Türküstanda Beynəlxalq Animasiya Filmləri Festivalı

30 Oktyabr 2021 08:37 (UTC+04:00)

Qazaxıstanın Türküstan şəhərində oktyabrın 29-30-da ənənəvi Beynəlxalq Animasiya Filmləri Festivalı keçirilir.

SİA Qazaxıstanın Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, beynəlxalq festivalda Türkdilli və Orta Asiya ölkələrindən - Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, habelə Rusiyanın Tatarıstan və Başqırdıstan respublikalarından yerli və xarici animatorlar iştirak edirlər. Mərkəzi Asiyada böyük mədəniyyət tədbiri bu il üçüncü dəfə keçirilir.

Festival çərçivəsində aparıcı xarici animatorların ustad dərsləri və treninqləri keçirilir. Qazaxıstanlı animatorlar xarici həmkarları ilə əlaqə yarada, aktual mövzular üzrə təcrübə və fikir mübadiləsi apara biləcəklər ki, bu da türkdilli ölkələrdə animasiyanın inkişafına yeni təkan verəcək.

Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümünə təsadüf edən festivalın bu il türk dünyasının mənəvi paytaxtı - Türküstan şəhərində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Türküstan əhalisi iki gün ərzində şəhərin kinoteatrlarında Qazaxıstan və türk ölkələrinin ən yaxşı cizgi filmlərini pulsuz izləmək imkanı qazanıblar.