“Ermənistan öz ambisiyalarından əl çəkməlidir” – POLİTOLOQ AÇIQLADI

27 Oktyabr 2021 17:16 (UTC+04:00)

Ötən il, 44 günlük müharibənin nəticəsi olaraq noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyanat imzalandı və bununla da Rusiya faktiki olaraq Minsk Qrupundan kənarlaşaraq Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə əsas arbitr rolunu oynayacağını təsdiqlədi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, eyni zamanda, məlum məsələdir ki, üçtərəfli bəyanatın imzalanması Ermənistanın faktiki olaraq Azərbaycan qarşısında diz çökməsi idi və bu bir ilə yaxın müddət ərzində həmin bəyanatda, sənəddə göstərilən mühüm müddəalar hələ də yerinə yetirilməyib və gözləntimiz ondan ibarətdir ki, Ermənistan tez bir zamanda istər komunikasiyalarla bağlı, istər delimitasiya və demarkasiya ilə, digər məsələlərlə bağlı mövzuları mütləq şəkildə həll edəcək, bununla bağlı özündə siyasi iradə taparaq siyasi qərarlar qəbul edəcək.

“Hal-hazırda müxtəlif mənbələrdən alınan məlumatlara görə, komunikasiyaların, nəqliyyat xətlərinin açılması birmənalıdır. Söhbət həm Zəngəzur vasitəsi ilə avtomobil yolunun, həm də dəmir yolu xəttinin reallaşmasından gedir ki, erməni tərəfi, təbii ki, nəyi necə istəməsindən asılı olmayaraq Azərbaycanın tələbini bu məsələdə yerinə yetirəcək. Bununla bağlı ayrıca bir sənədin də imzalanması, orada qeydlərin aparılması gözləniləndir. Eyni zamanda təbii ki, sərhədlərin də dəqiqləşdirilməsi, delimitasiya və demarkasiya olduqca vacibdir ki, gələcəkdə Ermənistan və Azərbaycan arasındakı mümkün münaqişələrdə bölgə sığortalansın və erməni təxribatlarının qarşısı alınsın.

Həm də açıq şəkildə qeyd etmək lazımdır ki, söhbət əgər iqtisadi layihələrin reallaşmasından gedirsə, söhbət əgər yeni münasibətlər sistemindən gedirsə, o zaman Ermənistan öz ambisiyalarından əl çəkməlidir və gələcəyə baxaraq, regionun gələcəyini fikirləşməli, dənizdən dənizə kimi, Qarabağla bağlı iddialarından yekdilliklə və rəsmi şəkildə əl çəkməli və Azərbaycanın sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü tanımalıdır”, deyə politoloq Zaur Məmmədov bildirib.