İki dövlət və bir millətin sarsılmaz birliyi: Azərbaycan-Türkiyə TƏHLİL

27 Oktyabr 2021 17:00 (UTC+04:00)

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri bu gün daha da möhkəmlənib, əməkdaşlıq genişləndirilib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə yüksələn xəttlə inkişafdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. 44 günlük Vətən müharibəsində Türkiyənin qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması əlaqələrin möhkəm təməl üzərində qurulmasına söykənir. Bütün dünyaya dostluq və qardaşlıq nümunəsi olan Azərbaycan Türkiyə birliyi hər ötən gün daha da möhkəmlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan ərazilərimizə səfəri bu münasibətlərin davamlığını göstərir. Bu günlərdə Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanın açılışında, eləcə də bir sıra məkanlarda təməlqoyma mərasimlərində iştirakı qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasından xəbər verir. Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatlarla çıxış edərkən dövlətimizin başçısının bildirdiyi kimi, "Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir".

Türkiyə 44 günlük Vətən müharibəsində də böyük fəallıq göstərdi, ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. Çətin sınaq günlərində Azərbaycan ilə Türkiyənin möhkəm və etibarlı dostluğu özünü göstərmiş oldu. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi. "Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq", - deyən Azərbaycan Prezidenti bu sərmayə layihəsinin də Türkiyə və Azərbaycanın birgə layihəsi olduğunu bildirib: "Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq".

Bu gün artıq Azərbaycan Zəfər qazanımış dövlətdir. "Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq", - deyən Cənab Prezident İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib: "Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi". Bu gün işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərində də qardaş dövlət Azərbaycanın yanındadır. Azərbaycanın azad edilmiş torpaqlarında bir çox Türkiyə şirkətləri fəaliyyət göstərir. Belə ki, işğaldan azad olunan ərazilərdə yolların salınmasında, dəmir yollarının çəkilməsində və digər layihələrin görçəkləşdirilməsində öz töhfələrini verirlər. Cənab Prezidentin bildirdiyi kimi, "Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq". Dövlət başçısı Zəngəzur dəhlizi ilə də bağlı fikirlərini ifadə edib. Bildirib ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək: "Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir". Zəngəzur dəhlizinin təməlinin qoyulması Azərbaycanın növbəti tarixi qələbəsidir. Əlbəttə ki, iki dövlət arasında olan dostluq münasibətləri bütün dünyaya örnək olacaq nümunədir.

Nəzakət ƏLƏDDİNQIZI