Artak üçün məxsusi ianə torbası...

26 Oktyabr 2021 14:42 (UTC+04:00)

Sizi bilmirəm, amma mən o vaxt “artsax”ın yeni təyin olunuş “dövlət naziri” Artak Beqlaryan üstümüzə gəlmək ehtimalından yaman ehtiyatlanırdım. Zarafat deyil, çəlimsiz xəstəhal birinin “verdiyi bəyanatlatlar” yalan olmasın, həmin ərəfədə Qarabağdan qaçmağa imkan tapa bilməmiş bütün erməniləri “ayaqda saxlamışdı”. Deyim ki, yenə də həmin ərəfədə həmin o qaça bilməyən 5-6 erməni “dövlət naziri” Artakın “alovlu çıxışlarına” elə aludə olmuşdular ki, onlar “istəsə bir saata Bakını “götürmək” iqtidarında olan Vova Vartanov kimi bir “səhra komandirinə” tərəf belə baxmırdılar.

Hələ onu da deyim ki, həmin günlər Artakın ermənilər arasında artan nüfuzu nəinki Vova Vartanovu, hətta gül kimi ticarət işini qoyub “general mayor olmuş” Vitali Balasanyanıın da ermənilər arasındakı nüfuzuna böyük zərbə vurmuşdu.

Amma onu da etiraf etməyə məcburam ki, bizim bəxtimiz gətirdi, nə mənada? Hə, o mənada ki, ermənilər Artak Beqlaryanı “üstümüzə gəlmək” fikrindən, müvəqqəti də olsa, daşındıra bildilər. Deyirəm, nə yaxşı oldu, yoxsa, görən biz indi haradaydıq...

Amma belə görünür ki, dünya “yaxşı ermənilərdən də xali deyilmiş”. Deyilənə görə, indi həmin o “yaxşı ermənilər” “dövlət naziri” Artak Beqlaryanı neçə dəfə Amerikaya çörək dalıyca göndəriblər. ...Burada bir haşiyə çıxıb deyim ki, bu ermənilər də az bilmirlər. Əslinə baxsan, Artakın özünü yox, elə şəklini də amerikalı ermənilərə göndərmək kifayət edərdi. Çünki onun şəklinə baxan kimi, adamın ürəyi ağrayır deyə o dəqiqə ona ianə vermək üçün adam əlini cibinə salmaq istəyir. Amma belə görünür ki, ermənilər hər şeyin orjinal olmağını istəyiblər...

Beləliklə, Amerika Erməni Yevangelist Assosiasiyasının illik toplantısından sonra verilən xeyriyyə naharına özünü güclə çatdıran Artak Beqlaryanın yemək vaxtı içkisi çox düşüb deyə özünəməxsus xüsusi mesajlar verməyi də yaddan çıxarmayıb.

İlk olaraq assosiasiyanın onilliklər ərzində “artsax”a maliyyə yardımı göstərdiyini bildirən Beqlaryan, gileyindən də qalmayıb. Son illərdə bu maliyyə yardımının arasının niyə kəsildiyini sual kimi nəinki stol ətrafında oturan ermənilərə, hətta Amerikadakı bütün, dəxli yoxdur, imkanlı və imkansız ermənilərə ünvanlayıb. Bundan əlavə, “dövlət naziri” amerikalı ermənilərdən “artsax”ın bərpası və inkişafı üçün maddi yardımların daha da artırılmasını təvəqqə edib. O, həmçinin Amerikadakı ermənilərdən “artsax”ın “müstəqilliyinin beynəlxalq səviyyədə” tanınması üçün “təkan” vermələrini də xahiş edib.

Qeyd edək ki, Artakın üzünə baxıb halına acıyan Amerika Erməni Yevangelist Assosiasiyasının icraçı direktoru Zaven Xançian onun üçün ianə toplama tədbiri keçirib və yığılan ianəni qəpiyinə qədər “torbaya yığıb” məxsusi olaraq ona göndərəcəyini bildirib.

Ağasəf Babayev