Yeni mərhələnin çağırışlarını birliyimizlə cavablandıraq

26 Oktyabr 2021 18:49 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Oktyabrın 26-da YAP Xətai rayon təşkilatı Mehdi Mehdizadə küçəsi 46 və Daşqın Səfərov 9 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, bugünkü reallıqlar dövlət başçısı İlham Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq andiçmə mərasimində söylədiyi «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram» fikrinin təsdiqidir: “O vaxtdan ötən 18 ildə qazanılan uğurlar sayəsində Azərbaycanın çoxəsrlik tarixinə parlaq səhifələr yazıldı. Arxada qalan hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni Lideri, təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən dövlət başçısı İlham Əliyev son 18 ildə möhkəm təməl üzərində Azərbaycana həm sosial, siyasi-iqtisadi və daxili siyasət, həmçinin xarici siyasət, həm də ordu quruculuğu sahəsində möhtəşəm uğurlar qazandırdı, ölkəmizi qüdrətli, sözünün imzası qədər əhəmiyyəti olan dövlətə çevirdi. Bu uğurlar 2020-ci ildə tarixi Zəfərimizə yol açdı. 44 günlük Vətən müharibəsində Qələbəmiz Azərbaycanın adını qalib ölkə, Prezident, Ali Baş Komandan İlham Əliyevi qalib Sərkərdə, ordumuzu ən güclü ordu, xalqımızı yenilməz, məğrur xalq kimi tarixə qızıl hərflərlə yazdı.”

V.Rəhimzadə Xətai rayon təşkilatının hər bir üzvünü ölkəmizin həyatında başlanan yeni mərhələdə daha fəal olmağa, hədəflərin reallaşdırılmasına öz töhfələrini verməyə, dövrün, zamanın çağırışlarını birliyimiz, həmrəyliyimizlə cavablandırmağa çağırıb.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Mehdi Mehdizadə küçəsi 46 və Daşqın Səfərov 9 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçiliblər. Elşən Salmanov Mehdi Mehdizadə küçəsi 46 ünvanında, Cabir Balayev isə Daşqın Səfərov 9 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar diləyib.