"Təlimlər Qətərə qarşı loyal olmayan ölkələrə bir ismarıcdır" - MÜNASİBƏT BİLDİRİLDİ

26 Oktyabr 2021 15:48 (UTC+04:00)

"Türkiyə, Pakistan və Qətərin yerləşdiyi bölgə həmçinin bizim bölgəmizdir. Regionda yeni güc mərkəzlərinin yaradılması, hərbi əməkdaşlığın formalaşdırılması prosesi gedir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu hərbi, strateji əməkdaşlığın formalaşması və dərinləşməsi prosesində həm Türkiyə, Pakistan, həm də Qətər hərbi əməkdaşlığı mövcuddur: "Qətər hərbi cəhətdən güclü dövlət deyil. Lakin iqtisadi imkanları güclü olduğuna görə, bir sıra müasir hərbi texnoloji avandalıqlara malikdir. Amma ordunun şəxsi heyətinin sayı, döyüş bacarığı təbii ki, nə Türkiyə ilə, nə də Pakistan ilə eyni tərəziyə qoyula biləcək səviyyədə deyil. Bu baxımdan bu təlim hesab edirəm ki, Qətərin regionda təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir addımdır. Bununla yanaşı həmçinin regionun digər ölkələrinə, hansı ki, Qətərə qarşı loyal olmayan ölkələrə bir ismarıcdır.

Hesab edirəm ki, Türkiyə və Pakistan Qətəri bu təlimlərə cəlb etməklə onun təhlükəsizliyinə də zamin olduğunu ətraf bölgələrə ismarıc kimi təqdim edirlər. Xüsusən də burada bəzi Avropa ölkələri, həmçinin İranı, Rusiyanı xüsusilə qeyd etmək lazımdır. Ümumilikdə Qətər Türkiyə və Pakistan üçün önəmli ölkədir. Bu baxımdan Qətərə edilən dəstək Qətərlə birgə keçirilən bu təlimlər regionun yeni çağırışlarının bir nümunəsidir. Ümumilikdə həm Türkiyə, həm Pakistan, həm də Qətər Azərbaycan üçün əhəmiyyətli ölkələrdir. Bu üç ölkənin hərbi imkanlarının güclənməsi regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından olduqca əhəmiyyətlidir".

Arzu Qurbanzadə