“Cənab Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərimizə səfəri möhtəşəm tarixi hadisədir. Bu səfər nəticəsində bir çox layihələrə imza atıldı, müəyyən infrasturukturların açılış mərasimi oldu, müəyyən layihələrin təməlqoyma mərasimi keçirildi. Dövlət başçıları həmin görüş zamanı, eyni zamanda region və dünya dövlətlərinə bir sıra mesajlar verdilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, bu səfər ilk növbədə 8 ay ərzində inşa olunaraq başa çatdırılmış Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə yadda qaldı: “Cənab Ərdoğanın öz təyyarəsi ilə həmin limana eniş etməsi elə özü bir mesajdır. Səfər ilk növbədə belə bir mesajla müşaiyət olundu ki, Türkiyə müharibə dönəmində Azərbaycanın yanında olduğu kimi, quruculuq işlərində də bizimlə birlikdədir və gələcəkdə də yanında olacaq. Bu verilən ilk mesaj idi”.
Deputat sözlərinə belə davam edib: “Hava limanının açılışı hadisəsində də müəyyən mesajlar var. Digər mesaj bundan ibarət idi ki, Türkiyə Qarabağdadır, Azərbaycandadır. Türkiyə regiondadır və həmişə də olacaq”.
“Digər məsələ də onda idi ki, dövlət başçılarımız Qarabağın hava qapılarını dünyanın üzünə açdılar. Bu çox humanist bir mesajdır və Azərbaycana dost münasibəti olan, xoş məramla gələn hər bir dövlət üçün bizim hava qapılarımız açıqdır. Bu qapıları Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin birlikdə açmaları böyük tarixi əhəmiyyət daşıyır”.
Ayşən Vəli