Korona işbazları karola çevirdi KÖŞƏ

1 Noyabr 2021 11:26 (UTC+04:00)

Hər zaman tarixi kitablardan, bugünkü internet resurlarındakı xəbərlərdən oxuyur, məlumatlı şəxslərdən eşidir, bəzən də özümüz əyani şəkildə görürük ki, dünyamızda bədxahlar, oğrular, banditlər, cibgirlər, xain və satqınlar, eləcə də insan faciəsi üzərində torpaqlar ilhaq etməyə, sərvətlər qazanmağa cəhd edən məxluqlar az deyil. Elə məxluqlar da var ki, daha dərinə gedir, millətlərarası münaqişələr yaradır, müharibələr törədir. Nədi-nədi var-dövlət qazanacaq. Təbii ki, müharibə deyəndə göz önünə dağılmış şəhərlər, viran edilmiş ərazilər, müharibənin qurbanı olan insanlar gəlir. Yəni bir-iki nəfərin maraqları səbəbindən milyonlarla insan fəlakətlə üzləşir, minlərlə yaşayış məskəni xarabazarlığa çevrilir. Yazılı mənbələrə görə, dünya yaranandan bu günə qədər ümumilikdə 400 min dəfə irili xırdalı müharibələr baş verib və bu müharibələr zamanı 3.5 milyard insan həyatını itirib. Bütün müharibələr də o bir-iki nəfərin qurduğu fitnə-fəsadla baş verib. Tanınmış iqtisadçıların dediyinə görə, bu gün dünyada gedən müharibələrə bir ay ərzində 29 milyar da ABŞ dolları xərclənir ki, bunun da yarısını xərcləməklə bəşəriyyətin bəzi bölgələrində yaşanan aclığı, səfaləti tamamailə aradan qaldırmaq olar. Yəni gözlərini qan tutmuş məxluqlar müharibələri dayandırıb, xərcləri aclığın aradan qaldırılmasına yönəltsələr, o zaman Afrika qitəsində, Suriyada, İraqda, Əfqanıstanda və digər bölgələrdə qida çatışmazlığından ölüm yatağına uzanan insanları xilas etmək olar. Görünən isə ondan ibarətdir ki, bəşəri fəlakət “müharibə azarkeşləri”ni bəd əməllərindən çəkindirmir. Əksinə pul əldə etmək, vara-dövlətə sahib olmaq, xırda ölkələri əsarət altında saxlamaq istəklərini reallaşdırmaq üçün fəaliyyətlərini davam etdirməkdədirlər.

Yeri gəlmişkən pul yaxşı şeydir, hətta çox şirin şeydir demək olar. Bəzən elə olur ki, pul əldə etmək, vara-dövlətə sahib olmaq üçün heç də müharibə aparmağa ehtiyac duyulmur. Elə götürək bu gün dünyada tüğyan edən pandemiya dövrünü. İnsanları koronavirus bəlası elə sıxışdırıb ki, hansı diribaş məxluq hansı istiqamətə aparsa, nə təklif etsə, ona gedirlər, təki virus bəlasına mübtəla olmasınlar. Dağda-daşda, meşələrdə ətirli-qoxulu bitki qalmayıb, insanlar onları yığıb, çay yerinə dəmləyib, içirlər. Şəhərdə təsadüfən biri kəndçisi ilə görüşəndə salam-kəlamdan sonra xahişi, kənddən ona filan bitkini yığıb göndərməsi olur. Bir zamanlar bazarlarda piştaxta önündə günlərlə qalan bağ yarpağı, zəncəfil və digər bitkilər pandemiya səbəbindən ən tez satılan məhsula çevrilib, özü də baha qiymətə. Pandemiyadan qaz vurub, qazan dolduranların da sayı kifayət qədərdir. Yəni koronavirus pandemiyası dünya iqtisadiyyatını çökdürüb, əksər iş adamlarını müflis etsə də, pandemiya dövründə böyük sərvətlər qazananlar da az deyil. Ən çox qazananlar vaksin istehsal edən şirkətlərdir. Beynəlxalq maliyyə institutlarının yaydıqları məlumatlara görə, 2020-ci ildə dünyanın ən böyük 50 dərman şirkəti 851 milyard dollar qazanc əldə edib. Xüsusilə də, dünyanın aparıcı dərman şirkətləri olan “Johnson & Johnson”, “Roche”, “Pfizer”, “Eli Lilly” və “Novartis” şirkətləri dərman satışından 678,7 milyard dollar qazanıblar. Başqalarının cibini güdüb, onların pulunun məbləğini saymağa adət edən “Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb. Jurnal iddia edir ki, “COVID-19” pandemiyasının tüğyan etdiyi dövrün ilkin iki ayı ərzində milyarderlər əlavə olarq 255 milyard ABŞ dollar qazanıblar. “COVID-19” pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb. Dünyanın ən varlı adamı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezos göstərilən müddətdə 29,9 milyard qazanaraq kapitalını 146,9 milyard ABŞ dollarına qədər artırıb. Təəssüf ki, Azərbaycanda da yaranan fürsətdən istifadə edib, pul qazananlar var. Bu cür cibsoydu əməlləri müxtəlif sahələri əhatə edir. Bir il öncə apteklərdə qiyməti iki manata olan dərman bu gün 10-12 manata satılır. Xəstəxanalarda həkimlər var ki, pandemiyanın yaratdığı bəladan bəhrələnərək bir növ özlərinə biznes qurublar. Kənddən- kəsəkdən qoyununu, quzusunu dəyər dəyməzə satıb, Bakıya xəstəxanaya müayinə və müalicəyə gələn insanl həkim soyub, talayıb, evinə cibi boş yola salır. Artıq həkim qapısını döyüb, içəri daxil olmaqda olan insana xəstə kimi deyil, obyekt kimi baxır. Niyyəti ancaq ondan ibarət olur ki, canı ilə əlləşən bu xəstəni necə soysun. Halbuki, dövlətimiz həkimlərə, tibb bacılarına ən yüksək məvacib ödəyir, imtiyazlar verir. Lakin yenə də gözləri doymur. Həkimlər tanıyıram ki, elmlər doktorudur, professordur xəstə ilə çənə-boğaz olur, həngamə çıxarır, çalışır ki, ondan daha çox pul əldə etsin. Dini kitablarımızda belələri üçün yaxşı deyilib, “vay belələrinin halına”.

İ.ƏLİYEV