Daşkəsəndə Vətən Müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

2 Noyabr 2021 13:00 (UTC+04:00)

Noyabrın 2-də daşkəsənli Vətən Müharibəsi şəhidləri əsgər Şıxıyev Orxan Raqif oğlunun və əsgər Cabbarov Muraz İlham oğlunun Daşkəsən rayon Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Keçirilən anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi komissar, şəhid anaları, qazilər, ziyalılar və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub, onların döyüş yolundan söhbət edilib, xatirələri anılıb.

Qeyd edək ki, Şıxıyev Orxan Raqif oğlu 29 sentyabr 1989-cu ildə Daşkəsən rayon Dəstəfur kəndinə anadan olub. O.Şıxıyev ötən il noyabrın 2-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident cənab İlham Əliyevin sərəncamlarına əsasən, O.Şıxıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cabbarov Muraz İlham oğlu 7 mart 2000-ci ildə Daşkəsən rayon Zağalı kəndinə anadan olub. M.Cabbarov Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli döyüşləri zamanı şəhid olub, 2 noyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin sərəncamlarına əsasən, M.Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunamsına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərirlər. Bütün daşkəsənlilər adından möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Allah Şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun.