Azərbaycan və Türkiyə birliyindən dünyaya daha bir mesaj ŞƏRH

27 Oktyabr 2021 15:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır. Son 18 il ərzində dövlət başçısının uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasına səbəb olub. Dövlət başçısının həyata keçirdiyi güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu hərb tarixində yeni səhifə olan 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

Əlbəttə ki, hərb meydanında sözünü deyən Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasından sonra bu ərazilərin abadlaşması, yenidənqurulması istiqamətində genişmiqyaslı layihələri reallaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə tezliklə yeni həyat başlanacaq. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Hər zaman Azərbaycanın yanında olan, ölkəmizə dost və qardaş ölkə Türkiyə də işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərində iştirak edir. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də həmrəylik göstərir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə bitdikdən sonra işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri və orada imzalanan Şuşa Bəyannaməsi iki qardaş, dost ölkənin əlaqələrinin möhkəm təməl üzərində qurulmasının təzahürüdür. Türkiyə Prezidentinin Füzuliyə və Zəngilana səfəri mövcud əlaqələrin davamlığının göstəricisidir. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq hava Limanında ilk rəsmi qarşılanması tarixi hadisəyə çevrildi. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş ölkənin prezidentinin iştirakı dünyaya daha bir mesaj oldu. Zəngilanın Ağalı kəndində Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış etdikləri zaman Cənab İlham Əliyevin bildirdiyi kimi, "Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır".

Müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, Vurğulamaq yerinə düşər ki, 8 ay ərzində inşa olunan Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri birgə iştirak ediblər ki, bu da yenə dövlətlərarası həmrəyliyə söykənir. Bu həm də Azərbaycan reallıqlarının dünyaya bir mesajıdır ki, ölkəmiz müharibədən sonra belə iri layihələrin icrasını uğurla reallaşdırır. Məlum olduğu kimi, Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir ki, bu da regionun nəqliyyat imkanlarının daha da genişləndirilməsinə töhfə olacaq.

Türkiyə Prezidentinin səfəri çərçivəsində bir sıra layihələrin açılışında iştirakı iki dövlətin bölgə iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də investisiya qoyuluşunda ciddi strateji əhəmiyyətli layihələrdən də xəbər verir. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaları və bu yolun tikintisində həm Azərbaycan, həm də Türkiyə şirkətlərinin birgə işləməsi istənilən anda qardaş ölkənin ölkəmizin yanında olmasının göstəricisidir. Onu da bildirək ki, ümumilikdə Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən 62 kilometr uzunluqda tunel tikilir. Cənab Prezidentin bildirdiyi kimi, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Əlbəttə ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu və ya digər mərasimlərdə birgə iştirak etməsi faktı gələcək uğurlarımıza yönəlib. Bu, ilk növbədə Azərbaycan-Türkiyə əməkdaşlığının çox yüksək səviyyədə olmasını göstərməklə yanaşı, tarixi köklərə əsaslanan dostluq və qardaşlığa bağlıdır. Vətən müharibəsi başlanan zamandan Azərbaycanın yanında olan Türkiyə bu gün də müharibədən sonrakı dövrdə işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərində dövlətimizə dəstəyini əsirgəmir.

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri