Filmlərdə onkoloji xəstələrin öldürülməsi düzgündür? - PSİXOLOQ İZAH ETDİ

2 Noyabr 2021 11:35 (UTC+04:00)

"Bildiyimiz kimi insan həm sosial, həm fizioloji, həm də psixoloji baxımdan kompleks dəyərləndiriləcək bir varlıqdır. Bütün xəstəliklərin fizioloji göstəriciləri olduğu kimi psixoloji səbəbləri də mövcuddur. Əsasəndə onkoloji xəstəliklərdə araşdırmalar göstərir ki, istər yaranma prosesində, istərsə də müalicə mərhələsində psixoloji sferanın əhəmiyyətli təsiri vardır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ləman Rzayeva deyib.

Onun sözlərinə görə, onkoloji xəstəliklə mübarizə aparan insanların əksəriyyətində yanaşı olaraq depressiyaya, təşviş pozuntusu kimi hallar qeydə alınır: "Onsuz da ağır bir fizioloji etapdan keçən xəstələrin ehtiyacı olan əsas məqam psixoloji sağlamlığına diqqət edilməlidir. Onların psixologiyasına mənfi təsir göstərən əsas məqamlardan biri də televiziya və filmlərdə onkoloji xəstələrin acınacaqlı sonunun ölümün verilməsidir. Bu kimi ssenariləri görən xəstə yaşadığı çətinliklərdən əlavə bir də psixoloji olaraq gücünü itirir və mübarizə üçün inamı azalır. Filmlərdə göstərilən ağrılı müalicə prosesi, faciəli ölümlər yeni diaqnoz qoyulmuş və ya sağalma mərhələsində olan xəstədə depressiv halları artırır. Sağlam yanaşma ilə xəstəyə keçirdiyi xəstəlik uyğun dillə izah olunmalıdır. Çünki əksinə gizlədilməsi də xəstədə inamı azaldır, cavabı naməlum suallar biraz daha təşvişini artırır. Yaxınların dəstəyi, fizioloji müalicələrlə yanaşı psixoloji dəstək ilə sağalma prosesi həm sürətlənəcək, həm də daha rahat keçəcək".

Ayşən Vəli