İrəvan yaxasını kənara çəkə bilməyəcək ŞƏRH

26 Oktyabr 2021 12:22 (UTC+04:00)

Suren Surenyants: “Hakimiyyət ya sənədi imzalamaqdan imtina etməli, ya da ölkədə elə bir nəhəng etiraz dalğası qalxacaq ki, belə bir sənədin imzalaması mümkün olmasın. Lakin belə variantların da ehtimalı yoxdur”

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada mümkün üçtərəfli bəyanat imzalaması xəbərləri Ermənistanda ajiotaj yaratmaqda davam edir. Ermənistanda qütblərə ayrılan tərəflərin bir hissəsi hadisələri öz axarına buraxılmasının tərəfdarı olduqlarını desələr də, digər hissəsi əks fikirlərlə çıxışlar edirlər. Lakin elə cinahlar da var ki, növbəti çütərəfli sənədin imzalanmasının qaçılmaz olduğunu deyirlər. Daha dəqiq desək, İrəvanın bu dəfə də yaxasını kənara çəkərək prosesdən yayınacağı ehtimalının və imkanlarının olmadığını vurğulayırlar.

SİA xəbər verir ki, erməni politoloqu Suren Surenyants Sputnik Armeniya-ya açıqlamasında dövlətlərarası sərhədlərin dəqiqləşdirilməsi prosesinin İrəvan üçün ağrılı olduğunu bildirib və deyib ki, delimitasiya və demarkasiya prosesi ilə bağlı Moskvada imzalanacaq bəyanat Ermənistana heç bir üstünlük qazandırmır.

Erməni politoloqu: “Əks halda belə bir yüksək səviyyədə müvafiq bəyanat səsləndirilməzdi”

Erməni politoloqu Rusiya prezidenti Vladimir Putinin Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasındakı problemin həll edilməsinin mümkün olmayacağı, eləcə də keçmiş İttifaq respublikalarının xəritələrinin Rusiya silahlı qüvvələrinin baş qərargahında saxlanıldığı bəyanatını xatırladaraq qeyd edib ki, artıq prosesə başlanılıb. “Əks halda belə bir yüksək səviyyədə müvafiq bəyanat səsləndirilməzdi”, deyən Surenyants əlavə edib ki, hətta hakimiyyət müxtəlif səviyyələrdə bu prosesin getmədiyini nə qədər inkar etsə belə, artıq vurğulamaq olar ki, prosesə başlanılıb. O, həmçinin Aliq Media nəşrinin dərcinə də diqqət yetirərək Ermənistanla Azərbaycanın noyabrın 9-da belə bir sənədə imza atacaqlarını bildirib.

"Hakimiyyət bunu da edə bilmir"

Adıçəkilən nəşr qeyd edib ki, Moskvada iki yeni sənədə imzalar atılacaq. Birincisi baş qərargahda olan və 1920-ci ilə aid edilən sovet xəritəsi əsasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, ikincisi isə regionun kommunikasiyalarının blokadadan çıxarılması.

Erməni politoloq bildirib ki, mövcud prosesi erməni tərəfi üçün sərfedici adlandırmaq mümkün deyil və məhz İrəvan prosesin dəyişdirilməsi, yaxud dayandırılması “sızmasını” təmin edib. Ancaq hakimiyyət bunu da edə bilmir, Surenyants əminliklə deyir.

“Bunun üçün hakimiyyət ya sənədi imzalanmaqdan imtina etməli, ya da ölkədə elə bir nəhəng etiraz dalğası qalxacaq ki, belə bir sənədin imzalaması mümkün olmasın. Lakin belə variantların da ehtimalı yoxdur”, erməni pilotoloqu bildirib və dolayısı ilə İrəvanın sənədlərə imza atacağı siqnalını verib.

Rövşən RƏSULOV