"44 günlük müharibədə biz yanımızda Türkiyəni gördük" - ŞƏRH EDİLDİ

26 Oktyabr 2021 16:45 (UTC+04:00)

“Bu gün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutdu. Bu səfərin ən böyük əhəmiyyəti odur ki, 30 il ərzində düşmənin işğalının altında qalan torpaqlarla bağlı nüfuzlu təşkilatlar və dünyanın böyük dövlətləri heçnə etmədilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputatın sözlərinə görə, onlar əslində Azərbaycanı yox, haqqı müdafiə etmədilər: “Bu mənada Türkiyə Cümhuriyyəti Azərbaycan öz dövlət müstəqilliyini bərpa edən gündən bu günə qədər Azərbaycanın yanında olub, yanındadır və olacaq. Burada bir tarixi varislik prinsipi var. Birinci Dünya Müharibəsində Osmanlı dövləti ilə Çar Rusiyası üz-üzə idi. Biz də Çar Rusiyasının tabeçiliyində idik və Çar Rusiyasının tərəfində vuruşmalı idik. Ancaq minlərlə azərbaycanlı dil, din qardaşı olan Osmanlını müdafiə etdi. Sərhədləri gizli yollarla keçərək Osmanlı tərəfinə can atırdı. Çanaqqala döyüşündə minlərlə azərbaycanlı şəhid oldu. 1918-ci ilin may ayında Cümhuriyyət özgə torpaqda, özgə paytaxtda elan olunduqdan sonra Şaumyanın rəhbərliyi ilə yaradılan Bakı Xalq Komissarları Soveti adlı qurum vardı. Bu qurum Azərbaycan xalqına düşmən qurum idi. Ancaq bütün bunlara baxmayaraq Osmanlı dövləti Qafqaz İslam ordusunu bizim köməyimizə göndərdi. Bu ordunun mücadələsi Qazaxdan, Tovuzdan, Gəncədən başlayaraq Bakıda bitdi və Bakını düşmən qüvvələrindən azad etdi. Bakı həmin gündən Azərbaycanın paytaxtına çevrildi".

Milli Məclisin üzvü fikirlərinə davam edərək həmçinin qeyd edib ki, o zaman Qafqaz İslam ordusu Azərbaycanın azadlığı uğrunda mübarizədə 1000 nəfərdən artıq şəhid verdi: “Yəni tarix boyu Osmanlı dövlətinin Azərbaycana bu cür münasibəti, daha sonra Türkiyə Cümhuriyyətinin ilk illərində Qars müqaviləsini imzalamaqla Naxçıvanın Azərbaycanın tərkibində qalmasına nail oldu. Təsadüfi deyil ki, 2021-ci ilin iyunun 15-də Şuşa bəyannaməsi imzalanarkən Qars müqaviləsi birdaha xatırlandı. Yəni bu gün cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi dünyaya bir mesajdır. Mən və 84 milyon Türkiyə həmişə Azərbaycanın yanında olub və yanında olacaqdır. Azərbaycanın hansısa problem varsa, bu Türkiyə Cümhuriyyətinin problemidir. 44 günlük müharibədə də biz yanımızda Türkiyəni gördük. Bu mənada da Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən ilk bizi tanıyan dövlət Türkiyə dövləti olduğu kimi, 44 günlük müharibədə də Azərbaycanın yanında Türkiyə, Pakistan, Əfqanıstan və digər dövlətlər oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz haqq işi uğrunda mübarizə apardığına görə, bu dövlətlər də Azərbaycanın yanında oldu”.

Arzu Qurbanzadə