“Kilidlərin açarı iki qardaş ölkədədir” - TƏHLİL

27 Oktyabr 2021 16:06 (UTC+04:00)

Dini bir, dili bir, milli mənsubiyyəti, adət-ənənələri bir və tarixən çox böyük bağları olan iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın getdikcə daha da yaxın olduğunu, strateji müttəfiqliyini bütün dünya müşahidə edir, heç şübhəsiz ki, bu müşahidələr də müvafiq nəticələrin hasil edilməsi üçün yetərlidir. “Bir millət iki dövlət” fəlsəfəsinə sadiqlik əlbəttə ki, diqqətdən yayınan deyil, hər zaman iki qardaş ölkənin bir yerdə olması öz növbəsində bütün dünyanın diqqət mərkəzindədir və bundan öz hesabını götürən qüvvələrin, güclərin Türkiyə və Azərbaycan rəhbərlərinin görüşlərini, bəyanatlarını diqqətlə izləməsi anlaşılandır, çünki bu görüşlər zamanı ciddi mesajlar verilir.

Hər dəfə olduğu kimi, bu dəfə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin zəngin proqramı var idi və baxmayaraq ki, bu səfər qısamüddətli oldu, səfər çərçivəsində həmin zəngin proqram tam şəkildə reallaşdırıldı. Əvvəla, qardaş ölkənin rəhbərinin səfərinin zənginliyi onun siyasi əhəmiyyətində idi və bunun öhdəsindən də məharətlə gəlindi. Çünki, görüş zamanı çox mühüm məqamlar ön plana çəkildi, diqqətə çatdırıldı, vurğulandı. Digər tərəfdən, səfərin məqsədi Bakı-Ankara strateji mövqelərinin möhkəmləndirilməsi ilə bağlı idi ki, buna da tam şəkildə nail olundu desək yanılmarıq və hər dəfə bu mövqelərin daha da möhkəmləndirilməsinin təkcə biz yox, artıq hamı yaxşıca şahidi olur. Bu səfərin ən böyük mesajı Bakı ilə Ankaranın bundan sonra daha yaxın olacağı və bölgəyə, onun təhlükəsizliyinə birgə nəzarət ediləcəyi barədə oldu. Açarların təqdim olunması da elə rəmzi mənada bunu əks etdirirdi.

Qardaş ölkənin lideri Füzuli Hava Limanına təyyarə ilə eniş etdi, bunu gerçəkləşdirdi ki, bu da özündə böyük mənaları ehtiva edir. Əvvəla, hamıdan əvvəl Türkiyə üçün bu hava limanının açıq olduğu bəyan edilir. İkincisi də, bu, hava xəttindən, hava limanından, ümumilikdə bütün yollardan birgə istifadə olunacağı anlamı daşıyır. Bu, həm də azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik komunikasiya xətlərinin, komunikasiya strukturunun mövcudluğuna hər iki ölkənin maraqlı olduğunu göstərir.

Hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana simvolik olaraq açarların təqdim edilməsinin isə tamamilə geniş mənası var və düçünürük ki, bunun mənasını hamıdan yaxşı Ermənistan tərəfi, bu işğalçı ölkəni dəstəkləyən, eləcə də havadarlıq edən qüvvələr anladılar və artıq nəticə belə çıxardıqları şübhə doğurmur. Çoxları artıq anlamaq, dərk etmək, nəticə çıxarmaq məcburiyyətində qaldılar ki, Qarabağın, ümumiyyətlə bölgənin açarı indi bu iki qardaş ölkənin əlindədir və kimsənin bura müdaxilə etməsi bundan sonra mümkün deyil.

Ümumiyyətlə, açarın kimdə olmasının böyük əhəmiyyət daşıdığı hər kəsə bəllidir. Bəllidir ki, açar ya mənsubiyyət bildirir, ya da maneəsiz gediş-gəliş imkanları deməkdir. Ən azından açarın nəyi simvolizə etdiyi heç kim üçün qaranlıq deyil. Görünür, elə dövlət başçılarına simvolik olaraq açar təqdim edilməsi də təsadüfi deyildi və bu geniş mənada bir mesajdır. Elə bir mesajdır ki, artıq yaddaşlara həkk olundu. Bildirildi ki, bu ərazilərin sahibi var və bundan sonra nə ötən əsrin sonlarında buraya soxulan işğalçılar bir də işğaldan azad edilən həmin ərazilərə soxula bilməyəcəklər, nə də onları dəstəkləyən, yeri gələndə köməklik göstərənlər, erməni havadarları vəziyyətə, həmin ərazilərdə gedən proseslərə müdaxilə etmək üçün burunlarını soxa bilməyəcəklər. Mesaj verildi ki, bundan sonra Qarabağ heç də hamı üçün açıq qapı deyil, onun da açarı yalnız iki qardaş ölkənin əlindədir.

Təbii ki, Füzuli Hava Limanında açarların iki qardaş ölkə rəhbərinə təqdim edilməsinin mənaları hələ bundan sonra çox təhlil ediləcək. Bu barədə hələ çox şərhlər ediləcəyi də təkzib edilə bilməz. Çünki, bu təqdimetmə məsələsi heç də sıradan bir addım deyildi və ola da bilməzdi. Şübhəsiz ki, bu, təkcə Ermənistanın, yaxud burada maraqları olanların deyil, bütün dünyanın nəzərinə bir sıra məqamların çatdırılması və xatırladılması idi. Əks halda, simvolik olaraq açar deyil, başqa nə isə ola bilərdi və bəllidir ki, məhz açarların iki qardaş ölkə liderlərinə təqdimatı əbəs yerə deyildi, hansıki bundan hər kəs öz hesabını artıq götürdü, nəticəsini çıxardı. Nəticələr, əlbəttə müxtəlif ola bilər, amma ən azından gəlinəcək eyni nəticə birmənalı olaraq ondan ibarətdir ki, regional məsələlərdə, məhz bu bölgədə bu zamana qədər mübahisə doğuran, eləcə də bundan sonra mübahisə doğura biləcək bütün kilidlərin açarı bundan sonra iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin əlindədir.

İki qardaş ölkə rəhbərinin iştirakı ilə Zəngəzur dəhlizinin təməli qoyuldu və bu təməlqoyma mərasimində həm Türkiyə, həm də Azərbaycan Prezidentinin birgə, bir yerdə olması özü də bölgədəki bütün kilidlərinin açarının bundan sonra məhz bizdə olmasını təsdiqləyir. Xatırladaq ki, cənab Prezident İlham Əliyyev dəmir yolu ilə yanaşı, avtomobil yolunun da Zəngəzur dəhlizinin tərkib hissəsi olması şərtini irəli sürmüşdü və indi bu şərt bir zaman bizimlə hədə dili ilə danışanlar tərəfindən, istəsələr də, istəməsələr də qəbul edilir. Doğrudur, bu zamana qədər Ermənistan tərəfi bu məsələyə qarşı çıxan bəyənatlar səsləndirir, həmin şərtlə guya razılaşmayacağını gündəmə daşıyırdı. İndi bu yolun təməlinin qoyulması onu göstərir ki, əvvəla, Ermənistan rəhbərliyi çarəsizliyini gizlətmək üçün daxili auditoriyaya hesablanan fikilər səsləndirirdisə də indi bunu da edə bilmir, digər tərəfdən, ölkə rəhbərimizin şərtlərini qəbul etməkdən başqa bu işğalçı ölkənin hansısa çarəsi belə yoxdur. Bəli, təməl qoyuldu, özü də hər iki qardaş ölkə liderinin iştirakı ilə və bu da özü-özlüyündə simvolik olan açarların hər iki dövlətin başçısına təqdim olunduğunun heç də təsadüfi olmadığını, rəmzi məna daşıdığını bir daha təsdiqlədi. Təsdiqlədi ki, bölgədə yolların da salınmasının, infrastrukturun da bərpa edilməsinin, ümumilikdə, bütün layihələrin də reallaşmasının ixtiyarı, yəni açarı məhz qardaş ölkə ilə bərabər bizim öz əlimizdədir.

Sözsüz ki, hər iki ölkə rəhbərinin verdiyi bəyanatlar təsadüfi fikirlər deyildi və hər biri özündə bir sıra məqamları əks etdirir. Əvvəla, bu, Bakı-Ankara əməkdaşlığının regional məsələlərdə, hətta dünya miqyasında belə önəmli amilə çevrilməsi deməkdir. Çünki, 30 ilə yaxın müddətdə bütün dünyanın beynəlxalq təşkilatlarının, BMT-nin belə çözə bilmədiyi kələf, işğal problemi məhz bu əməkdaşlıq sayəsində öz həllini tapdı və Türkiyənin mənəvi, siyasi dəstəyi ilə Azərbaycan ermənilərin işğal altında saxladıqları torpaqları öz gücünə işğaldan azad etdi, geri qaytardı. İndi də bütün dünya şahid olur ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Bu isə ondan xəbər verir ki, Bakı-Ankara əməkdaşlığı Zəngəzur dəhlizinin reallaşması üçün bütün imkan və vasitələrdən istifadə etmək əzmində, iqtidarındadır.

Hadisələrin ardıcıllığı təsdiq edir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələri hələ bundan sonra daha sürətlə inkişaf edəcək, məntiqi nəticə olaraq daha da dərinləşəcək, hansıki, indi bütün dünyaya verilən mesajlardan biri, bəlkə də elə birincisi budur. Heç şübhəsiz ki, bu müttəfiqlik sayəsində regionda reallaşdırılacaq bütün layihələr region ölkələri üçün iqtisadi, ticari fürsətlər yaradacaq, əlbəttə ki, bu fürsətləri İran və Gürcüstanın timsalında qonşu ölkələr düzgün dəyərləndirsələr. Bakı ilə son zamanlar yaratdığı gərginlikdən sonra əgər Tehran Zəngəzur dəhlizinə qarşı çıxırsa, bu dəhlizə qoşulub-qoşulmayacağı barədə Gürcüstan tərəddüd edirsə, bütün bunların fonunda Azərbaycan və Türkiyə Prezidentləri birlikdə bu dəhlizin təməlini qoyursa, deməli, yenə də məhz simvolik olaraq açarların bu iki qardaş ölkəyə məxsus olması öz təsdiqini tapır. Bu həm də ondan xəbər verir ki, bu işlərə qoşulma, ya da bu işlərdə iştirak birinci növbədə ərazi bütövlüyünün tanınmasından keçir. “Əgər Ermənistan Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin normallaşması üçün də bir maneə qalmayacaq”, deyən cənab Ərdoğan bununla bəyan edir ki, Ermənistanın mövqeyi onun taleyini müəyyən edəcək və öz taleyinə biganə qalmayacağı təqdirdə Ermənistan revanşist ideyalar yaymağa çalışanlara aldanmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Bəli, bölgədə yaradılan reallıqlar, məhz Azərbaycanın və Türkiyənin strateji əməkdaşlığı sayəsində ölkəmizin yaratdığı yeni reallıqlar bəzi qüvvələri narahat edir və bu açıq-aydın şəkildə görünür. Buna baxmayaraq, bölgədəki quruculuq-abadlıq işləri, bu işlərdə Azərbaycanın uğurları artıq qarşısıalınmaz proseslərdir. Kimisə narahat etməsindən, kiminsə xoşu gəlib-gəlməməsindən asılı olmayaraq Bakı-Ankara əməkdaşlığı öz sözünü deyir və Türkiyə ilə Azərbaycan öz maraqlarından çıxış edir, bölgənin açarının da məhz bu iki qardaş ölkəyə məxsus olması burada da öz təsdiqini tapır ki, simvolik olaraq açarların təqdim olunması buna işarədir.