Qadın və kişi arasında qısqanclıq niyə olur? - ARAŞDIRMA

26 Oktyabr 2021 18:45 (UTC+04:00)

Güvənsizlik və ya sahiblənmədən qaynaqlanan qısqanclıq cütlüklər arasında tez-tez müşahidə olunan və bəzən ciddi problemlərə səbəb olan hadisədir. Qısqanclıq insanın dəyər verdiyi şeyə həddindən artıq sevgi və onu başqaları ilə bölüşə bilməməsidir. Qısqanclıq həddindən artıq sevginin ifadəsi kimi təsvir edilsə də, çox vaxt sevdiyini itirmək qorxusundan qaynaqlanır. Əgər insan nəyisə itirməkdən narahatdırsa, o insan qısqanclıq halını nümaiş etdirə bilər. İtirmək qorxusu olan insanın həyat yoldaşına qarşı qısqanclığı artır.

Hər ailədə söz-söhbət var. Bunu hökmən qohum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mübahisəni həmin şəxslər ikilikdə həll etsin? Axı bir sıra hallarda kənar müdaxilə “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adi, son dərəcə əhəmiyyətsiz məsələyə görə də ər-arvadın mübahisəsi günlərlə davam edə və nəhayət, ciddi şəkil ala bilər. Məsələn, ər geymək istədiyi köynəyin ütülü olmadığını görüb hirslənir və həyat yoldaşına acıqlanır. Qadın ona başqa ütülü köynəklərin olduğunu bildirir və “əgər bu gün bu köynəyi geyəcəkdinsə, qabaqcadan xəbər verəydin, başım yemək bişirməyə qarışmışdı, yoxsa onu da ütüləyəcəkdim” və s. deyir. Ər onu söz güləşdirməkdə təqsirləndirib, səsini daha da qaldırır: “Sadəcə de ki, canımı işə vermirəm”. Bu söz gənc qadına bərk təsir edir. Beləliklə, mübahisə qızışır. Köhnə məsələlər, söz-söhbətlər də xatırlanır, bir-birlərinin qohumlarının, tanış-bilişlərinin də ünvanlarına danışırlar. Əslində boş, mənasız mübahisədir, lakin qarşılıqlı münasibətlərə ləkə salır. Və üstəlik qadın mübahisəni anasına xəbər verir, ana da işə qarışır. Ağıllı ana bunun mənasız olduğunu anladacaq. Hövsələsiz, uzağı görməyən qadın-ana qızının tərəfini saxlayacaq: “Sənin işini bəyənmirsə, canı çıxsın paltarını özü ütüləsin” – deyəcək. Həyatda belə hadisələrlə azmı qarşılaşmışıq? Qızlarına bu gün nə yeyəcəyini, geyəcəyini, ərindən, qayınana-qayınatasından nə tələb edəcəyini, baldızının gözünün odunu necə alacağını öyrədən analar az deyil. Belə ixtilaflar ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələbləri gözlənilməlidir: mübahisəyə başlamamaq dalaşıb-barışmaqdan, artıq-əskik danışıb bir-birini təhqir etməkdən daha asandır. Tərəflər mübahisəyə başlamazdan əvvəl nədən narazı olduqlarını, nə istədiklərini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını vicdanla və ağıllı surətdə aydınlaşdırmalıdırlar. Bu zaman bir-birinin əhvalı nəzərə alınmalıdır.

Bir də görürsən ki, kişi özündən asılı olmadan bərk əsəbiləşir, özünü-sözünü bilmir, siqareti siqaretə calayır. Qadın isə buna məhəl qoymur, əksinə özünü daha da hökmlü aparır, cavab qaytarır. Bu hal eynilə qadının da başına gələ bilər. Qadın əsəbi olduğu vaxtda kişi təmkin göstərmək yerinə ocağa yağ tökər. Ona görə də ağıllı ər və arvad gərək özünü ələ almağı bacara. Çünki pis əhval-ruhiyyə pis məsləhətçidir.

Ailədə baş vermiş xırda məsələləri unutmaq zəruridir. İxtilaf yarandıqda gərək cütlük bir-birinə həyat yoldaşı, valideyn kimi hörmət etsin, insanlıq ləyaqətini gözləsin, qarşısındakının mənliyini təhqir etməsin, kiçilib yad adama çevrilməsin, güzəştə getsin, ən başlıcası, uşaqların yanında buna yol verməsin. İxtilaflar dağıdıcı olur və bəzən boşanma ilə nəticələnir. Vəziyyətdən ən yaxşı çıxış yolu qarşılıqlı anlaşma və səhvlərin etirafıdır. İnsanlar adətən bir-birlərini sevərək birlikdə xoşbəxt olmaq, səadətə qovuşmaq üçün ailə qurur.

Psixoloq Aytən Ələkbərova: “Ailələrdə yaranan qısqanclığa səbəblər bir neçə kriteriyalardan yarana bilir. İlkin ailədə yaranan bir vəziyyətdə öncə xanımın hamilə olası, dünyaya uşaq gətirməsi və övladına göstərdiyi diqqətlər ön planda olur, sanki bəy ikinci planda qalır. Ümumiyyətlə ailələr arasındakı psixoloji uyuşma sanki 4 ildən bir yenilənir. İlk 4 ildə uğurlu bir ailə saymaq olar ki, artıq növbəti 4 ilə imza atılır. Bəzən görürük ki, artıq 2 aydan sonra boşanmağa ərizə verən xanımlar var. Burada səbəb qısqanclıqdır. “Məndən öncə onun həyatında kimsə var idi, o mənə əvvəlki kimi diqqət ayırmır, səhər evdən çıxır və gün ərzində heç 2 dəfə də olsa məni axtarmır ki, yəni mən evdə nə edirəm, nə ilə məşğul oluram” birinci növ qısqanclıq qısqanclıq elə buradan başlayır. İkinci növ qısqanclıq təkcə kişinin bir xanıma meyl etməsindən ibarət olmur. Son vaxtlarda qısqanclıq halları bu cür olur, məsələn, iki ayın gəlinidir, ailədən üz döndərib və evdən gedib. Bəyan edir ki, mən bu evə geri dönsəm intihar edəcəyəm. Ortada olacaq səbəb isə onun mobil telefondan və sosial şəbəkədən istifadə etməsidir ki, həyat yoldaşı buna tamamilə nazarılıq göstərir. Təbii ki, biz demirik qadın hüquqlarını tapdalayaq. Demək istəyirəm ki, qadın telefondan istifadə etmək istəyirsə, kişi də buna icazə vermirsə bu qadının evdən çıxıb getməyinə dəlalət etmir. Lakin ailəyə adaptasiya olmaq şərtdir. Nişanlılıq dövrü də az olduğuna görə, ailədə mehribançılıq olsun deyə bir müddət cütlüklər bir-birilərinə hər hansısa kompromisə getməlidirlər. Ancaq baxırıq ki, bizə müraciət edən insan bunu qəbul etmir, deyir ki, “mən kölə deyiləm, mənim öz hüquqlarım var, nəyə görə mən normal olaraq telefondan və sosial şəbəkələrdən istifadə etməməliyəm?”. Baxın qısqanclığı yaradan ilkin səbəblərdən biri də budur. Təbiidir ki, biz texnologiya əsrində yaşayırıq, yaşadığımız kimi biz ondan düzgün istifadə etməyi bacarmalıyıq. Ancaq bu bizdə qısqanclığa və ailədaxili münaqişələrə gətirib çıxarırsa, deməli bizim psixoloji uyuşmamızda problemlər var. Biz öncə o problemləri həll etsək, təbii ki, biz qısqanclıqda bu qədər əziyyət çəkməyəcəyik. Digər tərəfdən qısqanclığı yaradan səbəblərdən burada artıq güvəndən və etibardan danışmayaq. Çünki, burada bir insanın digər insanı həddindən çox istəməsi onu itirmək qorxusuna gətirib çıxarır. Hətta istər xanım, istərsə də bəy tərəfdən olsun, onu öz doğma anasının evinə gedərkən belə içində bir qısqanclıq yaranır ki, onun əvəzinə mənim yanımda olardı. Görürsünüzmü ki, bu kimi müxtəlif kriteriyalardır ki, bu gün ailələrdə qısqanclığı yaradır. Ən əsas səbəb olaraq psixoloji uyuşmanən üzərində dayanırıq. Psixoloji uyuşma düzgün gedərsə, ailənin psixoloji immuniteti güclü olarsa, bu kimi qısqanclıqlar ailəni dağıda bilməz. Qısqanclıq özü də çox gözəl bir hisdir, bu o deməkdir ki, o münasibətdə sevgi, dəyər, hörmət, itirmək istəməmək mövcuddur. Əgər biz bunu bu cür qəbul etsək, bizi qısqanan insanı hər kəsdən çox sevib dəyərləndirəcəyik”.

Ekspert Aydın Xan Əbilov: “Dövrümüzdə bütün dünyada olduğu kimi Azərbaycanda da evli şəxslərin bir-birini qısqanması məsələsi böyük araşdırmalar və çoxsaylı tədqiqat mövzusu olaraq sosioloqları, cəmiyyətşünasları maraqlandırır. Bu gün də bir çox elmi-praktiki-nəzəri məsələlər yazılıb, amma qalın-qalın elmi məsələlərin yazılmasına, aparılan tədqiqatlara, sosioloqların,psixoloqların, psixoanalitiklərin məqalə və monoqrafiyalarına baxmayaraq günü-gündən bu problemin daha da kəskinləşməsi, xüsusən də, Azərbaycan kimi Qafqaz mentalitetinə malik toplumlarda bu qısqanclıq sosial-ictimai münaqişə və konfliktə çevrilib. Sosial şəbəkələrdə, internet saytlarında demək olar ki, hər gün ya qadın ya da kişi tərəfdən qısqanclıq nəticəsində qətllərin törədilməsi, bir-birinin sağlamlığına vurulan zərbələrlə bağlı məlumatları oxuyuruq. Əslində ilk baxışdan ər-arvad arasında olan qısqanclıq, boşanmalar, bir-birini müəyyən xəyanətdə günahlandırması bütün cəmiyyətə və bütün zamanlara xas olan hadisələrdir. Son vaxtlar kütləvi informasiya vasitələrinin sosial şəbəkələrdə, internetin sürətlə inkişafı bu faktların daha tez yayılması və toplumun ümumi psixologiyasına təsir etməsi və bunun adiləşməsi get-gedə kütləvi hal almasına səbəb olur. Evli cütlüklər arasında baş verən qısqanclığın bir çox səbəbləri var. Əslində biz heç vaxt bu səbəbləri araşdırmamışıq və buna meyilli də deyilik. Bizim mentalitetə görə, Azərbaycanda gəlin əgər ər evinə köçürsə onlar arasında hər hansı bir konflikt ola bilməz. Onlar ideal cütlük olmalıdırlar, qəbul olunmuş qayda-qanunlara mütləq riayət etməlidirlər. Lakin, biz əslində ailə münaqişələri, ailədaxili təzyiqlər və zorakılıqlarla bağlı faktları araştıran zaman görürük ki, ilk növbədə əsas səbəb kimi məhz bu qısqanclıq və yaxud bir tərəf xəyanət edib, digər tərəfi də xəyanətdə qısqanması məsələridir. Ər ya da arvad sosial şəbəkələrin inkişafından istifadə edib, kimlərləsə tanış olurlar və bu tanışlıqdan sonra düşünürlər ki, mən bu imkanı qazanmışamsa deməli mənim ailə qurduğum insan da belə bir xəyanətlə məni aldada bilər və bu da qısqanclığı daha da qızışdırır. Qısqanclığın əsas tərəflərindən biri də odur ki, Azətbaycan mentalitetinə görə, intim münasibətdə cinsi əlaqələr, ailədaxili konfliktlərin əsas nüvəsini təşkil etsə də bunu kiminləsə bölüşmək qəbul edilmir. Eyni zamanda insanda bir çox ümumi insani, psixoloji hallar var ki, insanlar bunu qəbul etmək istəmirlər. Ən ideal, ən gözəl münasibətdə belə adiləşmə faktları olur, yəni cütlüklər ilk üç ayı bir-biri ilə nə qədər isti münasibətdə olsalar belə üçüncü aydan sonra artıq hislərin soyuması müşahidə olunur. Əgər ailədə uşaq yoxdursa, hər iki tərəf işləyirsə və cəmiyyətin içində baş verən bir çox əxlaqi mənəviyyatla bağlı problemlər onların gözünün qabağında baş vermişdirsə əlbəttə bu da qısqanclığa aparıb çıxaran bir hal kimi götürülə bilər. Qısqanclığın digər bir məqamı da odur ki, ailədə əgər uşaq doğulmursa və yaxud da uşaq doğulduqdan sonra bu uşaq ailənin təməlini möhkəmləndirmirsə və hər iki tərəfdən adiləşmiş məlhəm münasibətlər qısqanclığı daha da alovlandırır və ilənin dağılmasına gətirib çıxarır. Əlbəttə ki, qısqanclığın sırf mental, dini və mənəvi-psixoloji tərəfi ilə yanaşı, ictimai-sosial adət-ənənələrdən irəli gələn hal kimi də qəbul etmək olar. Bilirsiniz ki, dini baxımdan qadınların öz simasından başqa hər tətəfini örtməsi məsələsi əsrlər boyu beynimizə yeridili. İndi açıq-saçıq geyinən və yaxud dəbə uyğun dizdən yuxarı qısa ətək geyinən xanımları əlbəttə ki, bəylər qısqanırlar. Xanımlar da sosial şəbəkələrdə, cəmiyyətdə, müxtəlif əyləncə mərkəzlərində, restoranlarda “göz qaşı oynayan” xanımlara da aldanmış ərlərini qısqanırlar. Bu hal ailədaxili münaqişənin və ailələrin dağılmasına aparıb çıxarır. Qısqanclığın əlbəttə ki, dərmanı yoxdur, bunu nə qədər müzakirə etsək də bu mümkün deyil. Ya avropa ölkələrindəki kimi bizdə də bir intim inqilab baş verməlidir, insanlar intim münasibətləri adiləşdirib bunu qısqanclığın əsas səbəbi kimi öz həyatlarında tətbiq etməməlidirlər, bu da hələ ki Azərbaycan cəmiyyətində mümkün deyil. Baxmayaraq ki, onun ilkin mərhələsini biz indi yaşayırıq. Ya da ki biz dini baxımdan yaşam tərzini götürməliyik, o da, mümkün deyil. Çünki, Azərbaycan həmdə Avropanın, sivil dünyanın bir hissəsidir, biz qadınlarımızı çadra içində boğa bilmərik. Kim istəyirsə ona da hörmətlə yanaşarıq. Ümumən götürdükdə isə çadranı və yaxud baş örtüyünü dəb halını ala bilmərik və dini şəriət qayda qanunları ilə cəmiyyəti idarə edə bilmərik. Bizim insanlar həmişə azad düşüncəli, qabaqcıl təfəkkürlü olub və əgər biz onları sıxışdırmağa başlasaq onlar Azərbaycan cəmiyyətini tərk edib başqa cəmiyyətlərdə yaşamağa gedərlər. Bütün bunlar məlumdur ki, illər boyu sosioloqlar, cəmiyyətşünaslar, psixoloqlar araşdırılıb amma bu problemin həllini biz hələki görmürük. Əksinə problem getdikcə aktuallaşır və artıq kriminal hallarla, ölüm halları ilə nəticələnir. Bu məsələyə cəmiyyətin və aidiyyati dövlət qurumlarının Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsindən tutmuş QHT-lərə qədər diqqəti xüsusi olmalıdır. Çünki, qısqanclıq zəminində baş verən cinayət hadisələri yeni əlilləri, psixoloji cəhətdən sarsıntılar keçirmiş xəstələri ortaya qoyur. Bunlar da dövlətin, cəmiyyətin bir yük olaraq qalırlar. Onların müalicəsi, müayinəsi və s. üstəlik olaraq əlil olaraq onlara pensiya verilməsi məsələsi də get-gedə ölkəni iqtisadi cəhətdən sarsıda bilər. Son illərdə demək olar ki, rəsmi sürətdə ictimai nikaha girənlərin 60%-i, rayon bölgələrində isə 80%-i qısqanclıq zəminində boşanmalarla nəticələnir. Problemin nə qədər aktual olduğunu məhz bu faktın özü göstərir. Hələ biz dini nigahda olanları, qeyri-qanuni münasibətdə olanları saymırıq. Ona görə də, bu məsələyə sadəcə iki fərd arasındakı bir duyğusal instinkt kimi baxmaq olmaz. Bu məsələ qabardılmış şəkildə müzakirə edilməli və bunun qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir”.

Psixoloq Vüsalə Əmiraslanova: “Cütlüklər arasında baş verən qısqanclığın əsas səbəbi evlilik öncəsi tanışlıq müddətinin az olması ilə əlaqəlidir. Ailədə hər iki tərəfin birində özgüvən əksikliyi ola bilir və yaxud keçmişdə müəyyən yaşadıqları hədisələri bir-biri ilə bölüşürlər və bu da onların yaddaşında müəyyən bir iz buraxır. Ailə quranda isə keçmişdəki hadisələr cütlüklərin ağlına tez-tez gəlir. Ümumiyyətlə qısqanclıq daha çox qadın tərəfindən olursa bu qadının özgüvəni aşağı olduqda baş verir, bu hamiləlik dönəmindəki depressiyalarla da əlaqəli ola bilir. Qadın uşaq dünyaya gətirdikdən sonra özünü əvvəlki kimi gözəl hiss etmir, özünü bəyənmir. Əgər qadın yoldaşının xəyanətini görübsə bu da artıq onun beynində bir travma yaradıb. Bu hal da gələcəkdə qadının yoldaşına qarşı həmişə qısqanc münasibət bəsləyəcək. Həmçinin kişilərdə də qadın əgər ondan yaşca çox aşağıdırsa və ya arada çox böyük yaş fərqi varsa, bundan əlavə qadını özündən daha üstün görürsə və itirmək qorxusu yaşayırsa bu da onlarda qısqanclığa səbəb ola bilir. Bəzən də kişi özgüvənini itirən vaxt düşünür ki, qadını maddi və mənəvi təmin edə bilmir. Ona görə də artıq özünün bacara bilmədiyi bəzi şeylərə görə qadına qarşı qısqanclıq hissi bəsləməyə başlayır ”.

Ruqəyya Orucova