Roman Boriskin: Azərbaycan rusları da Qarabağ və Qələbə üçün döyüşdü və şəhidlər verdi - MÜSAHİBƏ

2 Noyabr 2021 13:44 (UTC+04:00)

Azərbaycan Rus Gəncləri Assosiasiyası (ARMA) rus xalqının ölkənin ictimai həyatında fəal iştirak etməkdə maraqlı olan 3 minə yaxın nümayəndəsini birləşdirir. ARMA fəallarına tez-tez öz fikirlərini rahat ifadə etdikləri, vətəndaş mövqeyi nümayiş etdirdikləri və Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafına töhfə verdikləri tədbirlərdə rast gəlmək olar. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytardığı 2020-ci il rus gəncləri üçün xüsusi il oldu. 44 günlük Qarabağ müharibəsi zamanı ARMA fəalları informasiya müharibəsində fəal iştirak etmiş, cəbhəyə bağlamalar göndərmiş və bir çox başqa mühüm işlər görmüşlər. ARMA fəallarının son təşəbbüslərindən biri də 2021-ci ilin yayında iki ölkə arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək, müxtəlif sahələrdə əlaqələri möhkəmləndirmək məqsədi daşıyan “Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun” yaradılması olub. ARMA-nın rəhbəri Roman Boriskin “Moskva-Bakı”ya müsahibəsində yeni klub və 2-ci Qarabağ müharibəsi zamanı rus gənclərinin fəaliyyəti barədə danışıb.

- Son 1 ildə ARMA-nın nümayəndələri Azərbaycanda keçirilən aksiyalarda, tədbirlərdə iştirak edərək müxtəlif ictimai təşəbbüslər yaradaraq böyük fəallıq nümayiş etdiriblər. Rus gəncləri arasında fəallar haqqında məlumat verə bilərsinizmi?

- Məncə, kimisə ayırmaq düzgün deyil. Hər kəs mümkün qədər faydalı olmağa çalışır. Azərbaycan Rus Gəncləri Assosiasiyası 2004-cü ildən fəaliyyət göstərir. Yarandığı andan bu günə qədər rus mədəniyyətinin, rus icmasının bir hissəsi olmaq istəyən hər kəsi birləşdirdi. Biz çox şadıq ki, Azərbaycanda ənənəvi bayramlarımızı qeyd edə bilirik, mədəniyyətimizdən açıq danışırıq, öz dilimizdə danışırıq, təhsil alırıq.

Bütün fəallarımız öz layihələrini yaradırlar, komandalara toplaşırlar, vətəndaş mövqeyini nümayiş etdirirlər. Onlar Azərbaycanın rus icmasından, “Rossotrudniçestvo”dan, gənclərlə işləyən bir sıra yerli ictimai təşkilatlardan dəstək alırlar. Bütün fəallar istedadlı uşaqlardır və tezliklə özlərini müxtəlif sahələrdə peşəkar və mütəxəssis kimi göstərəcəklər.

Bu yaxınlarda ARMA fəalları təşəbbüs göstərərək müxtəlif ictimai təşkilatların nümayəndələrinin, siyasətçilərin, jurnalistlərin, mədəniyyət işçilərinin və bir çox başqa şəxslərin iştirak etdiyi “Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubu”nu təşkil etdilər. Klub təkcə gəncləri Rusiya-Azərbaycan dialoqu ətrafında birləşdirmək üçün deyil, həm də gənc fəalların və gələcək diplomatların ekspertlərə və siyasətçilərə birbaşa olaraq müvafiq suallar verə bilməsi üçün yaradılıb.

- Bir həftədən sonra noyabrın 8-də Qələbə günü qeyd olunacaq. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın rus gəncləri üçün hansı hadisələrlə yadda qaldı?

- İl çox tez keçdi. Sanki dünən bütün Azərbaycan xalqı Şuşa şəhərinin, bütün Qarabağın işğaldan azad edilməsini paytaxt küçələrində şadlıq hissi ilə qeyd edirdi. Bütün hamı sevinirdi - azərbaycanlılar, ruslar, yəhudilər, Azərbaycanda yaşayan bütün digər millətlərin nümayəndələri.

Müharibənin bütün 44 gününü xatırlamağa dəyər. Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi hər zaman ehtiramla yad edəcəyik. Onların arasında rus oğlanları da vardı - Denis Pronin və Dmitri Solntsev. İkinci Qarabağ müharibəsindən sağ-salamat qayıdan rus qəhrəmanlarını- Buzanov qardaşlarını, Vladislav Karçaşkin, Denis Quzlayev, Aleksandr Kornev, Pavel Zorin, Oleq Sapunkov, Vaqif Pçelkin, Qaleyev qardaşlarını da qeyd etmək istərdim. Azərbaycanda hər kəs onlarla fəxr edir, onlara böyük hörmətlə yanaşır. Bu, tolerantlığın və multikulturalizmin real təzahürü deyilmi?

Müharibə günlərində Azərbaycan Rus Gəncləri Assosiasiyasının fəalları özlərini informasiya müharibəsində də göstərdilər. Telegram kanalları yaratdılar və Qarabağ münaqişəsi ilə bağlı şəbəkədə gedən bütün xəbərləri təhlil etməyə başladılar. Hər bir xəbərin etibarlılığı yoxlanıldı və saxtakarlıq aşkar edilərsə, ictimaiyyətə məlumat verilirdi. Bundan əlavə, komandamız hər gün müxtəlif ölkələrdən yüzlərlə mesaja cavab verib, münaqişənin tarixi ilə bağlı etibarlı məlumatlar və faktlar təqdim edib. Azərbaycanın rus icması ilə birlikdə fəallarımız bağlamaların yığılıb cəbhəyə göndərilməsində iştirak ediblər.

Bütün 44 gün bizim üçün gərgin keçdi, ona görə də Prezident İlham Əliyev müharibənin başa çatdığını, uzun illər işğal altında olan torpaqların azad olunduğunu bildirəndə sevincimizi təsvir etmək çox çətindir.

Tərcümə - Elçin Bayramlı