“Şamaxı və İsmayıllı dağlıq Şirvan iqtisadi rayonuna daxil olan rayonlar kimi son illər infrasturukturun genişləndirilməsi, eyni zamanda regionda mövqeyinin artması ilə seçilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, dağlıq Şirvan ərazisində iqtisadi fəal əhalinin sayı 160 mindən artıqdır: “Nəzərə alsaq ki, burada məşğul əhalinin sayı 153 mindir. Son dönəmlər biz, hər iki rayonda yeni iş yerlərinin yaradılmasını müşahidə edirik. Bu iş yerləri də daha çox aqrar və emaledici sektorda müşahidə olunur”.
Deputat sözlərinə belə davam edib: “Əvvəlki ildə sözügedən iqtisadi rayonda 4675 yeni iş yeri yaradılmışdı və bu iş yerlərinin əsas hissəsi də Şamaxı ilə İsmayıllının payına düşür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın rayonlara, o cümlədən Şamaxı və İsmayıllıya səfərləri həmin ərazilərimizin inkişafı baxımından vacib hesab olunur”.
“Nəzərə alsaq ki, bu səfərlər zamanı yeni iş yerlərinin yaradılmasına xidmət edən açılışlar həyata keçirilir. Eyni zamanda, bütövlükdə rayonun inkişafı ilə bağlı xüsusi tapşırıqlar verilir. Bu səfər imkan verəcək ki, Şamaxı və İsmayıllı yeni iş yerlərinin yaradılması baxımından fərqlənən rayonlarımızdan olacaq”.
Ayşən Vəli