"Belə təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür” - HƏRBİ EKSPERT AÇIQLADI

2 Noyabr 2021 14:39 (UTC+04:00)

“Hər bir dövlət üçün ən əsas məsələlərdən biri onun silahlı qüvvələrinin güclü olmasıdır. Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək olması üçün də daim şəxsi heyət hazırlıqlı olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, döyüş hazırlığının yüksək olması da keçirilən dərslərdən asılıdır: “Hərbidə təsdiq olunmuş plana uyğun olaraq hərbi qulluqçular arasında dərslər keçirilir. Bu keçirilən dərslər də təlimlər, yarışlar vasitəsilə yoxlanılır. Hər təlimdə ordunun müsbət və mənfi cəhətləri məlum olur. Bu təlimlər və yarışlar sayəsində əsgərlərin bilik və bacarıqlarının mübadiləsi gedir. Yarışların da məqsədi güclü hərbi hissələri müəyyənləşdirmək, onları mükafatlandırmaq, bu yarışlarda geri qalmış hərbi hissələrin işini daha da gücləndirməkdən ibarətdir. Təlimlər və yarışların əsas məqsədi hərbiçilərin hər zaman döyüş hazırlığının yüksək səviyyədə olmağı və hər an verilən tapşırıqlara hazır olmaqlarını təmin etməkdən ibarətdir. Vətən müharibəsindən sonra da Azərbaycan Ordusu davamlı olaraq tətbiq edilmiş plana uyğun olaraq təlimlər, yarışlar keçirir. Bu bütün qoşun növləri arasında olur. Əsgərlərin fərdi hazırlığından tutmuş bölük hazırlığı, tabur hazırlığı, hərbi hissə hazırlığı və s. kimi təlimləri həyata keçirdikdən sonra genişmiqyaslı təlimlər həyata keçirilir. Burada hər bir əsgərin, zabitin, gizirin və müddətdən artıq hərbi qulluqçunun bilik və bacarıqları artırılır. Bu təlimlər hər fəsilə uyğun keçirilir. Dağda, düzənlik ərazidə, meşəlik ərazidə müxtəlif situasiyalara uyğun olaraq, müxtəlif qoşun növlərinin hər zaman yüksək hazırlığı üçün belə təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür”.

Arzu Qurbanzadə