"Füzuli hava limanının istifadəyə verilməsi tarixi hadisədir. Bu hava limanı bütövlükdə regionun taleyində olduqca müsbət rolu olacaq bir layihədir". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, Füzuli rayonunun strateji əhəmiyyəti də çox böyükdür. Əvvəla, Füzuli aran Qarabağın qapısı sayılır. Eyni zamanda bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun logistika mərkəzi rolunu da oynaya bilər. Yəni Füzulidən həm Qarabağın rayonlarına, kəndlərinə, həm də Şərqi Zəngəzurun rayonlarına və kəndlərinə yollar var. İndi də yeni yollar çəkilir. Ola bilsin ki, Füzuli rayonu gələcəkdə burada əlaqələndirici, logistika mərkəzi rolunu da oynayacaq.
Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda gələcək planlarda Zəngəzur, ya da Qarabağ ərazisində vergilərdən azad iqtisadi zonalar yaradıla bilər. Bu bütövlükdə regionun inkişafında öz müsbət rolunu oynayacaq. Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin işə düşməsindən sonra Şərqi Zəngəzur və Qarabağ regionu bütövlükdə bölgənin diqqət mərkəzində olacaq. Həm də burada iqtisadi əlaqələrin qurulması, inkişafı, möhkəmləndirilməsi, genişləndirilməsi, turistik əlaqlərin möhkəmləndirilməsi olduqca böyük əhəmiyyətə malikdir. Füzuli hava limanının açılması eyni zamanda Qarabağa, Şərqi Zəngəzura hava yolunun açılması deməkdir. Məhz Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da həm bu hava limanının açılmasında, həm də Zəngilanda Zəngəzur dəhlizinin təməl daşlarının qoyulmasında iştirak etməsi, həmçinin, Ağalıq kəndində olması və Zəngilanda dostluq parkının açılması Türkiyə-Azərbaycan əlaqələrinin ən böyük göstəriciləridir. Həm də bölgə dövlətlərinə bir mesajdır ki, bu əməkdaşlıq uzunmüddətli bir strategiyadır və bütövlükdə bölgədə sülhün, tərəqqinin, inkişafın və dostluğun təməl daşları məhz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulur. Heç təsadüfi deyildi ki, Türkiyə prezidentini gətirən təyyarə ilk xarici dövlətin təyyarəsi olaraq Qarabağ səmasına daxil oldu. Bu da bir tarixi hadisədir. Həm də bunun bir simvolik mənası var ki, Türkiyə-Azərbaycan qardaşlıqğı təkcə yerdə deyil, həm də səmada möhtəşəmdir".