Baş nazirin harada olduğu məlum oldu

26 Oktyabr 2021 19:37 (UTC+04:00)

Ölkənin devrilmiş baş naziri Abdullah Hamdukun evində olduğunu bəlli olub. SİA xəbər verir ki, bu barədə Sudan Silahlı Qüvvələrinin baş komandanı Əbdülfəttah əl-Burhan jurnalistlərə söyləyib.

"Baş nazir evdə idi, ev dustaqlığında, amma qorxduq ki, yaralana bilər, ona görə də indi mənim evimdədir. Yaxşıdır, normal həyat sürür. Vəziyyət sakitləşəndən sonra öz evinə qayıda biləcək”, deyə əl-Burhan jurnalistlərə bildirib.

O əlavə edib ki, cinayət törətməkdə təqsirli bilinən saxlanılan nazirlər məhkəməyə göndəriləcək, qalanları isə azadlığa buraxılacaq. Ölkənin silahlı qüvvələrinin baş komandanının sözlərinə görə, siyasətçilər Sudanın birliyinə təhlükə hesab edildiyi üçün saxlanılıblar.

Qeyd edək ki, bir gün əvvəl Sudanın Mədəniyyət və İnformasiya Nazirliyi hərbi çevrilişə dəstək verməyən baş nazir Abdullah Hamdukun oğurlanması ilə bağlı məlumat yayıb. Siyasətçi vətəndaşları “inqilabı müdafiə etmək” üçün dinc nümayişlər keçirməyə çağırıb.

Dörd nazir və ölkənin Suveren Şurasının mülki nümayəndəsi Məhəmməd Fekinin saxlanılması da məlum olub. Hamdukun ofisi devrilmiş baş nazirin hazırda harada olduğunu bilmədiklərini bəyan edib. Dövlət televiziyası ilə çıxış edən Sudanın keçid dövrünün Suveren Şurasının sədri Əbdülfəttah əl-Burhan ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu və hökumətin buraxıldığını elan edib.