİDALANMA MÜTƏXƏSSİSİ İZAH ETDİ

2 Noyabr 2021 15:42 (UTC+04:00)

“Ümumiyyətlə çay və kofenin faydalı və zərərli tərəfləri var. Bəzən də bir çox insanlar çayı, kofeni halbuki orqanizmə su daha faydalıdır, sudan daha çox istifadə edirlər. Mən deyərdim ki, ümumiyyətlə günlük miqdar çox önəmlidir. Çünki ən əsas məsələ çayın da kofenin də tərkibindəki kofeindən gedir və təbii ki, bu kofeinin də orqanizmə faydalı miqdarı var ki, məsələn, günlük kofein miqdarı normal 400 mq hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, əgər bu insanlar hamilədirsə və yaxud südverən anadırsa bu halda bu tam yarıya endirilir: “Yəni, 200 milliqram olmalıdır. Bir fincan kofe təxminən 100, çay isə 50 milliqram edir. Buradan da görünür ki, çayın tərkibindəki kofein daha azdır və təbii ki, kofedəki daha çoxdur. Ona görə mütləq şəkildə bunu miqdarla tarazlaşdırmaq daha yaxşı olar”.

O, sözlərinə belə davam edib: “İlk olaraq, faydalarını demək istəyirəm ki, kofein qısa müddətdə orqanizmə enerji verir və enerji verdikdə beyinin daha yaxşı çalışdığını hiss edirlər. Buna görə çaydan, kofedən istifadə etməyə meylli olurlar və bir növ də alışqanlıq yaranır. Bundan başqa mədə şirəsinə dəstəkçi olur, həzmi yaxşılaşdırır və bunun səbəbini də maddələr mübadiləsi də sürətlənir eyni zamanda da çay, kofedə antioksidantdır və antioksidant da orqanizmdə bir çox zərərli hesab etdiyimiz maddələrin zərərsizləşdirilməsinə yardım edir. Buna görə də çayın tərkibində olan antioksidantlar daha faydalı hesab olunur. Antioksidant yaşıl çayda daha çoxdur. Amma biz, bu gün qara çaydan danışırıqsa, əsasən bu özəlliklərini qeyd etmək istəyirəm”.

“Ancaq bütün bu saydıqlarımızın yanında təbii ki, zərərləri də çoxdur. Hətta, zərərləri faydasından daha çoxdur. İlk olaraq odur ki, həddindən artıq çox çay içildikdə, kofe içildikdə orqanizmdə kalsium əriməsi sürətlənir və bu xüsusilə yaşlılarda da daha çox özünü göstərir ki, yaxşı olar ki, miqdarı keçməsinlər. Bundan başqa həddindən çox çay, kofe içən insanlarda qanda homosistein maddəsi var bunun miqdarı artdıqda ürək-damar xəstəlikləri riski artır və xüsusilə yenə də yaşlı insanlarda yaddaş problemlərinə səbəb olur. Buna da diqqət etmək lazımdır. Həddindən artıq kofe içdikdə ürək döyüntüsü çox artır, yüksək qan təzyiqi artır ki, bu da artıq risk faktorudur”.

”Çay orqanizmdəki dəmirin orqanizmə faydalarını azalda bilir. Mütləq şəkildə buna da diqqət etmək lazımdır. Xüsusilə, yeməklərdən dərhal sonra içilən çay orqnizmdə aldığımız qidadan dəmirin qana sovrulmasının qarşısını alır. Ona görə də yeməkdən 45 dəqiqə ya əvvəl ya da sonra çay içilməsi faydalı hesab olunur. Gün ərzində yaxşı olar ki, kofe içiriksə sağlamlıq üçün bir fincan ən uzağı iki fincan içilə bilər. Çay isə iki, üç fincandan artıq içilməməsi daha faydalıdır və təbii ki, çayı təzə dəmləndiyi halda içmək lazımdır. Bəzən olur ki, bir neçə saatdan artıq dəmlənmiş çay içirlər və bu da zərərlidir. Mütləq şəkildə bu hallardan da qaçmaq lazımdır”.

Ayşən Vəli