Siz həmişə bizimləsiniz, Sənan müəllim...

30 Oktyabr 2021 20:12 (UTC+04:00)

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə dəyər verilə bilməz. Müəllim, hər bir insan üçün həyatda işıqlı gələcəyə yol açan, hər bir şagirdinin bilikli olması, həyatda layiqli insan kimi mövqe tutması üçün bütün bildiklərini ona ötürən nəcib varlıqdır. Bu gün haqqında danışacağım əsl müəllim kimi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində öz tələbələri üçün çıraq kimi yanan, bu dünyadan vaxtsız köçsə də, əbədi olaraq tələbə ürəyində taxt qurmuş mərhum Sənan Cəfərov kimi. Bu dünyadan köçsə də, qəlbiminin ən əziz guşəsində taxt quran Sənan müəlim...

Bir neçə il əvvəl sizinlə ilk görüşümüzdə belə bir cümlə işlətmişdiniz: “Gəlin bir-birimizlə elə münasibət saxlayaq ki, siz universiteti bitirdikdən sonra başqa bir yerdə üzləşdikdə bir-birimizin gözünə dik baxa bilək”. Əfsuslar olsun ki, sizinlə auditoriyadan kənarda göz-gözə gəlmək bizə çox nəsib olmadı amma atdığımız hər addımda, bu sahədə verdiyimiz hər qərarda sizin fikirlərinizlə göz-gözə gəlirik. Məhz sizə salam verə bilməkdən ötrü, məhz sizdən məsləhət ala bilməkdən ötrü tələbələrinizin sizi gördükdə necə həyəcanlanması, sevinməsi isə heç kəsə sirr deyil. Geridə qalan digər dərslərə həvəssiz, əlacsız qoşulsaqda yalnız sizin dərslərinizi sevə-sevə dinləmişik, ən nadinc tələbələrin belə bu dərsləri necə səbrsizliklə gözlədiyinin şahidi olmuşuq. Xasiyyətcə mülayim, təbiətcə sakit xarakterli insanın qışqırmadan, səsini qaldırmadan 30-40 nəfərlik qrupları bir baxışı ilə necə ələ alması isə ürək məsələsidir- o ürəklə ki, minlərlə tələbəyə sevgi bəxş etdiniz. Uğurlu yol tapmaq istəyən hər bir tələbə üçün ustad, övladlarına yaxşı əməlləri ilə örnək ola biləcək ata, ətrafındakılara sevgi verə biləcək insan olmaq istəyən hər kəs üçün sizin adınız daim yad ediləcək. Müəllim şama bənzər-özünü əridərək başqalarına işıq verərmiş və bu yandırdığınız işıqlar daima ruhunuz qarşısında işıqlanacaq. Son görüşümüzdə rənginiz solğunlaşmış, nəfəsiniz avazımışdı axı bütün dünyanı aydınladan qızmar günəş belə qürub edəndə saralar. Və sanki seçdiyimiz sahədə qaranlığımızı aydınladan günəş bir neçə saat sonra qürub edəcəkdi...

Kaş ki, son dəfə əlinizi sıxmaq, son dəfə sizin dərsinizə qatılmaq, son dəfə sizi dinləmək şansımız olaydı... Gedişiniz vaxtsız oldu. Və sanki varlığı ilə tələbələrinə hər şeyi öyrədən müəllim yoxluğu ilə də hər kəsə dərs verdi.

İslam peyğəmbərinin məşhur sözü var, ‘Hər kəs mənə bir hərf öyrətsə, 40 il onun köləsi olaram’ sizin bizə öyrətdiyiniz şeylərlə ömrümüzün sonuna qədər sizə qulluq etməyə hazır idik. Heyif ki, o qədər çox vaxtımız olmadı. Çox təəssüf ki, sizin öyrətdiyiniz biliklərdən istifadə edərək uğur qazandığımızı görüb qürurlanmağa ömrünüz yetmədi. Bəlkə də dərs planında yox idi amma siz bizə insanlığı da öyrədirdiniz. Ədalətli olmağı, təmənnasız yaxşılıq etməyi, çətində olana kömək etməyi, nə qədər çətin olsa da düzgün yolda qalmağı sizin simanızda gördük, yaxşı insan olmağın necə üstün bacarıq olduğunu dərk etdik.

Bunları düşünən, sizə qarşı bu qədər dərin hörmət hiss edən tək biz deyilik. Biz və bizdən əvvəlki 100-lərlə, bəlkə də 1000-lərlə tələbəyə, həyata yeni atılmış, doğrunu yanlışı hələ tam ayırd edə bilməyən bir nəslə öndərlik etdiniz, yol göstərdiniz, savad verdiniz, yeri gəldikdə arxasında durdunuz. Bu gün sizə minnətdar olan çox böyük bir kütlə var. Bu sahədə, sizinlə birbaşa əlaqəsi olan, olmayan demək olar hər kəs sizi tanıyır. Hər kəs sizinlə bağlı bir xatirəsini gülən üzlə danışır.

Hər kəs bu dünyada gəldi-gedərdir, indi olan hər kəs də bir gün gedəcək, heç kəs əbədi deyil. Lakin siz - mənim əziz müəllimim, sizinki bir çoxundan fərqli idi. Siz bu geniş kainatda kiçik bir yol qoydunuz. Hansı ki, biz də, bizdən sonra gələn nəsillər də həmişə sizi tanıyacaq, bu yolla yürüyəcək və haqqınızda xoş xatirələr danışıb sizə rəhmət oxuyacaqlar. Nur içində, rahat yatın, böyük insan.

Nihad Əfəndi