"Məktəbləri kənara qoymaq lazımdır" - MƏRKƏZ SƏDRİ MÖVQE BİLDİRDİ

26 Oktyabr 2021 15:31 (UTC+04:00)

"Koronavirusun artması-azalması ilə məktəblərin açılması və yaxud da bağlanması o qədər də bağlı olmadı. Biz bunu müşahidə etdik. Məktəblər bağlandı və koronavirus yenə artdı. Məktəblər açıldıqda da yoluxma artdı. Deməli, problem məktəblərin açılmasından qaynaqlanmır". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, bu baxımdan gərək məsələyə biz başqa konspektdən yanaşmalıyıq. Fikirləşməliyik ki, necə edək ki, yoluxma artmasın əksinə azalsın.

Bu barədə Ceyhun Musaoğlu fikrini belə izah edib: "Əgər məsələ məktəblər idisə bəs noldu? Məktəbləri bağlasaq da, yoluxma azalmadı. Hətta metrolar bağlandı ki, yoluxmalarda nisbətən artım azalsın. Bu da çarə etmədi. Deməli məsələ başqadır. İndi müəyyənləşdirmək lazımdır ki, virusun mahiyyətinə uyğun olaraq onunla necə davranılmalıdır.

Mən əsasən onu demək istəyirəm ki, yoluxmanın məktəblə əlaqəli olmadığını biz gördük, müşahidə etdik. Ona görə də, məktəbləri kənara qoymaq lazımdır. Məktəblərin bağlanması məsələsini gündəmə gətirmək lazım deyil. Məktəblər, universitetlər öz işlərinə normal davam etməlidir. Virusla birgə yaşamağı artıq öyrənməliyik".