Şəhid Mirəli Hüseynovun ailəsi ziyarət olunub ANIM

26 Oktyabr 2021 16:10 (UTC+04:00)

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalının iştirakı ilə şəhid Mirəli Hüseynovun ad günü münasibətilə şəhidin ailə üzvləri ziyarət edilib. Tədbir iştirakçıları əvvəlcə şəhid Mirəli Hüseynovun yaşadığı evin yaxınlığında onun adına inşa olunmuş xatirə bulaq kompleksini şəhidin valideynlərinin iştirakı ilə ziyarət edib, şəhidin mərmər üzərində həkk edilmiş şəkli önünə qərənfillər düzərək, onun əziz xatirəsini ehtiramla anıblar. Ziyarət iştirakçıları sonra şəhidin doğulub, boya-başa çatdığı evə gedərək, ailə üzvləri və yaxın qohumları ilə görüşüblər.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhidin ailə üzvləri ilə söhbət zamanı Mirəli Hüseynovu şəxsən tanıdığını, onun vətənpərvər bir gənc, cəsur və igid bir döyüşçü kimi ad qazandığını və torpaqlarımızın erməni işğalçılarından azad edilməsində xüsusi xidmətləri olduğunu qeyd edib. Şəhidin qardaşı Mirağa Hüseynov deyib ki, qardaşı Mirəli Vətənini sevən, onun uğrunda ölməyi şərəf bilən cəsur bir oğlan idi. Füzulinin və Qubadlının işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmiş, Qubadlının yuxarı kəndlərinin qaytarılması uğrunda gedən döyüşlərdə şəhid olub.Ölümündən sonra Mirəli "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Mirəli 2021-ci ilin oktyabr ayının 28-də şəhadətə yüksəlmiş və Ağcabədi rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Görüş zamanı R.Əhmədov vurğulayıb ki, II Vətən müharibəsi dövründə minlərlə ağcabədili gənc müharibədə iştirak etmiş, 42 şəhid vermişik, yüzlərlə gənc yaralanmış və qazi adını almışdır. Övlad itkisi ağır olsa da, 44 gün davam edən müharibədə qalib gəlməyimiz yaralarımıza məlhəm oldu:"Xalq ayağa qalxaraq, ordunun arxasında durdu, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, siyasi və hərb meydanında məqsədyönlü və yorulmaz fəaliyyəti bizə Qələbə sevincini yaşatdı. Bizə Qələbəni bəxş etmiş bütün şəhidlərimizə allah rəhmət eləsin". Şəhidin atası Arif Hüseynov, anası Laləzər Hüseynova şəhid balaları Mirəlinin ad günündə onları tək qoymadıqları üçün qonaqlara təşəkkür etmiş, eyni zamanda, Ağcabədi rayon icra hakimiyyətinin onların problemlərinin həllində həmişə dəstək olduqlarını bildirmiş, şəhid ailələri və qazilərini daim diqqətdə saxladığı, onların maddi təminatının təmin etdiyi üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

ZÜMRÜD BAYRAMOVA