"Həmsədrlərin niyyəti ədaləti dəstəkləmək olmayıb" - DEPUTAT ŞƏRH ETDİ

26 Oktyabr 2021 15:14 (UTC+04:00)

"ATƏT-in Minsk Qrupu mövcudluğunun 28 ilində fəaliyyətsiz və məntiqsiz bir missiya olduğunu özü təsdiq etdi. Çünki bu qrup yaradılanda qarşısına qoyulduğu vəzifələr dəqiq məlum idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin etməli, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına töhfə verməli idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, zaman onu göstərdi ki, Minsk Qrupunun həmsədrləri münaqişənin danışıqlar yolu ilə həll etməyində maraqlı deyil və bu qrupun fəaliyyəti formal xarakter daşıyır: "27 sentyabrda başladığımız 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Minsk Qrupunun həll etməli olduğu işi də özü görməli oldu. Həm BMT qətnamələri icra etdi, həm də müharibəni sonlandırdı. Amma müharibə dövründə Minsk Qrupunun həmsədr ölkəsiolan Fransa işğalçının tərəfini tutdu və işğalçıya dəstək verdi. Bu onu göstərdi ki, Minsk Qrupunun həmsədrlərin niyyəti ədaləti dəstəkləmək olmayıb".

Deputat sözlərinə belə davam edib: "Bu gün isə Minsk Qrupunun həmsədrləri üçün görəcək bir iş qalmamışdır və onların səsləndirdikləri təşəbbüslərini əhəmiyyətsiz hesab edirəm. Çünki, Azərbaycan qələbəyə imza atmaqla onların yenidən ruh verməyinə çalışdıqları status məsələsini birdəfəlik cəhənnəmə göndərmişdir. Minsk Qrupu Azərbaycanın yaratdığı yeni reallıqdan nəticə çıxardaraq ədalətli mövqedən çıxış etmək istəyirsə üçtərəfli bəyanatın icrasının sürətlənməsində Ermənistana təsir göstərsin. Və ya da özlərinin təklif etdiyi missiyasını yeni reallığa uyğunlaşdıraraq sərhədlərin delimitasiya və demarkasiya proseslərinin sürətlənməsinə, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınmasına və sülh müqaviləsinin imzalanmasına xidmət edən planlarını təqdim etsin. Həmsədrlərin belə planları yoxdursa və ölüyə yenidən can vermək niyyətindədirlərsə yaxşısı bizim regiona gəlməsin və heç səslərini də çıxartmasın".

Ayşən Vəli