"Azərbaycan həqiqətlərinin tanıdılması vacib şərtlərdən biridir" - ŞƏRH EDİLDİ

26 Oktyabr 2021 12:14 (UTC+04:00)

"Azərbaycan xeyli müddətdir ki, çox əhəmiyyətli, dünyəvi əhəmiyyəti olan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir ölkəyə çevirilib. Təbii ki, bu da təsadüf deyil". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda olan daxili sabitlik, stabillik, təhlükəsizlik, inkişaf, tolerantlıq, dünyaya açıqlığı buna şərait yaradır: "Bu beynəlxalq tədbirlərin keçirilməsi və tədbirləri keçirən təşkilatlar, təşkilatçılar bunun hamısını nəzərə alırlar. Təşkilatçılar tədbirlərin harada, hansı ölkədə keçiriləyəcəyini ölçüb-biçirlər. Harada lazımi səviyyəli şərait varsa, tədbir orada keçirilir. Azərbaycan üçün bu tədbirlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan dünyada tanınan bir ölkədir. Tədbirdə iştirak edən qonaqlar gəlib buraları görür, şəraiti öyrənir. Fikrimcə, ola bilər ki, tədbir iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfərləri də təşkil oluna bilər. Hətta təşkil olunmasa belə əldə olunan videomateriallar çox güman ki, qonaqlara təqdim olunacaq və həmçinin digər yazılı materiallar da təqdim olunacaq. Tədbir nəticəsində Azərbaycanın həqiqətləri ilə tanışlıq olacaq və tədbirin məqsədindən, mövzusundan asılı olaraq Azərbaycan da bu tədbirlərdən kifayət qədər bəhrələnəcək. Azərbaycanda beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi Azərbaycanımızın xeyrinə olur. Azərbaycanın tanınması üçün, Azərbaycanın dünyaya daha sürətlə inteqrasiyası üçündür. Azərbaycan həqiqətlərinin tanıdılması, yayılması burada çox vacib şərtlərdən biridir".

Abutel İlhamqızı