“Heç nəyə nail olmayan İran öz siyasətini dəyişdi” - POLİTOLOQ MARAQLI MƏQAMLARI SADALADI

26 Oktyabr 2021 13:52 (UTC+04:00)

“İranın bu cür artıq yumşaq davranmasının bir neçə səbəbi var və bu səbəblərdən biri də geosiyasi səbəbdir ki, 44 günlük müharibənin nəticəsində regionda Türkiyənin rolu çox artdı, Rusiya öz rolunu qoruyub saxlaya bildi, İran isə necə ki, müharibədən öncə ən zəif regional ölkə idi, elə də müharibədən sonra qaldı.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq qeyd edib ki, köhnə mexanizmlərdən istifadə edərək İran regionda öz rolunu qoruyub saxlamaq istəyirdi və köhnə mexanizm dedikdə, Qarabağ ermənilərinə dəstək nəzərdə tutulurdu ki, Azərbaycan da buna qarşı çıxdı, çünki yeni geosiyasi reallıqlar yaradılıb.

“Düşünürəm ki, İranda keçmiş hakimiyyət qalsaydı böyük ehtimalla bu cür münasibətlər canlanmazdı. Çünki, onlar müharibədən sonra kifayət qədət praqmatik addımlar atdılar. İranın xarici işlər naziri Zərifin Azərbaycana səfərini, regional səfəri misal göstərmək olar. Yeni adminstrasiya güc faktorundan istifadə etmək, Azərbaycana təzyiq etmək istədi və bu alınmadı. Bu alınmadığı təqdirdə Ermənistana təzyiqlər etməyə başladı. Azərbaycana təzyiqlər gözə görünən idisə, Ermənistana təzyiqlər gözə görünməyən idi. Rəsmi xəbərlərdə də bu var idi, hətta Ermənistanın xarici işlər nazirinin Tehrana dəvət olunması da var idi.

Ermənistana qarşı təzyiqlər olduğu bir dövrdə Rusiya artıq proseslərə qoşuldu və İrana xatırlatdı ki, Ermənistanın hərbi-siyasi müttəfiqi əslində, Rusiya Fedarasiyasıdır. Bütün bu təzyiq mexanizmlərini istifadə edərək heç nəyə nail olmayan İran öz siyasətini dəyişdi və mülayimləşmə, siyasi, diplomatik yollarla məsələlərin həllini vurğuladı. Ən simvolik məqam ondan ibarətdir ki, bu günə qədər bir neçə dəfə İran xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə telefonla danışıb və bütün zənglərin təşəbbüskarı İran tərəfidir. Bu da kifayət qədər şərq məntiqinə sığır ki, münasibətləri gərginləşdirən məhz bu münasibətləri normallaşdırmaq üçün də təşəbbüs etməlidir. Yəni, hər iki təşəbbüs də bir tərəfə aid olmalıdır. Azərbaycan da bu məntiqlə həm əsassız ittihamlara layiqli cavab verdi, həm də, eyni zamanda gözləyərək İranın yumşalma siyasətinə də konstruktiv cavab verdi. Əlbəttə ki, bu, cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur”, deyə politoloq Fərhad Məmmədli bildirib.