Qarabağın hava qapısı ən müasir səviyyədə inşa olunub

27 Oktyabr 2021 00:55 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib.

Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

O da qeyd olunub ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.